​İsrail Suriyaya yenə raket zərbələri endirdi, çoxsaylı tələfat var - VİDEO

Baxış sayı:
6763

Ötən gecə Suriyanı müxtəlif rayonlarında Bəşər Əsəd rejimi qüvvələrinin və onu dəstəkləyən iranyönümlü şiə qruplaşmalarının bazalarına güclü raket zərbələri endirilib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Hama şəhərindən qərbdə yerləşən 47-ci briqadanın bazasının, habelə Hələb ətrafındakı hərbi aerodromun yaxınlığındakı bazanın hədəf alındığı xəbər verilir.
Habelə partlayış səsləri Hamadan 60 kilometr şimal-şərqdə yerləşən Nahar əl-Bard bazasında da eşidilib. Orada İran hərbi qruplaşmaları da yerləşir. Xəbərlərə görə onlarla ölən və yaralanan var.
Suriya rəsmi KİV-ləri raket zərbələrinin İsrail tərəfindən endirilə biləcəyini xəbər verir. İsrail silahlı qüvvələrinin nümayəndələri bu məsələni şərh etmir.
SANA agentliyinə məlumat verən mənbə deyib ki, Hama və Hələb ətrafındakı bazalara “hava-yer” tipli raketlərlə zərbələr endirilib. Zərbələr nəticəsində Hama ətrafındakı bazada güclü yanğın baş verib. Habelə iranyönümlü “Fatimiyun” qruplaşmasının Hələb ətrafındakı bazasına zərbələr endirildiyi xəbər verilir. Bəşər Əsədin tərəfində döyüşən şiə komandirlərindən biri deyib ki, hərbi obyekt zərər çəkməyib və itki yoxdur.