İsrail politoloqları:“Yaxın Şərqdə İrana qarşı yeni alyanslar formalaşır, RUSİYA İRAN TƏHLÜKƏSİNİ TAM ŞƏKİLDƏ ANLAMIR” – Təhlil

Baxış sayı:
1138

İsrail daha təkcə ABŞ-a güvənə bilməz. O, ərəb dövlətləri arasında müttəfiqlər arayır, bu zaman Rusiyaya böyük ümidlər bəsləyir və Çini yaddan çıxarmır. Yaxın Şərq bölgəsi 2017-ci ildə dünyanın ən qaynar nöqtəsi olaraq qalıb. “Ərəb baharı”, Suriyada vətəndaş müharibəsi və İŞİD-in fəaliyyəti dünyanın bu hissəsində oyun qaydalarını, demək olar, tamamilə dəyişib və qarşıda hamının buna hələ ancaq uyğunlaşması durur.
Yeni aktorlar ön plana çıxır və qüvvələr balansı çox sürətlə dəyişilir. Hələ bu yaxınlaradək kölgədə olan müxtəlif etnik və dini qruplar getdikcə öz üzərinə daha çox rol götürür. ABŞ-ın çoxillik müttəfiqlərlə münasibətlərində çərtinliklər meydana çıxıb. Rusiya qoşunların Suriyadan çıxarılmasını bildirsə də, bölgədə iştirakını saxlayır. Və, əlbəttə, bütün tərəflər öz geopolitik iddialarının gerçəkləşməsinə şans əldə edən Türkiyə və İranın artan nüfuzuna təşvişlə baxırlar. İranın mövqeyinin güclənməsi bu gün əsas təhlükə altına aldığı israillilər birinci növbədə əndişələrini gizlətmirlər.
İsrail ekspertləri və siyasətçiləri İsrailin yeni çağırışlara necə reaksiya verəcəyi və daim dəyişən Yaxın Şərqdə onun rolunun hansı olduğu haqda “Rosbalt”a danışıblar.
 
Emmanuel Naxşon, İsrail XİN rəsmi təmsilçisi:
-Çağdaş Yaxın Şərq hərc-mərclik və qeyri-müəyyənlik dövrü yaşayır ki, bu da, şübhəsiz, başqa bölgələrə təsir edir. Yaxın Şərqin uzaqda olduğu haqda hamının əmin olduğu Qərbi Avropaya nəzər salmaq yetərlidir. Amma öz münaqişələri, problemləri və suallarıyla qəflətən birbaşa onların qapısını döyüb. Lakin  toz-duman sakitcə yatır və artıq bəzi həllərin cizgiləri görünməyə başlayıb. Xüsusən də İsraillə mötədil sünni ərəb dövlətləri birləşdirən, bir növ, strateji maraqların məcmusunun formalaşması ehtimal olunur. Mən bu cür yaxınlaşmanı ittifaq adlandırmazdım, amma bizim durumu görməyimiz və təhlükəni dərkimiz ümumidir.
Qaldı ki Suriyaya, ehtimal ki, bu ölkədə durumu sabitləşdirməyin mümkün olub-olmayacağını və ümumiyyətlə, onun necə görünəcəyini heç kim bilmir. Düşünürəm, hələlik nəticə çıxarmaq tezdir. İstənilən nəticə ola bilər. Bu gün aydın olan yeganə məsələ: Yaxın Şərq dünyanın hələ də ən təhlükəli bölgəsidir. Çox baxımdan ona görə ki, din baş aktorlardan biri kimi siyasi səhnəyə qayıdır. Dinlə siyasətin çulğaşması isə həmişə partlayıcı qatışıqdır.
Bundan başqa, əlbəttə, İsrail İranın Yaxın Şərqdə rolunun güclənməsindən son dərəcə narahat olub. Tehran bu gün bölgənin qeyri-sabit durumundan faydalanaraq Suriyada lider mövqeyi tutmağa nadir imkandan istifadə etməyə səy göstərir. Bizim şübhəmiz yoxdur ki, İranın bu ölkədə iştirakı o cümlədən İsrailə qarşı yönəlib. Və əlbəttə, biz bunu qəbul edə bilmərik. Əslində, bu, təkcə İsrailin deyil, həm də bütün dünyanın problemidir. İran özlüyündə dini fanatizmin, kütləvi qırğın silahının varlığı və böyüklük maniyasının öldürücü birləşməsini təmsil edir. Və biz düşünürük ki, Rusiya İranın potensial təhlükəsini tam şəkildə anlamır. Ona elə gəlir ki, onu nəzarətə götürə bilər, amma yekunda nəticə tam əksinə olacaq. İranın raket proqramına diqqət yetirin. İran raketləri hazırda iki min kilomertlik mənzilə malikdir, amma artıq dörd min kilometrdən çox məsafəni qət etməyi bacaran  raketlər üzərində iş aparılır. Bunlar kimə qarşı tuşlana bilər? Rusiya düşünür ki, İran – əhliləşdirilməsi mümkün pələngdir. Amma qorxuram ki, o, təlimə ram olmasın. Buna görə də ABŞ prezidenti Teodor Ruzveltin hələ XX əsrin əvvəlində söylədiyi ifadəni yada salmaq istəyirəm: “Yumşaq danış, amma əlində böyük bir dəyənək saxla”. Yaxın Şərq bölgəsində də ancaq bu prinsip üzrə sağ qalmaq olar. Xoşsifətsənsə, burada hamı düşünür ki, zəifsən. Sənə hörmət edilməsini istəyirsənsə, sərt olmaq, aydın mövqe tutmaq və etməli olacağından qorxmaq lazım deyil. Bizim dünyaya baxışımız məhz bu cürdür.
 
Eyal Zisser – professor, Təl-Əviv universiteti rektorunun müavini:
-Bu gün Yaxın Şərqdə İranla bəzi sünni dövlətlər, birinci növbədə Səudiyyə Ərəbistanı arasındakı gərginlik ilk plana çıxıb. Əsas mürtəce oyunçu İran olub. Onun mövqeyi güclənir, nüfuzu isə bütün bölgəyə yayılmağa başlayıb. Və bu heç də təkcə İsraili rahatsız etmir. Məsələn, Yəməndə şiələrlə sünnilər arasındakı ziddiyyətlər artıq başqa dövlətlərin qüvvələrinin işə salındığı vətəndaş müharibəsinə səbəb olub. Belə ki, Yaxın Şərq son dərəcə qarışıqdır və çox böyük münaqişə ehtimalı var. Əlbəttə, İsrail bunu nəzərə almalıdır. Bu cür şəraitdə təkcə ABŞ-a bel bağlaya bilmərik. İndi yeni alyansların xəritəsi formalaşır və İsrail Birləşmiş Ştatlarla ənənəvi ittifaqla başqa tərəfdaşlarla münasibətlər arasında balans tapmağa səy edir. Biz Rusiya ilə əlverişli dialoq aparmağa, habelə mötədil sünni dövlətlərlə, xüsusən də Fars körfəzi ölkələriylə təmasları qaydaya salmağa çalışırıq. Səudiyyə Ərəbistanı bu gün İran tərəfdən gerçək təhlükə hiss edir. Buna görə də demək olar ki, Tehranın özü onu İsrailə sarı itələyir.
 
Uzi Rabi – professor, Moşe Dayan adına Yaxın Şərq və Afrika Araşdırmalar Mərkəzinin direktoru:
-Yaxın Şərq son illərdə köklü şəkildə dəyişilib. XIX və ХХ əsrlərdə bu bölgədə hər şeyi onların ideyalarına uyğun gələn gerçəklik yaratmağa cəhd edən Qərb dövlətləri müəyyən edib. Amma yön dəyişilib. İndi Qərb ideologiyasının Yaxın Şərqə idxalını deyil, Yaxın Şərq ideyalarının Qərbə ixracını görürük – özü də çox vaxt mənfilərini. Qərbin təklif etdiyi və bizim bütün XX əsr boyu söykəndiyimiz əksər təməl prinsiplər bu gün şübhə altına alınıb. Çağdaş Yaxın Şərq milli dövlətlər qrupu deyil. Adamlar burada hər şeydən daha tez-tez öz ilkin eyniyyətlərinə üz tuturlar: özlərini birinci növbədə şiə, sünni, kürd, fars, türk kimi və artıq sonra bu və ya digər ölkənin vətəndaşı kimi qavrayırlar. İndi müxtəlif din və etnik qrup təmsilçilərinin harada yaşadığını anlamağa imkan verən alternativ xəritə ilə daim tutuşdurmaq lazımdır. Keçən əsrin xəritəsi yalnız çaşdıra bilər. Əslində, yeni tarazlıq və uyğunlaşmaq gərəkən yeni geopolitik mənzərə ilə işimiz var. Yəqin ki, İŞİD-i Yaxın Şərqdə tutduğu ərazilərdən tezliklə qəti şəkildə sıxşdıracaqlar. Lakin ona qədərki hər şey faktiki olaraq dağıdılıb və əvəzində İran milis dəstələri, kürdlər, sünni qruplar və s.-nin tutacağı böyük boşluq əldə etmişik. Fələstin-İsrail münaqişəsi əvvəllər bölgənin əvvəli və axırı idisə, hazırda ikinci plana keçir, çünki başqa xeyli qarşıdurma ocaqları əmələ gəlib. Çoxları indiyədək XX sərin basmaqəliblərilə düşünürlər – İsrailin bir tərəfdə, Yaxın Şərqin bütün dövlətlərinin əks tərəfdə olduğu vaxtdakı kimi. Amma bu daha belə deyil. Ərəb dövlətlərinin mühüm qismi üçün Yaxın Şərqdə ən böyük problem İran olub. Özü də bu onları İrsaillə yaxınlaşdıra biləsi məxrəcdir.
Bundan başqa, Barak Obamanın Yaxın Şərq siyasəti indi ritm verən yeni oyunçulara qapı açıb. XX əsrdə gələcək Yaxın Şərqin formalaşmasına qatılmaq istəyirdinsə, Vaşinqtona getmək lazım idi. İndi isə hansısa bir vaxtı Moskvada keçirmək gərəkdir. Rusiya ilə dialoq bu gün bizə son dərəcə önəmlidir – o cümlədən İran problemi işığında. Çini – çox böyük iqtisadi imkanları olan nəhəngi də yaddan çıxarmaq lazım gəlmir. Belə ki, bu gün təkcə bir dövlətə arxayınlaşmaq olmaz. Bizim üçün nə qədər çox qapı açılsa, bir o qədər yaxşıdır. İsrail çox uzun bir müddət ərzində sağ qalmaq siyasəti yürütməyə məcbur idi. İsraillilər iyirmi il öncə əmin idilər ki, Osloda əldə olunmuş anlaşma uzun bir münaqişənin sonunu bildirir və problemləri danışıqların gedişində həll etmək olar. Amma ikinci intifada bu ümidlərə son qoyub. Buna görə də bu gün vətəndaşlarımızı böyuük ümidlərdən qorumağa cəhd edirik. Təəssüf ki, dünya bizi tində gözləmir, deməli, kreativ şəkildə, ehtiyatla, son dərəcə məsuliyyətlə hərəkət etmək və mümkün qədər çox sayda oyunçu ilə dialoq aparmaq gərəkdir. O cümlədən ərəb ölkələri əməkdaşlığa hazır olsa, bu imkandan faydalanmaq lazımdır.
Tərcümə Strateq.az-ındır.