“İslahat zamanı öz torpaqlarını sənədlərdə gizlədiblər” – TOVUZDA TORPAQ QALMAQALI

Baxış sayı:
310

Tovuz rayonunun Ağdam kənd sakini Bağırov Nəsimi Teymur oğlu redaksiyamıza şikayət məktubu ünvanlayıb.
O, yaşadığı rayondakı əlaqədar qurumların apardığı torpaq islahatından və bu islahat sahiblərinin ədalətsiz qərarı üzündən iki qonşu kənd camaatı arasında yaranan gərginlikdən narazıdır.
Şikayətçinin dediyinə görə, yaşadığı kəndin əhalisi neçə illərdir ki, dədə-baba torpaqlarını əkib-becərə bilmir. Bunun səbəbi isə torpaq islahatı aparılan zaman edilən nöqsanlardır: “1999-cu ildə Tovuz rayonunda torpaq islahatı aparılan zaman kobud qanun pozuntularına yol verilib. Qonşu Vahidli kəndinin torpaqlarında aparılmalı olan islahat bizim Ağdam kəndinin torpaqlarında aparılıb. Nəticədə Ağdam kəndliləri özləri torpaqsız qalıb”.
Şikayətçinin dediyinə görə, yerli Aqrar İslahat Komissiyasının rəhbərləri qonşu Vahidli kəndindən olduqları üçün əllərində olan səlahiyyətlərdən öz kəndlərinin xeyirinə sui-istifadə ediblər: “Biz İcra Hakimiyyətinə sual edəndə ki, nəyə görə qonşu kəndin islahatı bizim torpaqlarda aparılmalıdır, bəs bizim camaat haranı əkib becərməlidir ? Onda belə cavab verirlər ki, 1990-cı ilə qədər Vahidli və Ağdam kəndləri "C.Ağamalıoğlu adına Sovxozda" bir olub. Bu səbəbdən də 2 kəndin islahatı qarışıq aparılıb. Bu isə bizə verilən yanlış cavabdır”.
N.Bağırov bunun səbəbini belə izah edir: “1990-cı ildə Ağdam kəndi Azərbaycan Respublikası Prezidentinin verdiyi fərmanla Vahidli sovetliyinden ayrılıb və ayrıca kənd kimi formalaşıb. Buna dair Azərbaycan Respublikası Ali Sovetinin 1990-cı il Qərarı da var. O vaxt Vahidlinin ayrı, Ağdamın da ayrıca İnzibati Ərazi Xəritələri işlənib, kənd icra nümayəndələri seçilib və ayrı-ayrı möhürləri yaradılıb. 1991-ci ildə Sovet höküməti dağılanda bütün sovxoz quruluşları avtomatik dağılıb və ləğv olunub”.
Qeyd edək ki, bu iki kəndi biri-birindən Axınca adlı çay ayırır.
Şikayətçi bildirir ki, hətta kəndlər eyni mərkəzdən idarə olunsa belə, torpaq islahatı vaxtilə birgə olduqları sovxozun nəzdində aparılmalıydı: “Bəs onda necə olur bütün Vahidli sakinlərinə Ağdam kəndinin torpaqlarında pay düşdüyü halda, bir nəfər də olsun Ağdam kənd sakininə Vahidli kəndinin ərazisində pay düşməyib?! Elə buradanca islahatın necə ədalətsiz aparıldığı bəlli olur. Digər tərəfdən isə, islahat doğrudan da birgə aparılmalıydısa, Ağdam kəndinin əhali sayı Vahidlidən çoxdur, Ağdam kəndinin 1429, Vahidlininsə 1368 sakini var, necə olla bilər ki, Ağdam kəndinin əhalisinə az torpaq, sayca az olan vahidlilərə isə çox torpaq düşür?”
Şikayətçinin dediyinə görə, əhalinin sayı torpaq islahatı zamanı nəzərə alınmalı olan ən önəmli faktordur: “Saxtakarlıq bura da ortaya çıxır. Yəni Vahidli kəndində bu işi gerçəkləşdirənlər islahat zamanı öz torpaqlarını sənədlərdə gizlədiblər.
Üçüncüsü isə, nəyə görə islahat dağılmış sovxoz quruluşunun nəzdində qoşa aparılmalıdır? Kəndlər ayrılıbsa, islahatları da ayrı aparılmalıdır. Yəni, hərəsi öz inzibati ərazisi daxilində aparılmalıydı. Əgər belə olardısa, bu gün iki kənd də bir-birilə mübahisə həddində qarşı-qarşıya gəlməzdi”.
Qonşu Vahidli kəndinin torpaq ehtiyatının Ağdam kəndinin torpaq ehtiyatından qat-qat çox olduğunu qeyd edən şikayətçi lazım gələrsə, aidiyyatı qurumların bir daha torpaqların ölçüsünü apara biləcəklərini deyir: “Torpaq bölgüsündə qanunvericiliyə zidd hərəkətlər edilib. Qanun-pozucuları prokurorluq orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunmalı halda, bu gün ortada sərbəst gəzirlər. Düzdür, 2001-ci ildə Ağdam kənd sakinlərinin şikayətləri əsasında islahat dayandırılıb və nəticələri də dondurulub. Amma Vahidli kəndinin bələdiyyə sədrinin təhrikiylə qonşu kəndin əhalisi bizim kəndinin torpaqlarından istifadədən əl çəkmək istəmir”.

Muxalifet.az

Redaksiyadan: yazıda adı çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.