İrəvanın müharibə xofu - danışıqlarla bağlı yeni anons

Baxış sayı:
5803

Azərbaycanın torpaqlarını işğaldan azad etməkdə israrlılığı düşmən ölkəni savaşdan yayınmaq üçün manevrlərə sürükləyir; Ermənistanda ABŞ-Rusiya toqquşması barədə ehtimallara ekspertdən maraqlı rəy

2019-cu ilin ilk günlərindən Qarabağla bağlı proqnozlar səslənməkdədir. Özü də bu proqnozlar beynəlxalq səviyyəli politoloqlar və ya ekspertlər tərəfindən dilə gətirilir ki, bu da daha çox diqqət çəkir. Bir neçə gün əvvəl amerikalı politoloq Pol Qoblun, onun ardınca ABŞ-ın Minsk Qrupundakı sabiq həmsədri Metyu Brayzanın Qarabağ ətrafındakı vəziyyəti şərh etməsi kifayət qədər müzakirələrə səbəb oldu.

Maraqlısı budur ki, əksər ekspertlər Rusiya-Ermənistan münasibətlərindəki gərginliyə, daha yumşaq desək, durğunluğa istinad edərək konfliktin “ölü” nöqtədən tərpənəcəyini təxmin etməkdədirlər. Rusiyanın Ermənistandan çıxmaq fikri olmasa da, Ermənistandakı antirus meyllərinin artması bəzi uzaqgedən fikirlərə yol açıb. Ancaq reallıq budur ki, İrəvan hətta tərkibində olduğu KTMT-də təklənmiş duruma düşüb. Baş katibliklə bağlı aldığı zərbənin üzərindən çox keçməmiş Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırdı. Elə eyni zamanda KTMT-nin digər üzvü Qazaxıstanda ermənilərin qətl törətməsinə görə antierməni aksiyaları başladı. Hazırda qazaxlar ermənilərin ölkədən qovulmasını tələb edirlər. Hazırda Qazaxıstandan gəlmiş operativ qrup İrəvanda danışıqlar aparır. Gümrüdə xidmət edən rus hərbçi isə erməni xadiməni qətlə yetirsə də, Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilmir, Rusiya inadla bundan imtina edir. Bütün bunlar isə Ermənistanın nə qədər rəzil günə düşməsindən irəli gəlir.

Məhz belə bir situasiyada Kremlin Ermənistan hökumətini cəzalandırmaqdan ötrü hətta Qarabağda hərbi əməliyyatlara imkan yaradacağını güman edənlər çoxalıb. Rusiya prezident administrasiyası rəhbərinin keçmiş müşaviri Qleb Pavlovski Dağlıq Qarabağda müharibənin başlaması ehtimalını istisna etməyib. Virtualaz.org xəbər verir ki, “Exo Moskvı” radiosuna müsahibəsində o, Ermənistandakı inqilab ətrafında vəziyyəti şərh edib. “Son 20-30 ildə bu kisik bir yerdə nə qədər müharibə olub. Postsovet məkanında ayrı heç bir yerdə olmayıb. Bununla yalnız Yuqoslaviyada baş verənləri müəyyən mənada müqayisə etmək olar. Çünki olmaz. Müttəfiqlərə təzyiq etmək lazım deyil, mən deyərdim... İnqilablara gəlincə... Ermənistanda bunlar az olmayıb. Olublar. Ermənistanda inqilablar olur, keçir. Aman Allah, 80-ci, 90-cı illərdə orada indiki inqilabda olduğundan daha çox adam küçələrdə idi. Bütün insanlar küçələrdə yaşayırdılar, Yerevana axışırdılar, yüz minlərlə küçələrdə dururdular. Sonra inqilab - müharibə, müharibə - inqilab. İndi də inqilab oldu, sonra da yəqin müharibə olacaq”, - o bildirib. Paşinyanın şəxsiyyətinə gəlincə, onun sözlərinə görə, Qafqazda çox məxmər olmur. “Düşünürəm ki, indi insanlar nəticə istəyəcəklər. Haradan çıxaracaq nəticələri? Heç Saakaşvili bacarmadı. Deməli, müharibə olacaq”, - o qeyd edib.

Qeyd edək ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan 2018-ci il dekabrın 27-də Moskvada səfərdə olub. Bunun üzərindən heç iki həftə keçməmiş Rusiya mətbuatının erməni hökumətinin başçısını “yaş yuyub, quru sərməsi” çox ilgincdir.

ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri, Vaşinqtonda yerləşən Dünya siyasəti institutunun professoru Pol Qobl Ermənistan mətbuatına müsahibəsində 2019-cu ildə Rusiyanın bölgədə söz sahibi olduğunu sübut etmək üçün tərəfləri yeni toqquşmalara təhrik edə biləcəyini söyləyib. Pol Qoblun fikrincə, rəsmi Moskva münaqişənin həllində maraqlı deyil. “Ona görə ki, bu zaman həm Bakı, həm də İrəvana təsir imkanlarını itirə bilər. ABŞ-ın isə münaqişəni həll etmək üçün kifayət qədər resursu yoxdur. Üstəlik, hər iki dövlətin rəhbərliyində əhalinin radikal əhval-ruhiyyəsini təmsil edən şəxslər durur” - politoloq deyib.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza isə hesab edir ki, Qarabağ münaqişəsinin həllinə müsbət yanaşmağa meyllidir. “Mən Paşinyanın Qarabağ probleminin həllində bir sıra riskli addımlar ata biləcəyini istisna etmirəm. Mən onunla şəxsən tanış deyiləm və deyə bilmərəm ki, o, konkret hansı addımlara gedə bilər. Bu, daha çox Paşinyan və prezident Əliyevin şəxsi münasibətlərinin necə olacağından və bir-birilərinə nə qədər güvənəcəklərindən asılıdır. Ona görə hələlik nəyi isə konkretləşdirmək çətindir. Amma bir şeyi dəqiq bilirəm: əgər prezidentlər Köçəryan və Sərkisyanın Qarabağ liderləri qarşısında öhdəlikləri var idisə, Paşinyanın belə öhdəliyi yoxdur və bu baxımdan o daha azaddır”, - deyə Brayza vurğulayıb.

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev deyir ki, ABŞ hökuməti bəlkə də Ermənistanı tam şəkildə öz nüfuz dairəsinə keçirməkdə o qədər də maraqlı deyil: “Bunu ancaq Rusiyanın əlindən çıxarmaq üçün edə bilər. Təbii ki, buna da Rusiya imkan verməyəcək. Çünki ABŞ-ın Ermənistana gəlişi artıq Türkiyə kimi bir NATO üzvü olan dövlətlə həmsərhəd olması deməkdir və bu da Rusiyanı qane edə bilməz və Ermənistan kimi bir bufer zonanın itirilməsi deməkdir. ABŞ çalışar ki, Dağlıq Qarabağ məsələsində həlledici qüvvə olsun və bununla həm də İrana təsir dairəsini tək səfirlik səviyyəsində deyil, həm də ərazi tərəfdən də öz xeyrinə həll etsin, nəzarəti gücləndirsin. Eyni zamanda ABŞ çalışır ki, hazırkı tərəfdaşı olan Azərbaycanla da əlaqələrini genişləndirsin. Bundan başqa, Ermənistana öz silah və hərbi vəsaitlərini satmaq arzusu ABŞ-da çoxdan var və bununla Rusiyanı bu bazardan çıxarmaq istəyir. Bu haqda regiona səfər edən Con Bolton da bildirdi”.

A.Nağıyev qeyd etdi ki, bununla bağlı cənab Pol Qobl da öz fikirlərini bildirib: “Bu fikirlərdə həqiqət çoxdur. Məlumdur ki, Dağlı Qarabağ münaqişəsinin həllində Rusiya açar fiqurdur, ATƏT-in Minsk Qrupunda təmsil edilən mühüm dövlətdir. Paşinyan hakimiyyətini bu gün maraqlandıran əsas məsələ isə iqtisadi problemlərin həllidir. Bu işdə kim ona yardım göstərsə - bu, ya Qərb, ya da Rusiya olsun, fərqi yoxdur - onunla tam olmasa da, bir yerdə olacaq. Buna görə də ən mühüm kartlardan biri də məhz Qarabağ kartıdır. Ermənilər Dağlıq Qarabağla bağlı güzəştə getmək istəmirlər və ya özlərini belə aparırlar. Rusiyaya isə inam demək olar ki, bütün maraqlı tərəflərdə azalıb, çünki bu gün Rusiya öz problemlərini həll edə bilmir”.

Ä°lgili resim

Politoloqun sözlərinə görə, Paşinyan başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həlli onun istəyi ilə olsa, özünün fiziki məhvinə də gətirə bilər: “Buna görə də 2019-cu il münaqişənin həlli ilə bağlı kuliminasiya ili ola və bu, hətta antiterror əməliyyatlarına gətirib çıxara bilər. Bunu da etmək üçün bütün regional aktorlarla müəyyən razılıqlara getmək vacibdir. Yəni bu proseslərin tənzimlənməsi tək ATƏT-in Minsk Qrupundan asılı deyil və buna gücləri də çatmaz. Erməniləri danışıqlar masasına, özü də təslimçilik masasına əyləşdirmək lazımdır, təbii ki, bu da həm səngərlər, həm diplomatik, həm də iqtisadi və siyasi təzyiqlərlə mümkündür”.

Rusiya ilə münasibətlərdəki problemlər İrəvanı daha ehtiyatlı davranmağa sövq edir. Bu arada məlum olub ki, Ermənistan Azərbaycana sərhəd danışıqları və birgə xidmət təklifini səsləndirib. Azərbaycan Silahlı Qüvvələrinin bəzi bölmələrinin Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa istiqamətlərində sərhəd qoşunlarının bölmələri ilə əvəz edilməsi situasiyaya hər hansı təsir etməyib. Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Artak Davtyan bildirib. Davtyanın dediyinə görə Azərbaycanın sərhəd qoşunlarının bölmələrinin həmin istiqamətdə yerləşdirilməsindən sonra vəziyyət nə mənfi, nə müsbət istiqamətdə dəyişməyib. O, prosesin “birtərəfli” olduğunu, Ermənistan silahlı qüvvələrinin bölmələrinin həmin istiqamətdə öz vəzifələrini yerinə yetirməkdə davam etdiyini deyib. Bununla belə Davtyan qeyd edib ki, erməni tərəfi sərhədlərin müəyyənləşdirilməsinə, habelə sərhəddə birgə xidmətin təşkil olunmasına dair Azərbaycanla mümkün danışıqları alqışlayardı. “Necə ki, bu dövlət sərhədlərində qəbul olunub”-baş qərargah rəisi deyib. Davtyan ümumən təmas xəttindəki vəziyyət haqda bildirib ki, atəşkəs rejiminə əsasən əməl olunur, gərginlik, atışmalar azalıb.

İrəvan artıq iki gündür ki, XİN başçılarının növbəti görüşünü anons edir. Rəsmi Bakı da məsələyə reaksiya verib. Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin mümkün görüşünü şərh edib. XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında əldə edilmiş razılığa əsasən növbəti görüşün tarixi və yeri barədə məlumat zamanı gəldikdə açıqlanacaq.

Xatırladaq ki, ötən ay Milanda keçirilmiş ATƏT XİN Şurasının iclası zamanı tərəflər arasında 2019-cu ilin əvvəlində görüşün keçirilməsi barədə razılığın əldə olunduğu bildirilmişdi. İrəvan hər vəchlə savaşdan yayınmağa, status-kvonu saxlayıb işğalı davam etdirməyə çalışır.