İraqda “Həşdi Şabi” hərbi-siyasi qüvvəyə çevrilmək yolunda

Baxış sayı:
590

İraqın ikinci ordusu yeni seçki bloku yaradaraq siyasətə atılır; ikinci Hizbullah İraqda yaranır

2014-cü ildə İraqda İŞİD-in hücumlarına qarşı müdafiə məqsədilə yaradılmış “Həşdi Şabi” ordusu siyasətə daxil olur. 2016-cı ilin sonlarında parlament tərəfindən ölkənin ikinci rəsmi ordusu statusu alan qruplaşma parlament seçkilərinə qatılacaq. Daha dəqiqi, “Həşdi Şabi”yə daxil olan bir neçə qruplaşma birləşərək “Əl-Fəth” adlı seçki koalisiyası yaradıb.
Yeni seçki koalisiyasının lideri “Həşdi Şabi”nin nüfuzlu komandirlərindən olan, “Bədr ordusu” birləşməsinin komandiri Hadi əl-Amiri seçilib. Bu barədə “Rudaw” telekanalına Ədalət və Birlik Partiyasının baş katibi Əmir Fayiz məlumat verib. “Əl-Fəth” koalisiyasına “Həşdi Şabi”yə daxil olan bir neçə hərbi-siyasi qrup, o cümlədən 15 partiya qatılıb. Koalisiyada həmçinin nüfuzlu sünni siyasət-hərbi xadim, İraqın keçmiş müdafiə naziri Xalid əl-Ubeydi də var. Son məlumatlara görə, İraqın nüfuzlu dini-siyasi xadimlərindən olan və İraq Ali İslam Şurasının lideri Əmmar əl-Həkim, “Əsaib əhli əl-Haqq” qruplaşmasının lideri Qeys əl-Xəzali də yeni koalisiyaya qoşulub.
 
Qeyd edək ki, İraqın hazırkı baş naziri Heydər əl-İbadi seçkilərə “ən-Nasr” koalisiyası ilə qatılacaq. Ancaq bəzi məlumatlara görə, seçkilər ərəfəsində ən-Nasr və əl-Fəth koalisiyaları birləşə bilər. Bu isə seçkilərdə nəhəng siyasi koalisiyanın yaranması və iqtidara sahiblənməsi deməkdir. Məsələ ondadır ki, İraqda Amerika işğalından sonra 2005-ci ildə ilk seçkilər keçirilib və parlament idarəçiliyinə əsaslanan hökumət qurulub. O zamandan bu yana İraqda prezident kürd siyasətçi. Baş nazir şiə, məclis sədri isə sünni siyasətçilərdən seçilir. Analoji bölgü Livanda mövcuddur. Livanda prezident maruni xristian, baş nazir sünni siyasətçi, məclis sədri isə şiə siyasətçilər arasından seçilir. Bu da daha çox etnik-dini qrupların ölkə siyasətindəki gücü və sayları ilə mütənasibdir. 
İraqda ötən müddətdə iki parlament seçkisi olub - 2010 və 2014-cü illərdə. Və hər iki seçkidən sonra siyasi partiya çoxluğu əldə olunmadığı üçün uzun müddət hökumət koalisiyası qurmaq mümkün olmayıb. İndi isə böyük koalisiyalar qurulur və görünən odur ki, iraqlı siyasətçilər ölkədə yeni hökumət böhranları və onların doğuracağı nəticələrə qarşı qabaqlayıcı addımlar atırlar.
 
Ancaq maraqlıdır ki, “Həşdi Şabi”nin siyasətə və seçkilərə qatılmayacağı daha əvvəl bəyan olunmuşdu. Hətta İraq baş naziri xüsusi fərman imzalayaraq ordu mənsublarının seçkilərə qatılacağı təqdirdə ordudan çıxmalı olduğunu rəsmiləşdirib. “Həşdi Şabi” isə İraqın ikinci rəsmi ordusudur, formal olaraq baş nazirin hərbi təhlükəsizlik məsələləri üzrə müşavirinə tabedir. Ancaq indi “Həşdi Şabi”nin ən güclü komandirləri artıq seçki koalisiyası qurur. Doğrudur, Hadi əl-Amiri, Mehdi Mühəndis (“Həşdi Şabi”nin əməliyyat komandiri - K.R.) də daxil olmaqla, bir çox komandirləri deputat və hətta nazir postlarında təmsil olunub. Ancaq görünən odur ki, baş nazirin əmrindən sonra hansısa gizli bir razılaşma olub.
Bəzi mənbələrin məlumatına görə, İraqda “Həşdi Şabi”nin ümumi olaraq 300 min nəfər üzvü var. 136 min nəfər aktiv hərbi qüvvələrə sahibdir. İraq və qismən Suriya ərazisində hərbi əməliyyatlarda iştirak edən “Həşdi Şabi” İraq silahlı qüvvələrinin əsas zərbə gücünü təşkil edir. Yüksək səviyyədə silahlanıb, ciddi döyüş-əməliyyat təcrübəsi var. Ancaq indi bu qruplaşmanın siyasətə - seçkilərə qatılması yeni situasiyadan xəbər verir.
Məsələ burasındadır ki, “Həşdi Şabi” koalisiyası seçkilərə qatılacağı təqdirdə İraq parlamentində, yəni siyasətdə və hökumətdə təmsil olunmaq deməkdir. Çünki ilkin analizlər də göstərir ki, ən pis halda “Həşdi Şabi” koalisiyası (əl-Fəth) hökumət ortağı olacaq. Yəni bu ilin sonunda artıq İraq hökumətində “Həşdi Şabi” nümayəndələrini də görə biləcəyik. Bu isə İraqda yeni hərbi-siyasi gücün ortaya çıxmasının ilk işarəsidir. Bunun ən yaxın örnəyi isə Livandakı Hizbullahdır.
Bəlli olduğu kimi, Livan Hizbullahı həm hazırkı Livan parlamentində, həm də hökumətdə yerə sahibdir. Ölkə siyasətinə ciddi təsir imkanları var. Gedişat belə davam edəcəyi təqdirdə “Həşdi Şabi” yaxın illərdə ikinci Hizbullah olaraq ortaya çıxacaq. Əgər buna qədər İraq təhlükəsizliyi və müdafiəsi bu qruplaşma vasitəsilə möhkəmləndirilirdisə, indi artıq siyasi olaraq dövlətin əsas dayağına çevrilmək iddiasında olacaq. Bu isə dövlət təhlükəsizliyi xeyli dərəcədə kövrək və xarici təsirlərin çox güclü olduğu İraq üçün vacibdir./musavat.com/