​İranın baş Prokuroru iğtişaşların təşkilatıçısının adını açıqladı – “Ayətullah Mayk” etirazları necə təşkil edib? – AÇIQLAMA

Baxış sayı:
4199

“İrandakı son iğtişaşlar planının əsas dizayneri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin terrorizmlə mübarizə üzrə departamentinin sabiq rəsmisi Maykl Andreadır”.
Muxalifət.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri dünən Qum şəhərindəki çıxışı zamanı deyib. Müntəziri bu planın adını "Nəticəli həmrəylik doktrinası" adlandırıb və əlavə edib: “Əldə olunan məlumatlara əsasən, bu əməliyyat mərkəzi ötən illər ərzində apardığı araşdırmalarla İranda "bahalığa yox", "qəbzlərin ödənilməsinə yox", "əmlakını itirmiş və təqaüdçülərin hərəkatı" adı altında etiraz hərəkatları yaradıb”.
İranın baş prokuroru bildirib ki, son iğtişaşlar ABŞ, İsrail və Səudiyyə “üçlüyü” tərəfindən təşkil olunub.
Bəs Maykl Andrea kimdir?
Xatırladaq ki, ötən ilin yayında Prezident Donald Tramp Maykl D'Andreanı Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) İran bölməsinə rəhbər təyin edib.
O vaxtdan bu yana bütün gözlər bir anda CIA-nın indiyədək ən sirli xəfiyyələrindən biri sayılan Maykl D'Andreaya zillənib. Bu şəxsin filmlərə ilham qaynağı olan CIA-dəki karyera hekayəti və "uğurları", künc yazılarını və media sütunlarını bəzəyib. Ən çox önə çıxarılan xüsusiyyətləri isə 2011-ci ildə "əl-Qaidə" lideri Üsamə bin Ladenin öldürüldüyü əməliyyatdakı rolu, 2008-ci ildə Livan "Hizbullah"ının lideri İmad Muğniyəyə qarşı Dəməşqdə sui-qəsdi planlanlaşdırması, CIA-da "qara şahzadə", "Ayətullah Mayk" və "cənazə ləvazımatçısı" kimi xatırlanması, istirahət edərkən belə beyninin çalışması, siqaret asılılığı və bəlkə də ən maraqlısı və də paradoksal olanı, sirli eşq hekayəti ilə – yaxın şərqli müsəlman bir qadınla evlənməsi nəticəsində İslam dinini qəbul etməsidir.
Maykl D'Andrea da Əfqanıstan, Pakistan və Yəməndə reallaşdırdığı, yüzlərlə vətəndaşın də ölümünə səbəb olan bu cür gizli əməliyyatlardakı rolu və s. ilə məşhurlaşmış və CIA-dakı karyerasında pillələri sürətlə yuxarı qalxmışdı. Gizli əməliyyatlardakı mütəxəssisliyinə əlavə, 2006-cı ildə CIA-nın Terrorla Mübarizə Departamentinə rəhbərlik etdiyi dövrdə qazandığı təcrübə, yeni dövrdə D'Andreanın CIA üçün ideal kəşfiyyatçı profilinə uyğun olmasını təmin edir./strateq/