İrandan gətirilən qaymağın içindən tiryək çıxdı - MƏHKƏMƏ ZALINDAN

Baxış sayı:
7663

Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan Nuri Rauf Məlikşah və Arif İsgəndərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə şahid qismində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru Novruz Mahmudov ifadə verib.
Şahid, təqsirləndirilən Arif İsgəndərovu tanıdığını deyib: "Əməkdaşlarımız onun üzərinə baxış keçirərkən dedi ki, qaymaqdır. Amma məlum oldu ki, qaymaq deyil tiryəkdir. Bu adam dedi ki, mal onun yox, İrandan birlikdə gəldiyi başqa şəxsindir”.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunan Elçin Kərimov şahid qismində ifadə verib. “Karqo” şirkəti olduğunu deyən şahid təqsirləndirilən şəxslərin hər ikisini tanıdığını deyib: "Mənim “karqo” şirkətim var idi. Sonra işlər bağlandı. Raufla mən qonşu idik. Arif də mənim sürücüm idi. Karqomdakı maşınlardan birini sürürdü. Rauf ev tikdirirdi deyə, İrandan əşyalar alacaqdı. Mən də Arifi göndərdim ki, İrandakı müştərilərlə danışsın. Biz yenidən işə başlamaq istəyirdik. Onlar birlikdə İrana getdilər. Bakıya qayıdanda Rauf mənə zəng elədi ki, Arifi tutublar. Çantasında da narkotik olub. Sonra biz Raufla danışdıq. Görüşəndə mənə dedi ki, çantanı ona İranda veriblər. Rauf da aeroportda Arifə verib".
Şahid həbs olunmasının səbəbi haqda da danışıb. İfadəsində bildirib ki, bir neçə gün əvvəl narkotik ittihamı ilə həbs edilib. Özünü təqsirli bilməyən Kərimov qeyd edib ki, Nərimanov rayonu ərazisində olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb: "Dedilər ki, üzərində narkotik var. Həmin narkotiki də başqa şəxsə aparmaq istədiyimi dedilər. Bundan sonra da məni tutdular. Amma bu işdə heç bir günahım yoxdur".
Məhkəmə prosesi martın 29-da davam edəcək.
Təqsirləndirilən Arif İsgəndərov əvvəlki prosesdəki ifadəsində deyib ki, Rauf Nuri ilə İrandan qayıdan zaman onun yüklərinə kömək edib. Rauf Nuri ona sellofanda qaymaq olduğunu deyib. Amma hava limanında narkotik aşkar edilib.
A.İsgəndərovun xanımı Gülnar İsgəndərova şahid qismində ifadə verərkən Rauf Nurinin onların evlərinə gələrək bu işdə Arifin də, özünün də günahsız olduğunu deyib: "Rauf deyirdi ki, nə qədər istəsə pul verəcək, 500 min təklif edirdi. Deyirdi ki, obyektləri var. Hansına barmağımı qoysam, bizə verəcək. Təki bu işdə adı çəkilməsin. Arifi azadlığa çıxaracağını deyirdi".
G.İsgəndərova həyat yoldaşının azadlığa çıxmadığını görüb və Gömrük Komitəsinə müraciət edib. Müraciətində deyib ki, Rauf onlara susmaq üçün pul təklif edir. Gömrük əməkdaşlarının istəyi ilə, G.İsgəndərova Rauf Nuriyə zəng edib 3 min manat istəyib. 3 gün izlənilən Rauf Nuri pulu gətirən zaman saxlanılıb.
Təqsirləndirilən R.Nuri məhkəmədə A.İsgəndərovun günahsız olduğunu deyib. Bildirib ki, İran vətəndaşı olan Hüseyn adlı şəxs ona pay kimi qaymaq verib, qaymağın içərisində narkotik olduğunu bilməyib.
Xatırladaq ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin gömrük sərhədindən, gömrük nəzarətindən gizli keçirilməsinin qarşısının alınması ilə bağlı məlumat yaymışdı.
Gömrük Komitəsindən verilən məlumata görə, Tehran-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı İsgəndərov Arif Zərqulu oğlu gömrük nəzarətindən keçərkən onun əl yükü rentgen aparatında yoxlanılıb. Bu zaman monitorda əks olunan təsvirlər gömrük nəzarətindən gizlədilmiş malların olması barədə əsaslı şübhələr yaradıb.
Bu səbəbdən yükün içərisindəki ərzaq mallarının arasında olan ağzı yapışqanla bağlı 3 ədəd qaymaq və 1 ədəd pendir qutularına vizual baxış keçirilib. Nəticədə, qutuların hər birində kəskin iyə malik, qəhvəyi rəngli, islanmış vəziyyətdə olan narkotik vasitəyə oxşar maddə aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, cəmi dörd qutuda aşkar olunan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və ümumi təmiz çəkisi 1 kq 20 qram təşkil edir. Bu hadisədən 7 gün sonra isə Rauf Nuri saxlanılıb./Virtualaz