“İranda SOSİAL ETİRAZLAR genişlənə bilər” - POLİTOLOQ

Baxış sayı:
10618

Qabil Hüseynli:“Həsən Ruhani siyasi reallıqdan uzaq danışır”

ABŞ 5 noyabr, səhər saat 8-dən etibarən İrana qarşı sanksiyaların ikinci hissəsini tətbiq etməyə başladı. Xatırladaq ki, bu sanksiyalar enerji, maliyyə və gəmi nəqliyyatını əhatə edir. ABŞ Maliyyə Nazirliyinin məlumatlarına görə, 5 noyabrdan başlayacaq sanksiyalar 6 maddədən ibarətdir.
Maddələrin başında İranın liman operatorları, yük və gəmiqayırma sektoru durur. Sanksiyalar İran İslam Respublikasının Gəmiçilik xətləri, Cənubi Gəmiçilik xətti və əlaqədar təşkilatlar kimi şirkətləri əhatə edir.
ABŞ sanksiyasının ikinci maddəsi neftlə bağlı əməliyyatlardır. İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla, sanksiyalar İrandan neft, neft məhsulları və ya neft-kimya məhsullarının alınmasına beynəlxalq məhdudiyyət qoyur.
Sanksiyaların digər bir hədəfi isə xarici maliyyə qurumlarının İran Mərkəzi Bankı və müəyyən İran maliyyə qurumları ilə əməliyyatlarıdır ki, burada da 4-cü maddə İran Mərkəzi Bankına və bəzi İran maliyyə institutlarına maliyyə mesajlarının göndərilməsinin qarşısını alır.
İrana qarşı sanksiyaların 5 və 6-cı maddələrində isə vasitəçilik və sığorta şirkətləri ilə İran enerji sektoruna məhdudiyyətlər qoyur.
Digər tərəfdən ABŞ-ın maliyyə nazirliyi Steven Mnuchin, dünən etdiyi açıqlamada, sanksiya çərçivəsində 700-dən çox İranlı şəxs və təşkilatların da qara siyahıya əlavə olunacağını söyləyib.
Qeyd edək ki, yeni sanksiyalara əsasən, İranla neft ticarəti və digər sahələrdə ticarət əlaqəsi quran ölkələr də ABŞ sanksiyalarına məruz qalır.
İranla neft ticarəti və digər sahələrdə ticarət əlaqəsi quran ölkələrin də ABŞ sanksiyalarına məruz qalmasına rəğmən, ABŞ hələlik bu istiqamətdə Tehranla ticarət həyata keçirən 8 ölkəyə güzəşt tətbiq edib. Bu ölkələrə İrandan neft idxalını əhəmiyyətli şəkildə azaltmaları üçün gələn ilin ortalarına qədər vaxt verilib. Maraqlıdır ki, Tehranla ticarət həyata keçirən 8 ölkə gələn ilin ortalarına qədər İrandan neft idxalını əhəmiyyətli şəkildə azalda biləcəklər? Əlbəttə, bu, özü də çətin məsələdir. Çünki dünyada üçüncü ən böyük neft ehtiyatı olan İranın 1,4 milyon barrel neftini Çin və Hindistan alır ki, bu ölkələrin İran neftindən imtina etməsi mümkün görünmür. O cümlədən də İrandan neft idxal edən Yaponiya, Cənubi Koreya, Türkiyə və Avropa Birliyi ölkələri çox çətin ki, gələn ilin ortalarına qədər əhəmiyyətli şəkildə neft idaxalını azaltsınlar.
Amma bütün hallarda enerji, maliyyə və gəmi nəqliyyatını əhatə edən bu sanksiyalar İran iqtisadiyyatına böyük zərbə vuracaq. İrana neft satışına qoyulan məhdudiyyətlərə görə ölkəyə milyardlarla az vəsait daxil olacaq. Həm neft satışından az vəsait daxil oldğuna, həm də maliyyə sahəsinə də sanksiya tətbiq olunduğuna görə İran rialı da qarşıdakı aylarda ciddi dəyər itirə bilər. Bu isə ölkədə sosial böhranın daha da dərinləşməsi, hətta hadisələrin siyasiləşməsi ilə də nəticələnə bilər.
Bu səbəbdən də artıq ABŞ-ın İrana tətbiq etdiyi ikinci mərhələ sanksiya qərarı İranda etirazla qarşılanıb. Belə ki, dünən səhər başlayan sanksiyalar haqqında danışan İran prezidenti Həsən Ruhani dövlət televiziyasında yayımlanan çıxışında İranın neftini satacağını və ABŞ tərəfindən tətbiq olunan sanksiyaları qıracaqlarını deyib. Əslində, İran prezidenti Həsən Ruhani və yaxud digər İran rəsmiləri İranın sözdə də olsa gücünü göstərmək üçün bu cür bəyanatlar verməlidirlər və verirlər də. H. Ruhani ABŞ tərəfindən tətbiq olunan sanksiyaları qıracaqlarını desə də, reallıq odur ki, hələ ABŞ-ın birinci sanksiya qərarından sonra gündəlik 2,87 milyon barrel neft hasil edən İran sentyabr ayının göstəricilərinə əsasən, neft ixracı 970 min barel, yəni 34% azalıb. Təbii ki, İranın neft bazarında sıxışdırılması digər neft ixrac edən ölkələr üçün böyük imkan deməkdir. Bu sırada Rusiya başda olmaqla, Səudiyyə Ərəbistanı və digər neft ixrac edən ölkələr gəlir.
İran İnqilab Keşikçiləri Qvardiyası da (SEPAH) ABŞ-ın İrana qarşı nəzərdə tutduğu sanksiyaların tətbiqinə dair bəyanat yayıb. Bəyanatda sanksiyalara görə ABŞ-a kəskin etiraz edilib. Bəyanatda deyilir: “Amerika imperializminin çökməsi qaçınılmaz reallıqdır. ABŞ və İran arasında 40 ildir davam edən meydan oxuma bir yandan İranın nüfuzunu göstərdiyi halda, digər yandan bu, ABŞ-ın çökməyə başlamasını göstərir”.
SEPAH da ABŞ-ın İrana qarşı nəzərdə tutduğu sanksiyaların tətbiqinə dair bəyanat yaysa da və ABŞ-ın İrana 40 ildir davam edən meydan oxumasını İranın nüfuzu, digər yandan bunu ABŞ-ın çökməyə başlaması kimi göstərməsi mənasız bir bəyanatdır. ABŞ-la az qala bütün dünya dövlətləri hesablaşdığı halda, ABŞ-ın İrana qarşı sanskiya tətbiq etməsini onun çökməsi ilə izah etmək özü belə gülüncdür. ABŞ-ın dünya iqtisadiyyatında rolu böyük olmasa istədiyi vaxtı dolların kursuna təsir etməzdi. O baxımdan, bu cür bəyanatla SEPAH özünə təsəlli verir.
Qeyd edək ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaların icrasına başladığı gün də təsadüfu müəyyən olunmayıb. Çünki 4 noyabr 1979-cu ildə islam inqilabçılarının Tehranda ABŞ səfirliyini ələ keçirməsinin 39-cu ildönümüdür. Bunu İslam inqilabçılarının Tehranda ABŞ səfirliyini ələ keçirməsinə qarşılıq verilməsi kimi izah etmək olar. Yəni siz 4 noyabr günü Tehranda ABŞ səfirliyini ələ keçirmisiniz, biz də buna görə həmin gün İran hökumətinə ağır zərbə vururuq.

“İranın bəzi bölglərində sosial partlayışlar başlayıb”

ABŞ-ın İrana qarşı nəzərdə tutduğu sanksiyaların ikinci mərhələsinin tətbiq olunması ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, İranı çətin günlər gözləyir: “Artıq məndə olan məlumata görə, İranın bəzi bölglərində sosial partlayışlar başlayıb. İranı gözləyən sosial etirazların genişlənməsidir. Bu sosial partlayışlar genişlənərsə, mövcud teokratik rejimin dağılmasına da gətirib çıxara bilər. Çünki ölkədə bütün xalqlar ərəblər, azərbaycanlılar, türkmənlər ayaq üstədir. Ona görə ki, narazıdırlar”.

“SEPAH-ın dedikləri də cəfəngiyyatdır”

“Həsən Ruhani siyasi reallıqdan uzaq danışır. Danışdıqlarının çoxu da cəfəngiyyatdır. SEPAH-ın dedikləri də cəfəngiyyatdır. Amerika niyə çökür? Amerika ətrafında böyük koalisiya yaradıb və istədiyi hədəfləri həyata keçirir və bu cür yorum düzgün yorum deyil”,- deyə politoloq qeyd etdi.

“Ruhani də, Xamneyi də çox sərt mövqe tutdu”

Q. Hüseynli hesab edir ki, İran tərəfi danışıqlara getsəydi, bundan İran xalqı daha çox qazanardı: “Amma Ruhani də, Xamneyi də çox sərt mövqe tutdu, danışıqlardan imtina etdilər və nəticə etibarilə indi belə bir vəziyyətə gəlib çatıblar”.
Şamo EMİN, Hurriyyet.org