İran Trampın cavabını verdi: “Siz bizi yox edə bilməzsiniz”

Baxış sayı:
2692

İranın Xarici İşlər naziri Cavad Zərif paytaxt Tehranda CNN müxbirinin verdiyi ABŞ prezidenti Trampın "İranı yox edərik" təhdidinə münasibət bildirib.
 
Trampın İran haqqında "qəti olaraq yanıldığını" söyləyən Zərif, "ABŞ İranı yox edəcək səviyyədə deyil. Qadağan edilmiş silahlardan (kütləvi qırğın silahları) istifadə etmədən bunu edəcək imkanları yoxdur" deyə söyləyib.
İranın hər hansı bir hücuma qarşı hazırlıqlı olduğunu ifadə edən Zərif, "Biz müharibə və ya qarşıdurma istəmirik. Prezident Tramp, 18-ci əsrdə yaşamadığımızı və BMT Anlaşmasına görə, müharibə təhdidlərinin qeyri-qanuni olduğunu xatırlamalıdır" deyib.
ABŞ-ın son həftələrdəki hərəkətlərinin "təxribat" olduğunu qeyd edən Zərif, xüsusilə, İran lideri Ayetullah Əli Xamneyiyə sanksiya qərarını bütün İran xalqına yönəlik təhqir qəbul etdiklərini vurğulayıb.
Zərif Tehranın nüvə razılaşmasındakı təəhhüdlərini mərhələli olaraq dayandırma qərarı ilə bağlı isə, "İran nüvə razılaşması və BMT Təhlükəsizlik Şurasının 2231 nömrəli qərarında zəmanət altına alınmış haqlarını istifadə edir" deyib.
Qeyd edək ki, ABŞ prezidenti Tramp dünən Twitter hesabından etdiyi açıqlamada, "İran tərəfindən Amerikan hərbi ünsürlərinə ediləcək hər hansı bir hücum böyük və əzici bir güclə qarşılıq tapacaq. Bəzi sahələrdə əzici 'yox edici' mənasına gələ bilər" deyə təhdid etmişdi.
Müxalifət.az