İran Kürdüstan Muxtariyyəti ilə sərhəddə hərbi təlimə başladı

Bu gün İran İslam İnqilabını Mühafizə Korpusu ölkənin şimal-qərbində, İraqla sərhəddə geniş miqyaslı təlimə başlayıb.
 
Bu barədə Korpusun “Sepahnews” saytında məlumat yerləşdirilib.
Şimali İraq Kürdüstan Muxtariyyəti ilə sərhəddə keçirilən Məhərrəm hərbi təlimində pilotsuz aparatlar, raket, artilleriya, hərbi-hava qüvvələri və zirehli birləşmələr iştirak edir. Təlimin Şimali İraq Kürdüstan Muxtariyyətində sentyabrın 25-ə təyin edilmiş müstəqilliklə bağlı referendum ərəfəsində keçirilməsi diqqət çəkir.
 İraq hakimiyyətinin əsas tərəfdaşı olan İran kürdlərin referendum qərarına qarşı çıxır, referendumun qanunsuz olduğunu bəyan edir.
 Qeyd edək ki, referendum qərarına qarşı çıxan Türkiyə də İraqla sərhəddə geniş miqyaslı hərbi təlim keçir.