​“İran İsrail-Azərbaycan münasibətlərinə sayğılı yanaşmalıdır” – Politoloq

Baxış sayı:
2227

İsrail və Azərbaycan arasındakı münasibətlər strateji əməkdaşlıq kontekstində qiymətləndirilir.
Bunu Teleqraf.com-a politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Azərbaycan və İsrailin Yaxın Şərqdə gedən proseslərlə bağlı mövqeləri üst-üstə düşür:
“İsrail dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bəyan edib. Digər yandan, ABŞ-dakı yəhudi lobbisi həmişə Azərbaycanın mövqelərini dəstəkləyib. Yəhudi lobbisinin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə baxış prizmasının dəyişməsinə böyük təsir imkanları var. Buna görə də, İsraillə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın maraqlarını əks etdirir.
Digər yandan, bu iki ölkə arasında hərbi-texniki sahədə geniş əməkdaşlıq var. Azərbaycan İsraildən Pilotsuz Uçan Aparatlar (PUA) və digər hərbi avadanlıqlar alır. İsrailin enerji təhlükəsizliyində də Azərbaycanın özünün xüsusi yeri var. Bakı-Tiflis-Ceyhan boru kəmərindən axan neftin 29-30 faizi İsrailə ixrac olunur”.
Elşən Manafov xatırladıb ki, Azərbaycanda yaşayan yəhudilərə dövlətin və xalqın sayğılı münasibəti var:
“İsrail tərəfi həmişə Azərbaycanın bu mövqeyini yüksək dəyərləndirir. Əlbəttə, İsrail və Azərbaycan arasındakı bu xoş münasibətlər İranı məmnun etmir. Amma biz qonşu dövlətlərlə münasibətlərimizdə onların daxili işlərinə qarışmamaq məsələsinə xüsusi yer veririk.
Ermənistan-İran münasibətləri də bizi narahat edir. Bir sıra məqamlarda bunun bizə qarşı yönədliyinin şahidi olmuşuq. Buna görə də, İran İsrail-Azərbaycan münasibətlərinə sayğılı yanaşmalıdır”.