​İran bizim üçün çox əhəmiyyətli dövlətdir – Vahid Əhmədov

Baxış sayı:
7840

Hesab edirəm ki, İranla ABŞ arasında olan münasibətlər mütləq qaydaya salınmalıdır.
Bu sözləri Axar.az-a ABŞ-ın İrana qarşı tətbiq etdiyi embarqolar və bunun Azərbaycana təsiri haqda danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaları çox ciddidir, faktiki olaraq iqtisadiyyatın bütün əsas sahələrini əhatə edir:
“Bu məsələlərdə dövlətlər müəyyən güzəştlərə getməyi bacarmalıdırlar. Xüsusilə də nüvə silahının hazırlanması ilə əlaqədar məsələlərdə güzəştə getmək olar. İran bunu başa düşməlidir. Hazırda İrana qarşı olan təzyiqlərin arxasında bir sıra siyasi məqsədlər dayanır. İrandakı rejimi devirib, demokratik bir dövlət qurmaq istəyirlər. Zənnimcə, nüvə silahı sadəcə bir bəhanədir. Çünki İran ABŞ-la daha öncə buna dair saziş imzalamışdı. ABŞ-İran münasibətlərinin normal səviyyəyə çatması üçün müəyyən səylər göstərməliyik, çünki ölkəmiz İranda ciddi problemlərin yaranmasının tərəfdarı deyil”.
Millət vəkili ABŞ-ın İranın enerji sektorunu əhatə edən sanksiyalarının Azərbaycan üçün problem yaradacağını düşünmür:
“ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların Azərbaycana ciddi təsiri olmayacaq. Xüsusilə də Bakının həyata keçirdiyi layihələr Avropa üçün lazımlıdır və özəlliklə ABŞ-ın dəstəklədiyi layihələrdir. Ona görə də sanksiyalar Azərbaycanla əlaqədar heç bir problem yarada bilməz. Cənubi Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, Avropa Rusiyadan enerji asılılığının azaldılmasında alternativ olaraq məhz Azərbaycanı seçib. Ölkəmiz öz qazından savayı, türkmən qazını da İrandan ixrac etmək istəyir. Oktyabrda dövlət başçıları Xəzərin statusu ilə bağlı sənədə qol çəkmək üçün bir araya gələcəklər. Bu fonda sözügedən görüşdə müəyyən məsələlərə də aydınlıq gətiriləcək”.
Deputat qeyd edib ki, Azərbaycan ümumiyyətlə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq:
“Azərbaycanın İranla sıx iqtisadi, siyasi və humanitar əlaqələri var. Düzdür, İranda rialın ucuzlaşması sahibkarlarımız üçün yaxşıdır. Çünki onlar dolları lirəyə çevirib, ölkəyə daha ucuz mal gətirə bilirlər. Hər halda ABŞ tərəfindən İrana qarşı aparılan bu siyasəti dəstəkləmirik və ümumiyyətlə İrana qarşı bu cür sərt sanksiyaların tətbiq olunmasının tərəfdarı deyilik. İran qonşu dövlətdir, tarix boyu qonşuluq, iqtisadi və siyasi münasibətlərimiz yüksək səviyyədə olub. İran bizim üçün çox əhəmiyyətli bir dövlətdir və münasibətlərimizin bundan sonra da yüksək səviyyədə qalmasını istəyirik. Bilirsiniz ki, İranla Azərbaycan arasında dəmir yolunun çəkilməsinə 500 milyon dollar vəsait ayrılıb. Bu, Bakı üçün əhəmiyyətli bir yoldur. Həmçinin bu dəhliz İranın Avropaya çıxışı üçün bir yoldur”.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ilk hissəsi etibarən avqustun 6-da qüvvəyə minib.