“İqtidarın Zurabişvilini dəstəkləməsi daxildə intriqalar yaratdı” – KONQRES SƏDRİ

Baxış sayı:
5113

Hüseyn Yusubov: “Bakradzenin ikinci turda fikrini dəyişəcəyinə inanmıram”

“Xanım Zurabişvili gürcü elektoratını da, bizim azərbaycanlı elektoratını da qıcıqlandıran müəyyən bəyanatlar verdi...”

Oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkiləri demokratik, səffaf seçki baxmından region ölkələri üçün örnək olacaq bir seçim nümunəsi oldu. Hazırda iqtidarda olan “Gürcü arzusu” Partiyasının dəstəklədiyi Salome Zurabişvilinin Vahid Milli Hərəkat Partiyasının dəstəklədiyi Qriqol Vaşadzedən 1 faizdən bir az çox səs toplamasını, bəlkə də, çoxları gözləmirdi. Çünki adətən biz öyrənmişik ki, seçkiləri iqtidar qazanar, seçki ikinci tura qalmaz.
İqtidar və müxalifət nümayəndələri təxminən eyni səs faizlərini bölüşsələr də, Gürcüstanda seçkilərin necə keçdiyini öyrənmək və digər suallarımıza cavab almaq məqsədilə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovla söhbətləşdik.

- Seçkilər demokratik şəraitdə keçdi. Demək olar ki, az xətalarla, səhvlərlə getdikcə ölkədə demokratikləşmə prosesi özünü göstərir. Avropa təsirləri, dəyərləri öz yerini tutmaqdadır. Ümumiyyətlə, seçki qanun çərçivəsində, demokratik bir şəraitdə keçdi. Seçkinin nəticəsi də ondan ibarət oldu ki, iqtidarın dəstəklədiyi müstəqil namizəd olan Salome Zurabişivli və 11 siyasi qurumun birləşərək namizədliyini irəli sürdüyü Qriqol Vaşadze ikinci tura keçdi.
- Seçkinin nəticələri gözlənilən idi?
- Mənim üçün seçkinin nəticələri gözlənilən idi.
- Maraqlıdır ki, Sizdən fərqli olaraq müxalif namizəd Qrioqol Vaşadze seçkilərin 20-25 faiz saxtalaşdırıldığını elan etdi...
- Mən Qriqol Vaşadzenin fikrinə münasibət bildirmək istəməzdim. Görünür, Vaşadze hansısa faktlara istinad edir. Amma Marneulidə saxtakarlıq faktı demək olar ki, olmadı. Axalkalaki tərəfdə 1-2 fakt var. O fakt da bu cürdür ki, protokolda yalnız bir partiya mənsubunun topladığı səs faizləri ilə bağlı nəticələr yazılıb, başqa heç bir rəqəm yoxdur. Onlarda da kənd yerlərində maksimum 80-100 seçici olur, bunun heç bir təsiri olası deyil.
Mən niyə deyirəm ki, bu nəticə mənim üçün gözlənilən idi? Birincisi, iqtidarın öz cərgələrində yüzlərlə prezidentliyə namizəd olmağa layiqli kadrları var idi. İqtidar tərəf onların heç birinin namizədliyini irəli sürmədi. Onların hamısı özlərinin namizəd olmağını gözləyirdilər. İqtidar müstəqil namizəd kimi ortaya çıxmış xanım Salome Zurabişvilini dəstəklədi. Bu da istər-istəməz komandadaxili müəyyən intriqalar yaratdı. O intriqalar çölə çıxmasa da, hər halda biz bilirik ki, komanda daxilində müəyyən intriqalar yox deyil.
Bundan başqa, bu da parodoksal haldır ki, Gürcüstan prezident seçkisində ikinci tura keçən şəxslər kimlərdir... Biri rus diplomatı Qriqol Vaşadze, bir isə fransız diplomatı Salome Zurabişivilidir. Budur, Gürcüstanın ortaya qoyduğu iki namizəd! Mən buna ürəkağrısı keçirirəm. Daha uyğun namizədlər seçilə bilərdi. Amma bu, xalqın seçimidir. Xalqın seçiminə hörmətlə yanaşmalıyıq.
İkinci turda partiyalar arasında çox böyük mübarizə olacaq. Çünki Vaşadze təkcə Vahid Milli Hərəkat Partiyasının namizədi deyil, 11 siyasi partiya bir blokda birləşib, Vaşadzenin namizədliyini qəbul edib.
- Bilirik ki, ikinci tura az qalıb. Hazırda proseslər necə gedir?
- İkinci tur dekabrın 2-də keçiriləcək. İkinci tur birinci turun nəticələri rəsmi elan olunandan iki həftə sonraya təyin olunub. Son nəticələr də elə olur ki, dekabrın 2-nə iki həftə qalmış elan olunur. Son nəticələri elan etməkdən ötrü burada rəsmi prosedurlar keçirilməlidir. Ona görə, bu, iki həftə çəkir. İndi onların arasında böyük mübarizə gedir. Üstəgəl, üçüncü yeri tutmuş keçmiş parlament sədri, “Avropa Gürcüstanı” partiyasının namizədi, mənim tanıdığım ən təmiz insanlardan biri David Bakradze birinci turdan sonra ikinci tura keçməyən namizədlərə çağırışla müraciət etdi ki, hamımız birlikdə Vaşadzeni dəstəkləyək. Amma Zurab Çaparidze bu dəstəyə qoşulmadı. Zurab Çaparidze marixuana temasını dəstəkləyən adamdır. Necə deyərlər, o da Saakaşvili partiyasının şinelindən çıxmış adamdır. Amma Zurab Çaparidze bu çağırışı dəstəkləmədi. Onun təxminən 2,85 faizə qədər seçici kütləsi var. Ondan başqa, Usubaşvili dəstəkləmir. Keçmiş parlament sədridir, çox savadlı bir adamdır. Bizim siyasi arenada olan böyük əksəriyyəti o, yetişdirib. Özü unversitetdə hüquq fakültəsində dərs deyirdi. Bununla bağlı Usubaşvili hələ öz mövqeyini bildirmədi. Yəqin ki, rusprərəst partiyalar da müxalifəti dəstəkləməyəcək. İqtidar haqqında deyə bilmərəm. Bax, bu günləri belə bir atmosferdir.
 - Siz də qeyd etdiniz ki, keçmiş spiker Bakradze bəyanat verib ki, Vaşadzeni dəstəkləyəcək. Bakradze ikinci turda fikrini dəyişə bilər?
- Mən buna inanmıram. O, belə məsələlərlə oynayan adam deyil. Bakradze ölkədə o cür tanınıb. Həm də o partiyanın təkcə Bakradze yox, bütün rəhbər liderləri eyni bəyanatla çıxış etdilər. Ondan sonra, dünən artıq bu temada Bakradze bir addım da irəli getdi. Nəinki öz elektoratını, eyni zamanda geridə qalan bütün müxalifləri eyni “pozisiya”dan çıxış etməyə, yəni Qrioqol Vaşadzeni dəstəkləməyə dəvət etdi. Ona görə də, mən onun ikinci turda fikrini dəyişəcəyinə inanmıram.
- Hüseyn müəllim, hakim “Gürcü arzusu” Partiyası ikinci turda proseslərə nəzarət etmək üçün hansısa addımlar ata bilər? Yəni ikinci tur da, qeyd etdiyiniz kimi, demokartik keçəcək?
- Partiyaların ciddi strateji addımlarını müşahidə etmək üçün hələ tezdir. Bu saat yəqin ki, partiyalar qapalı şəkildə birinci turun mənfi və müsbət cəhətlərini analiz etməklə məğul olmalıdırlar. Yəni ki, normal şəraitdə belə olmalıdır. Səhvlərini və düzlərini analiz edib, onlardan nəticə çıxarıb, yeni strategiyalar işləməlidirlər. Mənim nəzərimlə baxanda hakim partiyanın problemləri birinici növbədə ondan ibarət oldu ki, daha yaxşı olardı ki, namizədi öz içlərindən seçəydilər. İkincisi də bu cür yanaşdılar ki, xanım Salome Zurabişvili vaxtilə Fransanın BMT-də nümayəndəsi olub, yəni fransız diplomatıdır, Fransada doğulub, böyüşmüş bir qadındır. Fransaya immiqrasiya etmiş gürcülərin övladıdır. Sonradan Gürcüstanda Fransanın səfiri olub. Ondan sonra isə Gürcüstanın xarici işlər naziri olub. Yəni belə bir xanıma oturub kimsə strateji xətt hazırlamağı düşünmədi və o xanım da müəyyən çıxışlarında gürcü elektoratının bəyənmədiyi müəyyən səhvlərə yol verdi. Xanım gürcü elektoratını da, bizim azərbaycanlı elektoratını da qıcıqlandıran müəyyən bəyanatlar verdi. Sonradan da o səhvləri düzəltmək üçün vaxt çox az qaldı. Demək olar ki, ikinci tura 1 ay vaxt var. Şübhəsiz ki, bu müddətdə hər ikisi çox ciddi strateji xətt hazırlayar. Yəqin ki, maraqlı bir mübarizənin şahidi olacağıq.
- Keçmiş spiker Nino Burcanadzenin Rusiyanın “İzvestiya” qəzetinə verdiyi müsahibədə seçkinin ikinci tura qalmasından narahat olduğu hiss olunur. O deyib ki, Saakaşvilinin ölkəyə qayıtması üçün imkan yaranıb. Hazırda Burcanadzenin seçki prosesinə təsir imkanı varmı?
- Nino Burcanadzenin ruspərəst bir partiyanın sədri olduğunu biz bilirik, mövqeyi də bəllidir. Maraqlıdır ki, Nino Burcanadze parlamentin sədri olduğu dövlərdə də, ondan əvvəlki dövrlərdə də NATO, Avropapərəst bir siyasətçi olub. O, 2008-ci ildən sonra tam mövqeyini dəyişdi, ruspərəst bir partiya oldu. Bizdə 6-7 ruspərəst partiya var. Amma ümumilikdə bizdə 10 faiz ruspərəst elektorat var. Nino Buracanadze bu ruspərəst elektorata müəyyən qədər təsir edə bilər. Əlbəttə, bu hallar Qriqol Vaşadzenin xeyrinə olmayacaq, bu iqtidar partiyasının xeyrinə olacaq. Ona görə də Burcanadze yalnız o mövqedən çıxış edə bilər. O, heç vaxt Vaşadzeni dəstəkləməz, iqtidarı dəstəkləyər.
-Burcanadze onu da qeyd edib ki, Vaşadzeyə səs verən insanlar əslində, Saakaşviliyə səs verdilər. Bu, həqiqətən belədir?
-Bilirsiniz ki,Vaşadze siyasi arenaya Saakaşivilinin gətirdiyi bir şəxsdir. Saakaşvili komandasının mənsubudur. Özü də İmereti kimi bir bölgədə, Kutaisi şəhərində doğulmuş bir adamdır. İstər-istəməz İmereti bölgəsinin adamlarında onu çox ürəkdən dəstəkləmək məsələləri də var. Bəli, bu, Saakaşvilinin kadrıdır. Saakaşvilinin apardığı siyasətin bir davamçısıdır.
-Deputat Azər Süleymanov birinci turdan sonra açıqlamalarının birində deyib ki, Saakaşivili günü sabah da Gürcüstana qayıda bilər. “Onun üçün hər evdə bir otaq var”. Siz də Saakaşvilinin qayıtmasını gözləyirsinizmi?
-Saakaşivili ilə bağlı burada hüquq danışır. Saakaşvili ilə bağlı son qərar verilmiş bir neçə cinayət işi var. Yəni onun həbsi ilə bağlı Ali Məhkəmənin də təsdiqindən keçmiş bir neçə cinayət işi var. Saakaşvili ilə bağlı bir neçə açılmış cinayət işi də var. Bir neçə gün öncə Badri Patarkaşvilinin  ölümü ilə bağlı sonuncu bir cinayət işi açıldı. Yəni sanki biz bu şeyləri bu gün çox dramatikləşdiririk. Burada prezident seçkisidir. Prezident seçkisi bizim qanunlarımıza görə hakimiyyəti dəyişən seçki deyil. Hakimiyyət Nazirlər Kabinetidir. Nazirlər Kabinetini dəyişən seçki parlament seçkisidir. Prezident hüquqları çox məhdudlaşdırılmış bir institutdur. Demək olar ki, icra hakimiyyətinə, hüquq bazalarına heç bir müdaxilə etmək imkanı olmayan bir institutdur. Mən prezidentliyə namizədlərin xalqla görüşlərini dinləyirdim. Mən ironiya ilə gülürdüm. Çünki elə sözlər verirlər ki, o sözləri yerinə yetirməyə onların heç bir səlahiyyəti yoxdur. Ay pensiyaları artıracaqlar, ay nə bilim, iqtisadi, siyasi reformalar edəcəklər... Qardaşım, bunun heç birini etmək onun səlahiyyətində deyil. Bizim Konstitusiyada o səalahiyyətlər prezident üçün nəzərdə tutulmayıb.
-Ancaq Gürcüstan Konstitusiyana görə, prezidentin vətəndaşlıq vermək səlahiyyəti var. Ona görə, Vaşadze prezident seçilərsə, Saakaşvilinin vətəndaşlığı bərpa oluna bilər. Vaşadze prezident seçildiyi təqdirdə ekspertlər ehtimal edirlər ki, Saakaşvili yenidən hakimyyətə gəlib, baş nazir seçilə və Gürcüstanda ikinci islahat dalğasını başlada bilər.

(Ardı var)

Şamo EMİN, Hurriyyet.org