“İqtidar daxilində maliyyə döriyyəsinə nəzarət uğrunda savaş gedir” – ƏLİ ƏLİYEV

Baxış sayı:
2806

“Müxtəlif nazirliklərdə rüşvətin toplanması haqqında, zərflərlə maaş verilməsi ilə bağlı məlumatlar gəlir”

Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev “paralel.az” saytının hədəfinə çevrilib. Adı keçən saytda gedən “Sahil Babayev Səlim Müslümovun ölülərinə rəhmət oxutdurur”, “Sahil Babayevin sahilsiz haqsızlıqları” yazıları bunu subut edir.
Birinci - “Sahil Babayev Səlim Müslümovun ölülərinə rəhmət oxutdurur” sərlövhəli yazıda nazirin xalqın müraciətlərinə laqeyd yanaşdığı, nazirlikdə məsuliyyətsizlik və laqeydliyin hökm sürdüyü iddia olunur.
İkinci - “Sahil Babayevin sahilsiz haqsızlıqları” sərlövhəli yazıda isə müəllif qeyd edir: “Bəyənmədiyimiz, nazir vəzifəsindən çıxarılmasına sevindiyimiz Səlim Müslümovun dönəmində bu sahədə xeyli işlər görülürdü. İndi isə vəziyyət son dərəcə ağır və dözülməzdir. Köhnə, işi bacaran kadrlar ucdantutma əsassız olaraq işdən çıxarılıb. Onların yeri ya boş qalıb, ya da yeni təyin olunmuş təcrübəsiz kadrlar vəzifəsinin nədən ibarət olduğunu hələ də anlaya bilmirlər. Beş ay yarımdı heç bir faydalı iş görməyən, yalnız nazir kürsüsünə oturmağın kefini çıxarmaqla, dostlarını, tanışlarını nazirliyə yığmaqla məşğul olan nazir Sahil Babayev isə etdiyi hərəkətin əlil insanların həyatını zəlil edəcəyinin fərqinə varmadan, ötən müddət ərzində əlillik dərəcəsinin təyin olunmasına dair nazirliyə edilən minlərlə əlil vətəndaşın elektron müraciətlərini heç bir əsas olmadan, mənasız və əsassız iradlarla dayandıraraq, bu qəbildən olan əlil insanların vaxtında müalicə olunmaq və bir tikə çörəkpulu əldə etmək imkanından məhrum edib”. Hətta yazıda ƏƏSM naziri Sahil Babayevi kef əhli təsiri bağışlayan, məmur ailəsində tərbiyə alan, vətən, xalq qarşısında heç bir xidməti olmayan və gənc yaşında nazir kürsüsünə qədər gətirilən şəxs kimi təqdim olunur.
Bu yazılardan aydın görünür ki, yeni nazir Sahil Babayevi köhnə komanda öz adamları vasitəsilə “vurdurur”. Çünki adı keçən saytın köhnə komandaya məxsusluğu mətbuat cameəsində olan hər kəsə bəllidir.
Əlbəttə, biz yeni komanda üzvlərini müdafiə etmək fikrində deyilik. Amma köhnə komanda üzvü olan keçmiş nazir Səlim Müslümovun nazir olduğu illərdə dövlətin milyonlarla manat pulunu mənimsədiyi qeyd olunan məlumatlar mətbuatdan hər kəsə bəllidir. Hətta S.Müslümovun nazir olduğu illərdə Dövlət Sosial Müdafiə Fondundan 2-2,5 milyard manata yaxın vəsaitin yoxa çıxması ilə bağlı bir ara mətbuatda müzakirələr də getdi. Keçmiş nazirin həbs olunacağı belə vurğulandı. Bu, nə dərəcədə doğrudur, onu araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Amma Sahil Babayevin Səlim Müslümovun “ölülərinə rəhmət oxutdurması” və guya sabiq nazirin daha çox iş gördüyü haqda iddialar həqiqətə uyğun deyil. Əslində, yeni nazirin məmur ailəsində tərbiyə alması hələ onun “kef adamı” olması demək deyil. Məmur ailəsində ziyalı, xalqın dərdinə şərik olan və insanların problemlərini həll etməyə çalışan insan da yetişə bilər.
S.Babayevin gənc yaşında nazir kürsüsünə qədər gətirilməsi də normaldır. 38 yaşlı məmur elə də gənc deyil, yetkin bir insandır. Qonşu Gürcüstanda nazirlərin yaşına diqqət yetirsək, görərik ki, onların əksəriyyəti daha cavandır. 70-80 yaşlı nazirlərin olmasındansa, elə cavan nazirlərin olması düzgündür.
Çox güman ki, yeni nazirin cavan olmasının, məmur ailəsində yetişməsinin qabardılması elə yaşlı, köhnə komanda üzvlərinin sifarişidir. Çünki köhnə komanda üzvlərinin əksəriyyəti pensiya yaşını çoxdan keçmiş insanlardır. Əslində, pensiya yaşını keçmiş kadrlar dəyişilməli, savadlı, bacarıqlı, xüsusən də millətə vicdanla xidmət edən, ədalət hissini itirməyən kadrlarla əvəzlənməlidir. Çünki vicdanını, ədalət hissini itirən kadrlar bu millətə xidmət etməz, etməyəcək də. Necə ki, bu gün əksəriyyəti millətə xidmət etmir...
 
“Sahil Babayev nə yatdı ki, nə də yuxu görsün”
 
“Hürriyyət”in “ƏƏSM naziri Sahil Babayevin “vurulmasını” köhnə komandanın yeni nazirə qarşı apardığı kampaniya hesab etmək olarmı” sualını cavablandıran Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev dedi ki, konkret bir söz deyə bilməz: “Amma istisna etmək də olmaz. Bu cür təcrübə rastımıza çıxıb və köhnə heyətin təzə heyəti gözdənsalma kapmaniyası zaman-zaman Azərbaycan siyasi praktikasında mövcud olub. Ancaq əvvəlki heyətin məşğul olduğu işlərdən ictimaiyyətin xəbəri var. Sahil Babayev nə yatdı ki, nə də yuxu görsün. Yeni heyətin gəldiyi qısa müddətdir. Ciddi dəyişiklik etməyə yetərli vaxt deyil. Ona görə də burada subyektivizimin olması mümkün sayıla bilər”.
 
“Tez-tez dəyişikliklər olmalıdır ki, məmurlar öz kresloları ilə uzun sürəcdə bitişməsinlər”
 
VİP sədrinin fikrincə, hakimiyyətin daxilində nəsil dəyişikliyi prosesi gedir: “Bu nəsil dəyişikliyi yeni komanda ilə əvəzlənməklə müşayət edilir. Çox güman ki, hakimiyyətin daxilində bu proses hələ davamlı olacaq. Azərbaycanda çox yanlış bir psixoloji düşüncə var ki, kimsə nazir postuna əyləşdirilirsə, düşünür ki, ömürlük nazir postunda qalmalıdır. Sanki bu postlara dədə-baba mirası kimi baxırlar. Bu, təbii ki, iqtidarın daxilindən doğan pisoxoloji deformasiyadır. Əslində, tez-tez dəyişikliklər olmalıdır ki, məmurlar öz kresloları ilə uzun sürəcdə bitişməsinlər.15-20 il nazir qalmış və oliqarxa çevilmiş, bütün yaxın ətrafını maddi baxımdan təmin etmiş insanlar o imkanları, resursları itirdikdə qəzəblənirlər, narahat olurlar və siyasi mübarizəni davam etdirmək istəyilər. Onların siyasi mübarizəni davam etdirmək istəyi də məhz malik olduğu kapitalın miqdarından gəlir. Çünki malik olduqları külli miqdarda kapitalın siyasi toxunulmazlığını istəyirlər. Bu kimi halların ortaya çıxmasının da səbəbi budur. Ancaq komandanın dəyişməsinə normal baxmaq lazımdır. Heç kəs nazir postunda, eyni zamanda digər postlarda əbədi ola bilməz”.
 
“Nüfuz çevrələrinin yenidən bölünməsi, maliyyə dövriyyəsinə nəzarət uğrunda çox ciddi mübarizə gedir”
 
“Köhnə komanda bu cür hücumlar etməklə, yeni komanda üzvlərini sıradan çıxara bilərmi” sualına isə Ə. Əliyev belə cavab verdi: “Hər halda, işində maneçilik törədə bilərlər. Yəni burada nüfuz çevrələrinin yenidən bölünməsi, maliyyə dövriyyəsinə nəzarət uğrunda çox ciddi mübarizə gedir. Hər halda görünən odur ki, maneçilik təşəbbüsləri var və bu təşəbbüsləri olacaq”.
 
“Konkret hansı nazirlikdə hansı üsluba keçirilibsə, ondan xəbər var”
 
“Əslində, mən bu heyətləri köhnə və yeni komandaya bölməyin əleyhinəyəm. Çünki hamısı Yeni Azərbyacan Partiyasının kadrlarıdır. Yuxarıdan idarəçilik fəlsəfəsi, prinsiplər və maddi nemətlərin bölgüsünə münasibət dəyişməyənə qədər təzə və köhnə kadrlardan millət üçün lazım olan, faydalı addımların gözlənilməsi yanlışdır. Bütövlükdə hakimiyyətin fərd hissəsi, idarəçilik üsulu dəyişməlidir ki, cəmiyyətə, millətə faydası olan işlərin şahidi olaq. Bu gedişatla, yəni insanların dəyişməsi ilə heç nə dəyişməyəcək, köhnə rüşvətxoru cavan “julik” əvəz edəcək, başqa bir şey baş verməyəcək. Artıq müxtəlif yerlərdə, nazirliklərdə köhnə qayda ilə işlənməsi, rüşvətin toplanması haqqında, zərflərlə maaş verilməsi ilə bağlı məlumatlar gəlir. Konkret hansı nazirlikdə hansı üsluba keçirilibsə, ondan da xəbər var. Yəni ki, üslubunda elə bir dəyişiklik yoxdur” – deyə partiya sədri bildirdi.
 
“Nəyinsə dəyişəcəyinə ümid etmək yanlışdır”

 
“Deməli, yeni komanda köhnə komandadan fərqlənmir”dedikdə isə Ə. Əliyev vurğuladı ki, fərqlənə də bilməz: “Çünki əvvəl də komanda Prezident Aparatında əyləşən, idarəçiliyi həyata keçirən, qərarlar verən insanlar tərəfindən həyata keçirilirdi, yenə də eyni instansiya, eyni şəxslər qalıb, həmin idarəçilik tərzi qüvvədədir. Ona görə, nəyinsə dəyişəcəyinə ümid etmək yanlışdır. Bunun üçün hakimiyyət, yaxud hakimiyyətin həlledici şəxsləri dəyişməlidir ki, idarərçilikdə yeni nələrisə görək”.
 
Şamo EMİN, Hurriyyet.org