"İqtidar da müxalifətin mitinqinə hazırlaşır" – "CANFƏŞANLIQ"

AXCP sədri Əli Kərimlinin sentyabrın 23-ə elan etdiyi mitinqə iqtidar Milli Şuradan daha ciddi hazırlaşır.
 
Bu haqda musavat.com məlumat yayıb. Xəbərdə bildirilir ki, bu haqda sayta məlumat verən şəxs deyib ki, hakimiyyətin xüsusi tapşırığı əsasında universitet, orta məktəb, səhiyyə sistemi və bütün kateqoriyadan olan büdcə təşkilatlarında Milli Şuranın mitinqinə qatılma ehtimalı və potensialı olan hər kəs bəri başdan siyahılaşdırılır.
Mitinq keçiriləcək meydana – Məhsul stadionuna isə xüsusi kameralar quraşdırılır. Əsasən giriş-çıxış nöqtələrinə quraşdırılan kameralar üztanıma proqramlarına qoşulub. Bütün bu fəaliyyət nəticəsində mitinqdən dərhal sonra cəza tədbirləri işə düşəcək. Bununla da hakimiyyət Mili Şuranı və bütövlükdə yay yuxusuna dalan müxalif düşərgənin elektoratını zəiflətməyi, mitinqlərə qatılan, yaxud da gələcəkdə də qatılmağı düşünən vətəndaşları qorxudaraq, çəkindirməyi hədəfləyir. Məlumatda deyilir ki, müxalifətin indiki zəif halında bütün bunları etmək isə heç də ciddi problem yaratmır. Çünki onun elektoral bazası çox zəifdir, mitinqə çıxanların sayı azdır. Bu səbəbdən də cəmi bir neçə günlük fəaliyyətlə bütün mitinq iştirakçılarının kimliyini təsbit etmək mümkün olur.
Qeyd: Həmişə olduğu kimi bu informasiyanın yayılmasında konkret  məqsədlər və alətlər vardır. Əgər bu informasiyada məqsəd insanları qorxutmaq, mitinqlərdən çəkindirməkdirsə, alət isə həmişə olduğu kimi yenə də Musavat.com-dur.
Biz Müxalifət.az olaraq bu gün mitinqlərin tərəfdarı deyilik. Çünki sosial sifariş ortada yoxdur. Belə mitinqlərin keçirilməsi isə yalnız 2 işə yaraya bilir. Birincisi, mitinqə az adamın toplaşması “müxalifətin dəstəkçiləri yoxdur, müxalifət bitmişdir” fikrini həm ictimai rəydə, həm də ölkə xaricində formalaşmasına yardım edir. İkincisi də mitinqi təşkil edənlər həm hakimiyyət daxilindəki şəbəkədən, həm də xaricdəki maliyyə donorlarından əlavə vasait almaqla ciblərini doldurur, müxalif qüvvələr arasında dağıdıcı fəaliyyətlərini sürdürürlər. Ona görə də Musavat.com-un bu qədər canfəşanlığına da yer qalmır. Çünki mitinqlərin sifarişçisi də, onun qarşısını alan da elə iqtidarın özüdür. Burada iqtidar dedikdə bir bütün sistem düşünülməməlidir. Çünki iqtidar yekcins və monolit bir komanda deyil.
Müxalifət.az