"İntiqam almaq üçün cinsiyyətini dəyişdirmək istəyən xəstələr olur" - TANINMIŞ CƏRRAH

Baxış sayı:
9235

İnsanın həyatda ala biləcəyi ən ciddi qərarlardan biri bəlkə də cinsiyyətini dəyişməsidir. Bu təkcə cinsiyyətini deyil, insanın bütün həyatını dəyişməsi deməkdir. Bir insan 20-30 yaşına qədər bir həyatı, ondan sonra başqa bir həyatı necə yaşaya bilər? Mütəxəssislərin bir çoxu bu fikirdə olan insanların ciddi psixoloji problemləri olduğunu düşünür. Bir qrup həkim isə bu prosesin müəyyən şərtlər altında vacibliyini vurğulayır. Bəs görəsən cinsi seçimlərini dəyişdirmək fiziki xəstəlikdir, yoxsa daxili sıxıntıların yaratdığı psixiki pozuntu? Ümumiyyətlə, Azərbaycanda cinsiyyətini dəyişdirmək üçün müraciət edən insanların sayı çoxdurmu? Bu əməliyyat hansı şərtlər altında keçirilir və hansı qanunlarla tənzimlənir? Muxalifet.az xəbər verir ki, publika.az-ın suallarını Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli cavablandırıb. - Plastik əməliyyatlar dedikdə hansı prosedurlar nəzərdə tutulur? - İnsanlar bəzən plastik əməliyyat dedikdə, yalnız rinoplastika prosesdurunu (burun əməliyyatı) nəzərdə tutur. Lakin bu belə deyil. Tibbdə 6800-dən çox müxtəlif plastik əməliyyat növləri var. Bunlar özü də 3 yerə bölünür: Rekonstruktiv plastik cərrahiyyə (toxumaların zədələnməsi, əzaların bir hissəsi qoparsa, sinir zədələnmələri və s. bərpası), estetik cərrahiyyə (plastik əməliyyatların yalnız 25 faizini təşkil edir və burun əməliyyatı, üzün dartılması, piylərin götürülməsi və s. proseslər), mikrocərrahiyyə. Bütün bunlar ümumilikdə plastik əməliyyatları təşkil edir. - Burun əməliyyatı üçün müəyyən bir yaş həddi varmı? - Bütün əməliyyatlarda olduğu kimi burun əməliyyatlarında da, yaş həddi həm mövcuddur, həm də yox. Bu onunla izah olunur ki, bəzən anadangəlmə qüsurlar olur ki, normal həyat tərzinə qayıtmaq üçün bu qüsurlar dərhal aradan götürülməlidir. Ona görə də, mütləq cərrahi prosedur keçirilir. İstər burunda, istər dodaqlarda, üz nahiyyəsində və bədənin istənilən yerində olan qüsurlar zərurət yarandığı təqdirdə yaş məhdudiyyəti olmadan aradan qaldırıla bilər. Amma zərurət yoxdursa, bu sadəcə diskomfort yaradacaq problemdirsə, sümük və qığırdaqların vəziyyəti ilə əlaqədar olaraq xanımlara ayrı, bəylərə ayrı yaş həddi təyin edilir. Normalda 20 yaşdan yuxarı nəzərdə tutulsa da, hər bir orqanizmin özünəməxsus xüsusiyyətləri və inkişaf tempi olduğu üçün konkret yaş demək olmur. Bəzən elə olur ki, 18-20 yaşındakı xanımların sümükləri və qığırdaqları zəif inkişaf etdiyi üçün o yaş həddi də nisbi sayılır. Ona görə də təkcə yaş həddini deyil, həm də fizioloji xüsusiyyətləri nəzərə almaq lazımdır. - Qadınlar hər zaman formada qalmaq, gözəl və qüsursuz görünmək üçün müxtəlif vasitələrə əl atıblar. Bu istiqamətdə sizə ən çox hansı problemlərlə müraciət edirlər? - Bilirisiz, xanımlar hər zaman diqqət mərkəzində olmağı sevirlər. Onların gözəl, baxımlı olması biz kişilərin də xoşuna gəlir, elə deyilmi? (Gülür) Onu qeyd etməliyəm ki, təbiiliyi qorumaq şərtilə plastik əməliyyatların insan orqanizminə zərəri yoxdur. Plastik cərrahiyyədə ən önəmli bir məqam mütəxəssis pasient münasibətinin doğru formalaşmasıdır, qarşılıqlı olaraq fikirləri düzgün anlamaqdır. Bu cəhət ümumilikdə hər iki tərəfin icra etdiyi estetik əməliyyatın nəticəsinə müsbət təsir edərək, yekunda pasiyentin məmnunluğuna gətirib çıxarır. Maddi vəziyyətə görə sağlamlığını riskə atıb, bıçaq altına yatan insanlar var. Bu düzgün deyil. Həkimləri seçərkən diqqətli olmaq lazımdır ki, uğursuz prosedurlar keçirib məyus olmayasan. - Həkim, yaxşı məqama toxunduz. Uğursuz prosedurların nəticələrini çox vaxt xəstələrin təlimatlara düzgün riayət etməməsi ilə əlaqələndirirlər. Bəs burada həkimin rolu nə qədərdir? - Əlbəttə, var. Ortada uğursuz prosedur varsa, bunun məsuliyyətinin 60 faizi həkimin, 40 faizi xəstənin üzərinə düşür. Plastik cərrahiyyə elə bir sahədir ki, onun üçün ayrıca təhsil almalısan. Bu tam ayrı bir ixtisasdır desəm, yanılmaram. Universiteti bitirdikdən sonra bu sahənin incəliklərini öyrənmək üçün 4-5 il ayrıca təhsil almalısan ki, plastik cərrah olasan. Baxın, ümumi cərrahlar plastik cərrahiyyənin bir qolu ilə məşğul olur, burun-boğaz həkimi bir başqa qolu ilə məşğul olur və s. Yaxud da elə olur ki, heç bir tibbi savadı olmayan bir şəxs 6 ay kurs keçməklə xüsusilə gözəllik salonlarında xanımlara kosmetoloji xidmətlər təklif edirlər. Tərkibi məlum olmayan gellər vasitəsilə burun çəpəri əyriliyinin xaricdən görünüşünü dəyişirlər, dodaq dolğusu, üzün dartılması və s. prosedurlar həyata keçirirlər. Təbii ki, tibbi savadı olmayan bir şəxsin insanların sağlamlığı ilə oynaması cinayətdir. Dəfələrlə yanıma bu cür özlərini “həkim” adlandıran şəxslərin uğursuz prosedurlarından əziyyət çəkən pasiyentlər gəlib. Mən onlara yardım etmişəm. Amma gərək xəstə özü də sağlamlığının qədrini bilsin və seçdiyi həkim haqqında müəyyən qədər araşdırma aparsın. - Son vaxtlar plastik cərrahiyyəyə üz tutan insanların sayında artım müşahidə edilir. Bəs bu nədən irəli gəlir? - Bilirsiz, bu gün dünya ölkələri ilə yanaşı, Azərbaycanda da plastik əməliyyatların metodikası sadələşib. Əməliyyatların müddəti də azalıb. Ən son texnoloji avadanlıqlarla pasiyentlərə əməliyyatdan sonrakı modeli təqdim edə bilirik. Əvvəllər xəstələr nəticəni görə bilmirdilər və əməliyyat sonrası narazılıq edirdilər. Bu hallarla çox rastlaşırdıq. Lakin, artıq pasiyentin üz quruluşuna uyğun olan hazır model ona göstərilir və daha sonra prosedur həyata keçirilir. Təbii ki, əməliyyatdan minimum 6 ay, 1 il keçməlidir ki, toxumalar öz formasını alsın. Bəzən pasiyentlər tələsir, dərhal narazılıq edirlər. Onlara izah edirik ki, bu prosedur individualdır. Heç vaxt bir insanda olan burun olduğu kimi digərinə kopyalana bilməz. - Olubmu nəticəni bəyənməyib ödənişi geri istəsinlər? - Əlbəttə, belə hallar çox olur (gülür). Məndə olmayıb, ancaq yoldaşlardan eşidirəm. Bu zaman sadəcə psixoloji cəhətdən pasiyentlə söhbət etmək, ona yeni görünüşünə uyğunlaşa bilmək üçün vaxt vermək lazımdır. - Rinoplastika üçün əməliyyatdan qabaq hansı analizlər, yoxlamalar vacibdir? - Çox doğru vurğuladınız. Bəzən pasiyentlər 3-6 ay əvvəlki analizləri ilə gəlirlər ki, hər şey yaxşıdı, bizi əməliyyat edin. Belə olmaz. Əməliyyatdan bir gün qabaq və ya həmən gün tezdən ac qarına gələrək ümumi analizlər verməlidir. Kordiololoji, rentgen müayinədən keçməlidir. Heç bir problem aşkarlanmazsa, biz o pasiyentləri əməliyyata götürürük. - Bəzən əməliyyatdan sonra pasiyentlər burunun əyilməsindən, nəfəs alarkən qəribə qoxular gəldiyindən şikayət edirlər. Bəs bu nədən qaynaqlanır? - Baxın, bir insanda toxuma inkişafı sürətlidir, digərində nisbətən ləngdir. İnsanlar əməliyyatdan çıxan kimi normal həyat tərzinə qayıtmaq istəyirlər. Bir az səbrli olmaq, prosedurun qaydalarına uyğun davranmaq lazımdır. Xəstə var ki, əməliyyatdan sonra həkimlə məsləhət etmədən uzaq yola çıxır və ya hər hansı prosedur keçirir. Məsələn, evdə, dostlar arasında kimsə deyir ki, yumurta bişir, qoy burnunun üstünə şişi çəkilsin. Ay balam, bu yumurta ilə gedən bir şey deyil axı. Allergiyası olan adamın orqanizmi o dəqiqə reaksiya verir və bu da daha bir problem yaradır. Sonra da deyirlər ki, həkim elədi (Gülür). - Rinoplastikadan nə qədər sonra xəstənin burnu öz formasını alır və o, adi həyat rejiminə qayıda bilər? - Əməliyyatdan sonra bir gün xəstəxanada qalır. Sabahı gün isə evə buraxılır və 7-10 gündən sonra öz əvvəlki işinə başlayır. Bəzən deyirlər ki, xəstəyə 2-3 həftə ağır şey qaldırmaq olmaz. Amma belə deyil, evə gedəndən sonra 2-3 kiloqramlıq ev əşyalarını götürmək olar, təxminən 10 gün sonra isə insan tamamilə rahat şəkildə həyat tərzinə davam edə bilər. Burunun tam formalaşması isə bayaq da dediyim kimi 1 ilə qədər vaxt alır. Orqanizmdən asılı olaraq bu müddət arta və azala bilir. Amma dediyim formalaşma mikroskopik formalaşmadır. Mikroskopik deyəndə, daxildə olan qığırdaqların biri-birinə tam birləşməsini nəzərdə tuturam. Bu da, gözlə görünən proses deyil. Bu müddət ərzində xüsusi qida rasionu tərtib edilir. Yaxşı olar ki, sulu yeməklərə üstünlük verilsin ki, çeynəmə zamanı üst çənə çox hərəkətdə olmasın. - Deyirlər ki, burun əməliyyatları yay aylarına təsadüf edəndə qanamalar çox olur, qış aylarında isə soyuqdan şişkinlik artıq. Bəs hansı fəsil bu əməliyyat üçün daha uyğundur? - Bunu çox eşidirəm. Elə bir məqam yoxdur. Bu insandan asılıdır. Sağlam insan da günün altında normadan artıq dayansa, şüalardan burnunda qanama başlaya bilər. Bu o demək deyil ki, bu sırf əməliyyatla bağlıdır. Gözəllik qurban tələb edir. Bir balaca həkim məsləhətlərinə riayət etmək lazımdır. Rinoplastika istənilən mövsümdə icra oluna bilər. Sadəcə hər mövsümə uyğun olaraq həkimin spesifik məsləhətlərinə əməl etmək lazımdır. Məsələn, yay aylarında günəşin altında gəzməməli, qışda isə özünü soyuqdan gözləməlidir. Ümumiyyətlə isə hansı dövrdə aparılmağından asılı olmayaraq, əməliyyatdan sonrakı bir ay ərzində günəşdən qorunmalıdır. Çünki günəş şüaları burun dərisində rəng fərqləri yarada bilər. Və ya yay mövsümündə istiyə dözə bilməyib, kondisioner altında yatmaq, soyuq su içmək əlbəttə ki, mənfi təsir edəcək. Eləcə də qış mövsümünə təsadüf edən əməliyyatlardan sonra pasiyentlər papaq qoymur, maska taxmırlar, vaxtında həkim yoxlamasına gəlmirlər, müəyyən masaj hərəkətləri var, onları davamlı etmirlər. Bu masaj ətrafdakı şişkinliklərin azalmasına kömək edir. Amma dediyiniz kimi pis qoxunun gəldiyi ilə bağlı şikayət eşitməmişəm. - Bəs burun içərisində balıqqulaqlarının kəsilməsi doğrudurmu? - Baxın bu elə bir prosesdir ki, onu tamamilə kəsmək mümkün deyil. Sadəcə olaraq orta burun balıqqulaqlarında çox vaxt böyümələr olur ki, bu da nəfəs alma prosesinə mane olur. Onun da müəyyən hissəsi kəsilib götürüldükdə problem aradan qalxır. Balıqqulaqlarını tam kəsmək olmaz, çünki burun içərisi qurumağa başlayar. Hər kəsdə olan “konxa” və ya burun balıqqulağı adı verilən və burunun hər iki tərəfində yerləşən bu ətlər burun daxilində nəmləndirmə, istilik vermə vəzifəsini təmin edir və alt, orta və üst balıqqulaqları şəklində adlandırılırlar. - Son günlərin ən aktual mövzularından birinə cavab verməyinizi istərdim. Necə düşünürsüz, burun estetikasını qulaq-burun-boğaz cərrahları, yoxsa plastik cərrahlar etməlidir? - Rinoplastikanı həm LOR, həm də plastik cərrahlar icra edə bilər. Əsas tələb olunan amil bu əməliyyatı icra edəcək cərrahın burundaxili orqanlara və onların patalogiyalarına (burun çəpər əyriliyi, haymorit, konxa patalogiyaları və s.) lazımi qədər hakim olması və ehtiyac yarandığında bu əməliyyatları eyni anda icra edə bilməsidir. Bizə estetik əməliyyat üçün müraciət edən pasientlərin böyük əksəriyyətində nəfəsalma, haymorit, burun axıntısı problemləri də olduğu üçün düşünürəm ki, burunun estetik əməliyyatlarını LOR cərrahların icra etməsi daha məqsədəuyğundur. - Bildiyimiz qədər bu əməliyyat bir neçə üsulla aparılır. Siz daha çox hansı üsula üstünlük verirsiniz? - Rinoplastika əməliyyatı açıq və qapalı olmaqla 2 üsulla həyata keçirilə bilər. Qapalı üsulda nisbətən az problemi olan burunları əməliyyat etmək daha məqsədəuyğundur. Biz öz praktikamızda açıq üsulla əməliyyata daha çox üstünlük veririk. Mənim istifadə etdiyim metodika Amerikada da tətbiq edilməyə başlayıb. Ötən illərdə Amerikada cərrahlar arasında keçirilən konfransda mənim gerçəkləşdiriyim əməliyyatlardan biri nümunə olaraq təqdim edildi. Bunun üstünlüyü ondan ibarətdir ki, burunda olan ən kiçik qüsurları belə gözlə görüb aradan qaldırmaq mümkündür. Burunların formasından asılı olaraq, incə və qalın dərili burunlara müdaxilə etmək də , nəticələri də fərqli olur. Əvvəllər uğursuz əməliyyat keçirmiş xəstələrdə də açıq üsulla əməliyyat icra etmək arzuolunan nəticəni əldə etməyə imkan verir. - Haymoritdən əziyyət çəkən xəstələr burun əməliyyatı keçirə bilərmi? - Tək dediyiniz problem deyil, hər hansı bir mane olacaq vəziyyət aşkarlandığında əvvəlcə onu müalicə edirik. Daha sonra əməliyyata hazırlıq proseduru yenidən təkrarlanır, bütün analizlər, yoxlamalar və s. Problem aradan qalxırsa, vəziyyətə uyğun şəkildə istiqamət götürmək olar. - Necə düşünürsüz, bir insanı cinsiyyətini dəyişməyə nə vadar edə bilər? - Dünya ölkələrində bu prosesə yanaşma şəkli birmənalı olaraq başqadır. Azərbaycanda bu məsələyə normal münasibət hələ də formalaşmayıb. Biz bu cür məsələlərə qəribə baxırıq. Normal qarşılaya bilmirik. Bəlkə də bu bizim mentalitetimizlə bağlıdır. Bir insan kimi bu seçimi edən şəxslərə cəmiyyətdə yer verməməyə çalışırıq. Onları təcrid edirik. Amma həkim olaraq onu deməliyəm ki, bu sağlam insanın verdiyi qərar deyil. Bu insanların həyatında onları bu seçimə vadar edən hər hansı ciddi problemlər yaşanır. Həyat problemləri, sıxıntılar, depressiyalar ümumilikdə gətirib müəyyən psixi pozuntulara çıxarır. Bu cür hallarda biz onlarla söhbət edirik. Onları bu vəziyyətdən çıxartmağa çalışırıq. Mütləq şəkildə psixoloq və psixiyatr yanına göndəririk. - Məşhur seksapotoloq Karren Horniyə görə, cinsiyyətini dəyişmək istəyi bir günün içində yaranmır. Bu anadangəlmə və sonradan qazanılmış hormonal problemlərdən irəli gəlir. - Bilirsiz, bu məsələyə baxış bucağından asılıdır. Bəzi seksapotoloqlar bunu fiziki xəstəlik, bəziləri isə psixi pozuntu hesab edir. Əslində bu birdən-birə yarana biləcək vəziyyət deyil. Uşaqlıqdan bəzən oğlanların qız, qızların da oğlan kimi davranmalarına diqqət etmirik. Məhz bu birinci mərhələdir. Bu kimi hallarda dərhal psixoloqla məsləhətləşmək lazımdır. O, uşaqlara yaxından qayğı göstərilməlidir. Bu fikirlərdən daşınmalarına kömək olunmalıdır. - Ötən il Mingəçevirdən olan bir qız cinsiyyətini dəyişdi. Azərbaycanda mümkün olmadığı üçün Amerikaya köçdü. Ölkəmizdə cinsiyyətin dəyişdirilməsi əməliyyatı niyə aparılmır? - İstər Azərbaycanda, istərsə də başqa ölkələrdə bu əməliyyatların keçirilməsi üçün zəruri qaydalar var. Azərbaycanda bu əməliyyatların geniş yayılmamasının səbəbi isə milli dəyərlərə zidd olmasıdır. Bu məsələ qanunla tənzimlənməlidir. Analizlər alınmalıdır, xəstənin psixoloji vəziyyətinin yerində olub-olmadığı yoxlanılmalıdır, əməliyyatın zəruri olmasına dair cinsiyyət orqanlarında anadangəlmə deformasiyanın olması təsbit edilməlidir. - Bəs bu prosedur üçün hansı analizlər aparılır? - Əməliyyat prosesi heç də asan deyil. Ölüm riski yüksəkdir. Lakin həkimə müraciət edən bütün xəstələr də əməliyyat edilmir. Əvvəlcə müraciət edən şəxsin sağlamlıq vəziyyəti yoxlanılır. Ümumi analizlər alındıqdan sonra, müraciət edən qadın və ya kişinin həm psixiatr müayinəsinin, həm də psixoloq müayinəsinin cavabları alınır. Hər iki həkim şəxsin ruhi-əqli vəziyyətinin, psixoloji durumunun tamamilə yerində olduğuna dair arayış verməlidir. Amma biz bu cür xəstələrə transseksualizm diaqnozu qoyuruq. Bəzən də elə olur ki, cinsini dəyişmək üçün müraciət edən şəxslərə qarşıdakı prosesləri danışırıq. Çox vaxt onlarla söhbət etdikdən, əməliyyatın ağırlığını bildikdən sonra istəklərindən vaz keçirlər. - Azərbaycanda cinsini dəyişmək istəyən və bununla əlaqədar həkimə müraciət edənlərin sayı çoxdur? - Başqa Avropa ölkələri ilə müqayisədə Azərbaycan xalqı maviləri, lesbiyanları, biseksualları, transgenderləri və interseks şəxsləri qətiyyən qəbul etmək istəmir. Bir tərəfdən bunu mentalitetlə bağlasaq da, digər tərəfdən baxsaq, bu insan hüquqlarını pozmaq kimi görünür. Onların seçimlərinə müdaxilə edə bilmərik. Azərbaycanda cinsiyyətini dəyişmək istəyən kişilərin sayı, qadınların sayından daha çoxdur. Qadınlar bəzən bu vəziyyəti etiraf etməyə çəkinirlər. Ümumilikdə keçən il belə müraciətlərin sayı çox olub. - Müraciət edənlər daha çox hansı yaş aralığında olur? - Təxminən 22-30 yaş arasındakı kişilər qadın olmaq istədiklərini daha çox deyirlər, 30-35 yaş arası qadınlar da kişi olmaq istəyirlər. Bəlkə də bu qadınlarda yaşlanmaya qarşı olan fobiyanın nəticəsidir. - Həkim bayaq dediniz ölkədə bu əməliyyatın aparılması üçün bir sıra məqamlar qanunla tənzimlənir. Bir az onlar barədə danışaq. - Bayaqda qeyd etdiyim kimi, əgər psixoloq həqiqətən də əməliyyatın vacibliyinə, əməliyyatdan sonra şəxsin vəziyyətinin daha yaxşı və cəmiyyətə yararlı fərd olacağına qənaət gətirirsə, əməliyyatın edilməsində heç bir qanunsuzluq yoxdur. Burada yaş faktoru önəmlidir. Bəzən 15-18 yaşlı insanların əməliyyat üçün müraciət etməsini də görmüşəm. Bu düzgün deyil. Orqanizmdə 18-21 yaşa qədər cinsiyyət orqanlarının inkişafı, formalaşması davam edir. İnkişaf bitməmiş əməliyyat etmək doğru deyil. Əməliyyat bir prosedurla bitmir. Xüsusi aparatlar, cihazlar, mikroskoplar lazımdır. Bu əməliyyat üçün vacib olan tibbi cihazlar olduqca bahalıdır. Analizlərin nəticəsindən də çox şey asılıdır Cinsiyyətin müəyyən edilməsində əsas amil xromosomlardır. İnsan quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomu adlanır. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi qeyd edilir. Əgər xəstə qadın bədənində özünü kişi kimi hiss edirsə, cinsiyyətini dəyişmək üçün müraciət edibsə, analiz verir. Analizin nəticəsində bir Y xromosomu aşkarlanarsa, həmin şəxsin fizioloji görünüşündən asılı olmayaraq kişi olduğu təsdiqlənir. Yəni əgər qadının analizində XY xromosom birləşməsi varsa, onun əməliyyat olunmasında heç bir problem yoxdur. Yox əgər analiz nəticələrində XX xromosomları göstərilirsə o qadının cinsiyyətinin dəyişdirmə əməliyyatı aparıla bilməz. Həm fizioloji, həm də psixoloji olaraq qadındır. - İkili cinsiyyət orqanı ilə doğulan şəxsin əməliyyatı zamanı hansı faktor önəmlidir? - Bu formada anadangəlmə anomaliyaların əməliyyatı aparılır. Bu halda da ilk olaraq analiz nəticələri əsas götürülür. Xromosomlar XY göstərərsə, qadın cinsiyyət orqanı ləğv edilir. Sidik kanalı uzadılaraq kişi cinsiyyət orqanı bərpa edilir. Əgər XX olarsa, o zaman əksinə, kişi cinsiyyət orqanı ləğv edilir, qadın cinsiyyəti bərpa edilir. - Heç olubmu bu kimi hallarda valideyn narazılıq etsin ki, uşağın kişi olaraq qalmasını istəyir? - Bəli, olub. Mentalitet dediyim kimi burada da insanlara rahatlıq vermir. Bir xəstəmiz bizə müraciət etmişdi. Onda kişi cinsiyyət orqanı qadın cinsiyyət orqanına nisbətən daha çox inkişaf etmişdi. Lakin hormonlara görə, o, özünü qadın kimi hiss edirdi. Genetik analiz nəticələrində də XX xromosom birləşməsi göstərildi. Əməliyyatla kişi cinsiyyət orqanının ləğv edilməsi gərəkdiyini dedik. Lakin pasiyentin atası razılaşmadı. Hər şeyin olduğu kimi qalmasını istədi. - Bunu uşaq dünyaya gəlməzdən öncə müəyyənləşdirmək olur? - Təəssüf ki, xeyr. Hər iki orqan çox kiçik həcmdə olduqları üçün uşaq dünyaya gəldiyində belə həkimlər bunun fərqinə varmırlar. Yalnız 12-16 yaşdan sonra orqanlar formalaşmağa başladıqda bu problemin fərqinə varmaq olur. - Bəs bu cür insanlar potensial olaraq gələcəkdə hansı cinsin funkasiyalarını yerinə yetirəcək? - Heç birinin. Təəssüf ki, bu kimi hallarda o insanlar nə ata, nə də ana ola bilmirlər. Bir növ yarımcan halında həyatlarına davam etməli olurlar. - Kişinin qadına çevrilməsi daha asandır, yoxsa qadının kişiyə? - Cinsin dəyişdirilməsi özü ağır əməliyyatdır. Amma verdiyiniz sual çox vacib məqamlardan biridir. Bir qadın cinsini dəyişərək özünü kişi etmək istəyirsə, onda bunun üçün bir neçə əməliyyat həyata keçirilir. Sinə və üz nahiyyələrində əməliyyatların keçirilməsi vacibdir. Döş hissəsinə protezlər, üz hissəsinə müəyyən implantlar qoyulur. Əməliyyatdan sonra həmin şəxsə hormon müalicəsi etmək lazımdır. Bir qadının kişiyə bənzəməsi üçün burun əməliyyatı da aparılmalıdır. Amma kişini yalnız bir əməliyyatla qadın etmək olur. Cinsiyyət orqanı əməliyyatla dəyişdirilir, daha sonra hormon müalicəsi təyin edilirək proses yekunlaşdırılır. Yavaş-yavaş səs tellərinin qalınlaşması, bədənin müxtəlif nahiyyələrində tüklərin çıxması, dərinin qalınlaşması və s. bütün bunlar mərhələli şəkildə gerçəkləşir. - Həkim əməliyyatdan sonra onlar həyatına normal insan kimi davam edə bilirmi? - Əməliyyatdan sonra müəyyən müddət müalicələr aparılır. Zəruri qaydaları riayət etmələri tapşırılır. Zamanla toxumalar formalaşdıqdan sonra bu insanlar xarici görünüşlərinə görə, cəmiyyətdəki sağlam insanlardan heç nə ilə seçilmirlər. Amma cinsini dəyişmiş şəxslər əməliyyatdan sonra çevrildikləri cinsin heç bir funksiyasını yerinə yetirə bilmirlər. Məsələn, qadına çevrilmiş kişi ana, kişiyə çevrilmiş qadın isə heç vaxt ata ola bilməz. - Bəs qanunvericilikdə cinsin dəyişdirilməsi ilə bağlı məsələlərə münasibətiniz necədir? - Qanunla bu prosesin zərurət olmadığı halda qadağan edilməsi normaldır. Mənim şəxsi fikrimə görə, belə də olmalıdır. Cinslərin dəyişdirilməsinin qarşısını almaq üçün insanlara qanunvericiliklə qadağa qoymaq olmaz. Amma bunun yayılmasının qarşısını almaq üçün təbliğat aparılmalıdır. Maarifləndirici çarxlar hazırlanmalıdır. Bütün insanlar eyni təfəkkürlə doğulmadığı kimi, onların cinsi oriyentasiyası da fərqli olur. Biz bu insanları ikinci növ insan elan edə, eyni zamanda, belə halları genişləndirə bilmərik. Bu insanlara qarşı xüsusi prioritetlər də yaratmaq lazım deyil. Onlara xəstə insanlar kimi baxmalı və müalicə olunmalarını tövsiyə etməliyik. - Azərbaycanda bəzi insanlarda cins dəyişdirmə meyillərinin yaranmasını Avropaya inteqrasiyasının nəticələri kimi qiymətləndirənlər var. Siz necə düşünürsüz? - Mən elə deməzdim. Bu sadəcə bir xəstəlikdir. Xarici ölkələrdə bu kimi müraciətlərin sayı daha çoxdur. Bir dəfə Türkiyədə keçirilən konfransda bir xanım cinsiyyətini dəyişmək üçün müraciət etmişdi. Prosedura uyğun şəkildə analizlər aparılıb, psixoloq rəyi alınıb. Söhbət əsnasında qız dedi ki, bunu intiqam üçün edir. Sən demə, bunun bacısı bir oğlanla ailəli olub. Daha sonra boşanıblar. İndi bu qız cinsiyyətini dəyişib, oğlanın bacısı ilə ailə qurub boşanmaq istəyir ki, intiqam alsın. Təsəvvür edin psixoloji sarsıntılar insanlara nələr etdirə bilir. Bu yolla intiqam alacam deyirdi. - Bəs sonda nə oldu? - Əməliyyat məsələsi dərhal təxirə salındı (Gülürük). Xanım ciddi psixoloji müalicəyə göndərildi. Ümid edirəm ki, mütəxəssislər artıq onu fikrindən daşındıra biliblər. Könül Cəfərli