​İnquşetiya QARIŞDI: xalq küçələrə çıxdı, atəş açıldı... - Video

Baxış sayı:
5134

İnquşetiyada yenidən etiraz aksiyalarına start verilib.
Etirazçılar parlamentin Çeçenistanla sərhəd mübadiləsi haqqında razılaşmanın təsdiqindən sonra onun qarşısına toplaşıb. Hazırda İnquşetiyanın paytaxtı Maqasda yollar qapadılıb, internetin fəaliyyətində fasilələr müşahidə edilir.
“BBC Rusiya” parlamentin müqaviləni təsdiq etməsindən sonra deputatlardan ibarət nümayəndə heyətinin Rusiya Milli Qvardiyasının əsgərlərinin müşayiəti ilə etirazçıların qarşısına çıxdığını bildirib. Məhz bu zaman atəş səsləri eşidilib və deputatlar dərhal parlament binasına aparılıblar.
Yabloko Partiyasının İnquşetiyadakı nümayəndəliyinin rəhbəri Ruslan Mutsolqov isə atəşin hüquq-mühafizə orqanları tərəfindən açıldığını bəyan edib. O, hazırda mitinqdə 10 minə yaxın adamın iştirak etdiyini bildirib.
Qeyd edək ki, İnquşetiya parlamentində müqavilənin təsdiqlənməsi ilə bağlı iclasda 32 deputatdan 25-i iştirak edib. Bu deputatlardan 17-si müqavilənin lehinə, 3-ü isə əleyhinə səs verib. Çeçenistan parlamenti isə sərhəd mübadiləsi haqqında müqaviləni yekdilliklə təsdiqləyib.
Müqaviləyə əsasən, İnquşetiya və Çeçenistan illərdir mübahisəyə səbəb olan rayonların dəyişdirilməsinə izn veriblər.