​İngiltərədə 27 min uşaq qanqster dəstələrinin üzvüdür

Baxış sayı:
9781

İngiltərənin yetkinlik yaşına çatmayanlar üzrə komissarının hesabatında deyilir ki, hüquq-mühafizə orqanları bu ölkədə 27 min uşağın qanqster dəstələrinin üzvü olduğunu müəyyən edib.
Muxalifet.az BBC telekanalına istinadla xəbər verir ki, komissar Enn Lonqfildin hesabatına görə, rəsmi qeydiyyata alınan azyaşlı cinayətkarlardan başqa, İngiltərədə 34 min uşağın müxtəlif cinayətlərdə iştirakı barədə məlumatlar var. O əlavə edib ki, silahlı cinayətkar dəstələr yoxsul ailələrdən olan və ya kimsəsiz uşaqları hiyləgər metodlarla ələ keçirir və yaşlı qanqsterlərə itaət etməyə məcbur edirlər. Onlardan bir çoxu əqli qüsurları olan və valideynləri tərəfindən fiziki zorakılığa məruz qalanlardır.
Hesabatda qeyd olunur ki, qanqsterlərə qoşulan qız uşaqları seksual zorakılığa məruz qalır, bir çox hallarda insan alveri ilə məşğul olan cinayətkarların qurbanına çevrilirlər. Lakin polis orqanları bu azyaşlılardan cəmi 6500 nəfərini müəyyən edə biliblər.
Enn Lonqfild məktəbləri və valideynləri “uşaq ovçuları” ilə mübarizədə daha fəal olmağa, hüquq-mühafizə orqanlarına kömək etməyə çağırıb. Kimsəsiz uşaqlara gəldikdə isə, komissar dövlət orqanlarını bu azyaşlıların sosial və hüquqi müdafiəsini gücləndirməyə səsləyib./AZƏRTAC