İlan və əqrəb sancmaları artıb - necə qorunaq?

Baxış sayı:
4405

Ölkənin tibb məntəqələrində zərdab məsələsi gündəmdə...

İsti havaların gəlişi ilə ilan sancması mövsümü də başlayıb. Artıq ilan və əqrəb sancmaları ilə bağlı xəstəxanalara müraciətlər artıb. Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov virtualaz.org-a bildirib ki, ilan sancması diaqnozu ilə 6, əqrəb sancması ilə 3 xəstə gətirilib. Müraciətlər əsasən Bakıətrafı kənd və qəsəbələrdən, eləcə də Aran bölgəsindəndir. “Hələ havalar sərin keçir. Mayın sonlarından başlayaraq müraciətlər artacaq”, - baş həkim söyləyib.

Qeyd edək ki, əqrəb sancmaları ilan sancması qədər təhlükəlidir. Xüsusilə qara əqrəbin zəhəri daha kəskin olur. Müşahidələr göstərir ki, hər il apreldən oktyabradək 100-dən çox ilan, 20-30 sarı və qara əqrəb sancması qeydə alınır. Bəs görəsən, yay aylarında ilan sancması hadisələrində ölüm hallarının qarşısını almaq üçün Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisələrinə kifayət qədər zərdab verilirmi?

Mövzu  ilə bağlı “Yeni Müsavat”a danışan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirdi ki, bu il təkcə ilan sancmaları deyil, həmçinin it dişləməsi halları da çox olub: “Bununla bağlı zərdab tədarükü görülüb. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi var. Bu peyvəndlər dünyada iki ölkədə buraxılır. Bunlardan biri Fransa, digəri isə Özbəkistandır. Onlar hamısı alınıb, sayı kifayət qədərdir. Bu il it dişləmələrinin sayı çox olduğu üçün dərhal yerindəcə yardım edilməsi məqsədilə təcili tibbi yardım avtomobillərinə də bu zərdab paylanılıb. Zərdabların paylanmasına gəlincə, biz coğrafi şəraiti nəzərə alaraq paylayırıq. İnnovasiya mərkəzlərində sorğu keçirilir ki, ötən il hansı rayonda neçə  it dişləməsi və ya ilan sancması halı olub. O rayona həmin sayda zərdab verilir”.

Pərviz Abubəkirov ile ilgili görsel sonucu

P.Abubəkirovun sözlərinə görə, baş həkimlərə də tapşırılır ki, son 3 zərdab qalanda öncədən məlumat versinlər və yenidən zərdab göndərilsin: “Məsələn, bu yaxınlarda Zaqatalada bir gündə 3 müxtəlif kənddə it dişləməsi oldu. Onlar zərdab sayının azalması ilə bağlı müraciət etdilər. Artıq zərdablar bütün rayonlara paylanılıb, heç bir problem yoxdur. Bakıda 17, bölgələrdə 64 tibb məntəqəsinə zərdablar paylanılıb. Bu il sözügedən məsələdə heç bir problem olmayacaq. Bu il bizi ən çox  narahat edən it dişləmələridir. Ötən il 20 min belə hadisə qeydə alınmışdısa, bu ilin ilk 3 ayında artıq 5 minə yaxınlaşıb. Ona görə də it dişləməsi ilə bağlı zərdabların sayını artırmışıq”.

Mütəxəssislərin sözlərinə  görə, ilan sancan kimi yeri qızarıb şişməyə başlayırsa, bu, ilanın zəhərli olduğu mənasını verir. Zəhərli ilan sancan zaman bir neçə dəqiqə ərzində yerində qızartı, şişkinlik və ağrı olur. Dişlənilən yerdə içi qanlı və ya maye dolu kisələr, dəri altında qanaxmalar meydana gəlir. Ürək bulanması, qusma ilə yanaşı müxtəlif orqanlarda qanaxma müşahidə edilə bilər. Zəhərin bədənə yayılmaması üçün ilan sancanı hərəkət etdirmək olmaz. Bədənə daxil olan zəhərin miqdarı zəhərin gücünə, sorulan zəhərin miqdarına və bədənin böyüklüyünə görə təhlükə meydana gətirir. Dişlənilən yerin dəri və yağ təbəqəsinin qalınlığı da buna təsir edir.

İlan zəhərləri ən çox mərkəzi sinir sisteminə  və qan-damar sisteminə təsirini göstərir. Uşaqlarda daha təhlükəlidir. İlan sancan adamda ürək bulanması, qusma, tərləmə, huşunu itirmə, təzyiqin qalxması, həddən artıq tüpürcək ifrazatı, danışma çətinliyi, görmə pozuntusu, əzələ səyirməsi, burun qanaması, sidik, nəcis və ya tüpürcəkdə qan müşahidə edilə bilər. İlan sancan şəxsdə mürgüləmə, diafraqma və digər tənəffüs əzələlərində iflic, tənəffüs dayanması və ölüm baş verə bilər. Xəstəyə qəhvə, spirtli içki, isti içki və s. kimi qan dövranını sürətləndirəcək maddələr verilməməlidir. Xəstənin gəzməsinə icazə verilməməlidir.

Qeyd edək ki, Azərbaycanda  ən yayılan ilan növləri gürzə,  sarı rəngli dağ suilanı,  boz rəngli suilanıdır. Gürzə xüsusilə Bakı və ətraf kəndlər, Xəzər ətrafı zonalar xüsusilə  geniş yayılmışdır.

Mütəxəssislər xəbərdarlıq edir ki, ilan sancmasından qorunmaq üçün  sayıq olmaq,  ayaq basılan yerə diqqətlə baxmaq lazımdır.  Hündür otlar, sıx kollar və alaq basmış qayalar olan yerlərdən uzaq gəzmək, qaranlıqda çöldə gəzmək təhlükəlidir. Çünki bir çox zəhərli ilanlar gecələr daha fəal olurlar. Təbiət qoynunda ikən yerdə yatmaq olmaz, ilanlar insan bədəninin hərarətini xoşlayırlar. Əli və ya ayağı  qayalarda, ağaclarda və ya yerdə olan dəliklərə salmaq olmaz. İlan sancması halında ilk iş tibbi yardım üçün zəng olmalıdır. Onlar xəstəni müalicə üçün ən yaxın tibb məntəqəsinə çatdırmalıdırlar. O da faktdır ki, ilanların zəhəri bir dəfə sancmaqla qurtarmır, onu öldürməyə çalışan növbəti şəxsi də sanca bilər.

Xatırladaq ki, dünyada ilansancmadan qaynaqlanan zəhərlənmə və ölüm halları ən çox Cənubi Asiya, Cənub-Şərqi Asiyada müşahidə edilir. Ən çox ölüm halları isə Hindistanda baş verir./musavat.com