İCRA BAŞÇISININ TUALET BİZNESİ... – Və yaxud Nizami rayon ağsaqqallarının Milli Məclisdən tualet diləyi!

Baxış sayı:
13849

Qədim Roma imperatoru Vespasianın ictimai tualetlərdən “Pullar iy vermir” deyimi ilə haqq yığması metodundan qədim Bakımızın yeni “imperatorları” - icra başçıları geninə-boluna yararlanırlar. Ötən ilin sonlarında ölkənin baş şəhərinin Nizami rayonundakı Bəhruz Nuriyev küçəsində yerləşən Heydər parkında yaşıllığın yerində obyekt tikilməsinə bağlantılı qurumların ilgisi (münasibəti) belə deməyə əsas verir. Nizami rayon İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Tariyel Tahirov sakinlərin Nazirlər Kabinetinə Bəhruz Nuriyev küçəsində yerləşən Heydər parkında yaşıllığın yerində obyekt tikilməsi haqqında şikayətlərinə cavab olaraq bildirib: “C.Naxçıvanski -67 saylı binanın sakinlərinin və sözügedən istirahət parkında istirahət edən rayon ağsaqqallarının çoxsaylı müraciətləri nəzərə alınaraq köhnə sanitar qovşağının yerində yeni müasir tələblərə cavab verən sanitar qovşağının quraşdırıldığını”. Fikir verin, C.Naxçıvanski küçəsinin ağsaqqalları Bəhruz Nuriyev küçəsindəki parkda tualet tikilməsi üçün illərdir müraciət edirlərmiş?! Bakı şəhəri İcra Hakimiyyəti başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov 28.01.2019 -cu il tarixli məktubla Nizami RİH-in tarixi göstərilməyən bu cavabını olduğu kimi təkrar edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynov 12.02.2019 tarixli məktubla “Nizami rayonundakı “Heydər parkı”nın yaşıllıqdan azad hissəsində 4×5 metr ölçüdə mişar daşından ayaqyolu tikildiyini, ağac kəsilməsinin qeydə alınmadığını” bildirib . Maraqlıdır, “parkın yaşıllıqdan azad hissəsi” hara nəzərdə tutulur? Bu cavabların, yaşıllığa ayaqyolu tikintisi adına qənim kəsilmənin bircə cavabı var: icra hakimiyyəti başçılarının - “imperatorların” qanunsuz tikinti-tualet biznesi! Hansı ağsaqqal Milli Məclisdən pullu tualet tikilməsini xahiş edər? Özü də hər 2 parkda - həm C. Naxçıvanski, həm də Bəhruz Nuriyev küçəsindəki parkda - bir neçə tualet ola-ola! Onu da deyək ki, 30 qəpiklik “ayaqyolu xidməti” elə də ucuz biznes deyil. Milli Məclisdən ağsaqqalların tualet diləyini icra hakimiyyətinin asanlıqla gerçəkləşdirməsi haqlı sual doğurur: Nərimanov rayonu Əhməd Rəcəbli küçəsinin dövlət sifarişi ilə tikilən (?) kanalizasiyasız (?) evinin əlil və şəhid ailələrindən ibarət sakinlərinin Milli Məclisə, NK-ya, PA-ya on illərdir edilən müraciətlərinə niyə baxılmır? Bu ilgi qanunsuzluğun başında elə icra hakimiyyəti orqanlarının dayandığını göstərir. Ədalət adına onu deyək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qanunsuz tikintinin “tualet” adına əsaslandırılması ilə razılaşmayıb. Komitənin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Akif Abdullayev Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova 21.01.2019 tarixli məktubla bildirib ki, “həmin tikinti işlərinin C.Naxçıvanski, 67 saylı binanın bir qrup sakininin Azərbaycan Respublikasının Milli Məclisinə müraciəti əsasında park rəhbərliyi tərəfindən inşa edilməsi bildirilsə də, tikintinin aparılmasına dair heç bir hüquq təsdiqedici sənəd təqdim edilməmişdir”. Nizami İcra Hakimiyyəti başçısına qanunvericiliyin və “Yerli icra hakimiyyəti orqanları haqqında əsasnamə”nin tələblərinə uyğun tədbirlərin görülməsini xahiş edən baş idarə rəisinin xahişi 45 gündür qulaqardına vurulur. Yaşıllığın, parkın “tualet” adına, qazanc adına zəbt edilməsi mədəniyyət adına ləkədir. Tualet biznesindənsə parklarda kitab köşkləri quraşdırmaq daha məntiqli və mədəni biznes olmazdımı? Məğrur BƏDƏLSOY