İcra başçısının gizlətdiyi pulla neçə nəfərə 190 manat vermək olar?

Baxış sayı:
2376

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilən İmişlinin icra başçısı Vilyam Hacıyevin evindən müxtəlif valyutalarda külli miqdarda pul çıxması ictimai müzakirələrə səbəb olub. 

DTX-nın yaydığı əməliyyat videosundan görünür ki, Vilyam Hacıyevin evində axtarış aparılarkən dörd “banderol” pul çıxıb.

Bunlardan ikisi dollar, ikisi isə avro əskinaslarıdır. Avro ilə olan “banderollardan” birinin üzərində 500 000 yazıldığı görünür. Digər “banderollar”da eyni ölçüdədir. O zaman güman etmək olar ki, Vilyam Hacıyev pulları yüz-yüz qablaşdırıb. Bu halda dollarla olan “banderolların” hərəsində də 500 000 (100-lük əskinaslarla) olduğunu söyləmək olar. Deməli, dollarla olan pulun məbləği toplam olaraq 1 milyondur.

Avro ilə olan banderollara gəlincə, birinin məbləğini yuxarıda qeyd etdik. Digəri isə 500-lük əskinaslardır. Onların da yüz-yüz qablaşdırıldığını təxmin etsək, o zaman həmin “banderol”da  2 milyon 500 avro olduğunu söyləmək olar. Əvvəlki 500 000 avronu da bunun üzərinə əlavə etsək, 3 milyon avro edir.

1 milyon dollar Azərbaycan manatı ilə 1 786 000,  3 milyon avro isə 6 milyon manat edir. Bunların cəmi  8 milyon manatdır ki, bu məbləğə 42 105 işsiz vətəndaşa 190 manat maliyyə yardımı etmək olar. Bir daha qeyd edək ki, bu təxmini hesablardan gəlinən nəticədir. Məbləğ daha böyük də ola bilər./Yenisabah.az/