Həyat yoldaşının kimliyini gizlədən Oksana Rəsulova: “Uşaq atasız olmur”

Baxış sayı:
9241

“Əllərindən təhqir və tənqiddən başqa heç bir iş gəlməyən bəzi insanlara çatdırmaq istəyirəm ki, siz bir az kitab oxuyun, kitab yoxdursa, internetdən məlumat alın, oxuyun, maraqlanın. Çox acınacaqlı haldayıq, üzülürəm belə hallara. İllərdir ki, Azərbaycanda sonsuzluğa qarşı olan, övlad həsrəti ilə yaşayan insanlar üçün heç bir müalicə kömək etmədiyi halda - XXI əsrin öndə gedən tibb proseduru süni mayalanmadır. Hazırda qadın sonsuzluğu ilə bərabər kişi sonsuzluğu da geniş yayılıb və bir çox ailələr məhz süni mayalanma üçün həkimlərə müraciət edirlər. Yəni, demək istəyirəm ki, süni mayalanmadan olan uşaq bəzilərinin başa düşdüyü kimi atasız olmur, hər bir uşağın atası var”. Bu sözləri aktrisa və rəqqasə Oksana Rəsulova sosial şəbəkədə yazıb. Övladının atasının kimliyini gizlədən məşhur onu irad tutanlara cavab verib: “Vay o günə ki, uşaq atası yanında ola-ola atasız qalsın, belə şeylərdən qorxun, yazın, danışın ki, olmasın! Ona görə də “Süni mayalanmadan olan uşaq atasızdır” kimi fikirlər söyləməyin, günahdır, körpələrin haqqına girməyin. Süni mayalanma nikahlı ailələrə də edilir! Göydə Allah, yerdə isə peşakar həkimlər... Və təbii ki, yanında olan, sənə ürək-dirək verən ailən. Allah arzularınıza və saf niyyətlərinizə çatdırsın”. Qeyd edək ki, Oksana Rəsulova hamilə olduğu üçün uzun müddət efirlərdə görünmədi. Ulduz övladının atasının kimliyini gizli saxladığı üçün qınaq obyekti olub. Avqustun ortalarında 1 ildir evli olduğunu açıqlayan aktrisa 30 avqustda oğlan övladı dünyaya gətirib. Oksana əvvəlcə təbii yolla hamilə qaldığını bildirsə də, bu açıqlaması ilə süni mayalanma yolu ilə ana olduğunu etiraf edib.