Həsən Ruhani İraqda kimlərlə və niyə görüşdü...

Baxış sayı:
20149

Ruhani Ayətullah Sistani ilə görüşən ilk İran prezidentidir
Xəbər verdiyimiz kimi, İran prezidenti Həsən Ruhani martın 11-də İraqa 3 günlük səfər edib. Bağdada səhər saatlarında gələn Həsən Ruhani rəsmi qarşılanma mərasimindən əvvəl bu şəhərdə yerləşən Kazimeyn məntəqəsində 7-ci imam Musa əl-Kazim və nəvəsi, 9-cu imam Məhəmməd Təqinin məzarını ziyarət edib.
Həsən Ruhani Bağdadda İraq prezidenti Bərham Saleh, baş nazir Adil Əbdülmehdi, parlamentin sədri Məhəmməd əl-Halbusi ilə görüşüb, iki ölkə arasında bir sıra anlaşmalar imzalanıb.
Martın 13-də isə Həsən Ruhani İraqda dini mərkəz olan Nəcəf şəhərinə səfər edib. Nəcəfə gedən Həsən Ruhani ilk olaraq bu şəhərdə yerləşən birinci İmam Əlinin (ə) məqbərəsini ziyarət edib. Daha sonra isə İran prezidenti Nəcəf şəhərində yaşayan dünya şiələrinin əsas dini liderlərindən biri, Ayətullah əl-Uzma Seyyid Əli Sistani ilə görüşüb. Görüş Sistaninin Nəcəfdəki evində baş tutub. Ruhani ilə birlikdə xarici işlər naziri Cavad Zərif və İranın İraqdakı səfiri İrəc Məscidi də görüşdə iştirak edib.
Ruhaninin Sistani ilə görüşünün detalları məlum olmasa da, İraqda böyük nüfuza malik din adamı ilə görüş xeyli maraq doğurub. Ruhani Ayətullah Sistani ilə görüşən ilk İran prezidentidir. 1992-cü ildə Ayətullah Seyyid Əbülqasim əl-Xoyinin (Azərbaycan əsilli Xoyi həm də Sistaninin qaynatası olub - K.R.) vəfatından sonra Nəcəf elmi hövzəsinin rəhbəri olan Sistani İraq tarixində ən mürəkkəb bir dövrdə dini lider funksiyasını daşıyıb. ABŞ işğalı zamanı şiə silahlı üsyançılarının 2004 və 2006-cı illərdəki başlatdıqları müharibələr Sistaninin vasitəçiliyi ilə yatırılıb. 2014-cü ildə isə İŞİD-in Mosulu işğal etməsindən sonra Ayətullah Sistani cihad fətvası verib və səfərbərlik elan edib. İŞİD-in məğlub edilməsi məhz bu fətva ilə başlayıb. Bundan başqa İraq siyasətçiləri Ayətullah Sistani ilə hesablaşır və seçkilər. eləcə də yeni hökumətlərin qurulması ilə bağlı din adamının çağırışları eşidilir. 2017-ci ildə Şimali İraq Kürd Administrasiyasına qarşı əməliyyat zamanı da kürdləri müdafiə edən çağırışı ilə Sistani faktiki olaraq İraqda etnik münaqişənin qarşısını alıb.

Картинки по запросу Ayetullah Sistani Ruhani

Ayətullah Sistaninin ofisindən verilən məlumata görə görüşdə iki ölkə əlaqələri, eləcə də İraqın qonşuları ilə münasibətləri müzakirə olunub, eləcə də digər ölkələrin bu münasibətlərə təsir göstərə bilməyəcəyi vurğulanıb.
Daha sonra Həsən Ruhani Nəcəfdə İran İslam inqilabının lideri Ayətullah Ruhullah Xomeyninin bu şəhərdəki evini ziyarət edib. Ayətullah Xomeyni 1965-68-ci illərdə Nəcəfdə sürgündə yaşayıb və burada dini təhsillə məşğul olub. Özünün dini-siyasi hakimiyyət modeli olan Vilayət-Fəqih nəzəriyyəsini hazırlayıb.
Maraqlıdır ki, Nəcəfdə Xomeyninin evini ziyarət edərkən Həsən Ruhani iki din xadimi ilə görüntülənib. Bunlardan birincisi, Əli Əkbər Möhtəşimipur, ikincisi isə Əli Xomeyni olub. Qeyd edək ki, Əli Xomeyni İran islam inqilabı liderinin nəvəsidir. Eyni zamanda şəhid Sədrin qız nəvəsi, eyni zamanda Ayətullah Sistaninin nəvəsi ilə evlidir. Əli Xomeyni İranın hazırkı dini lideri Seyid Əli Xameneyi və Qüds briqadasının əfsanəvi generalı Qasim Süleymani ilə yaxın əlaqələrə malikdir.

Картинки по запросу Ayetullah Sistani Ruhani

Qeyd edək ki, ötən il Seyid Əli Xomeyninin adı İran ali dini lideri postuna namizədlər arasında çəkilirdi. Ancaq bu söhbətlərdən bir qədər sonra Əli Xomeyni İranı tərk edərək İraqa- Nəcəfə köçdü. Bəzi məlumatlara görə hazırda 34 yaşı olan Əli Xomeyni Nəcəfdə ali dini təhsil alır. Bu da bir mənada onun gələcək dini-siyasi karyerası ilə bağlı xəbərləri təsdiqləyir.
Görüşdə iştirak edən Möhtəşimipur isə daha əvvəl İranın Suriyadakı səfiri olub və bu zaman Livanda Hizbullah Hərəkatının formalaşması və güclənməsində İran tərəfdən yaxından iştirak edən şəxslərdən biri olub. Həsən Ruhaninin bu iki şəxslə görüşü bölgəni yaxından izləyən beynəlxalq media qurumlarının da diqqətini cəlb edib. Xüsusən də sonuncu qeyd etdiyimiz şəxslərlə görüşü. Çünki bu görüş İraq deyil, birbaşa İran siyasəti ilə bağlı idi, xüsusən də dini və siyasi fəaliyyətlərin mərkəzində olan şəxslər olaraq./musavat