​Həsən Ruhani: Dünya İranın haqlı olduğunu bir daha gördü

Baxış sayı:
4165

ABŞ istənilən halda Beynəlxalq Məhkəmənin qərarını yerinə yetirməyəcək. Lakin bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və dövlətlər İranın haqlı olduğunu bir daha gördülər.
Bunu prezident Həsən Ruhani Beynəlxalq Ədalət Məhkəməsinin İrana qarşı tətbiq edilən bir sıra sanksiyaların aradan qaldırılmasının vacibliyi haqqındakı qərarına münasibət bildirərkən deyib. Prezident məhkəmənin qərarını İranın hüquqi və siyasi qələbəsi kimi qiymətləndirib.
Xatırladaq ki, məhkəmənin qərarında ABŞ-ın İranın mülki aviasiyasına, kənd təsərrüfatı və əczaçılıq sahələrinə tətbiq etdiyi sanksiyaları aradan qaldırmalı olduğu vurğulanıb. ABŞ-ın İrana qarşı sanksiya tətbiq etməsi iki ölkə arasında 1955-ci ildə imzalanmış “Dostluq, iqtisadi münasibətlər və konsulluq” haqqında müqaviləyə ziddir. Qərarda qeyd olunur ki, sanksiyalardan sadə vətəndaşlar zərər çəkməməli və tərəflər münaqişə yarada biləcək addımlardan çəkinməlidirlər.
ABŞ-ın dinləmələrdə iştirak edən hüquqşünasları bu qərara etiraz edərək iddia ediblər ki, iki ölkə arasında imzalanmış dostluq haqqında müqavilə artıq qüvvədə deyil və qüvvədə olsa belə, sanksiyalar müqaviləyə zidd deyil. Lakin məhkəmə ABŞ hüquqşünaslarının iddiasını təmin etməyib.
Bu gün səhər xarici medianın yaydığı xəbərlərə əsasən ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib ki, rəsmi Vaşinqton 1955-ci ildə İran ilə imzalanmış “Dostluq, iqtisadi münasibətlər və konsulluq” haqqında Müqaviləni ləğv edib.
Siyasi müşahidəçilərin fikrincə, Ağ Evin bu addımı onu deməyə əsas verir ki, ABŞ məhkəmənin qərarına baxmayaraq, sanksiyaları davam etdirəcək. Ağ Evin 1955-ci ildə imzalanmış müqaviləni ləğv etməsi isə sanksiyaların beynəlxalq hüquqa uyğun olmasını göstərmək üçündür. İran ilə ABŞ arasında heç bir əlaqə olmadığı halda müqavilənin qüvvədə qalması siyasi baxımdan əhəmiyyət daşımırdı. Onsuz da tərəflər bu müqavilənin heç bir şərtinə əməl etmirdilər.(AzərTAc)