Hər il Azərbaycanda bu qədər miqrant aşkarlanır

Baxış sayı:
256

Azərbaycanda Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mübarizə istiqamətində ciddi addımlar atır. İl ərzində orta hesabla 20 mindən çox qanunsuz miqrant aşkarlanır. Onların bir hissəsi könüllü olaraq öz ölkələrinə göndərilir. Bir hissəsinin isə ölkə ərazisində qalmaları leqallaşdırılır və ya ölkədən çıxarılır. Bu, miqrantların təhlükəsizliyi, eləcə də insan alveri qurbanına çevrilməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Muxalifet.az xəbər verir ki, bu barədə iyunun 12-də “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın gücləndirilməsi” layihəsinin başa çatması ilə bağlı keçirilən konfransda DMX rəisinin müavini Pərviz Musayev deyib.
P.Musayev qeyd edib ki, layihə DMX-nin əməkdaşları üçün çox faydalı olub. Xidmət tərəfindən qanunsuz miqrasiyaya qarşı aparılan tədbirlər zamanı qurumun əməkdaşları saxlanılan şəxslər, qanunsuz miqrantlar arasından insan alverinin qurbanı olanların müəyyənləşdirilməsi qaydalarına yiyələniblər. DMX-nin gördüyü bu tədbirlər Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə həyata keçirilir. 2018-ci ildə qanunsuz miqrantların Azərbaycana gətirilməsi kanalları DMX tərəfindən görülən tədbirlər nəticəsində aşkarlanıb. Aparılmış araşdırmalar nəticəsində konkret şəxslər müəyyənləşdirilib. Bu faktlar sübut edir ki, insan alverinə qarşı mübarizə üzrə layihələrin icrası çox vacibdir.