“HƏR DƏFƏ RUSİYADAN QAYITDIQDAN SONRA AZĞINLAŞIRLAR” – Professor Tofiq Quliyevlə MÜSAHİBƏ

Baxış sayı:
4540

“İndiyə qədər Qarabağ probleminə yanaşma qeyri- konseptual səciyyə daşıyıb”

 

Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Azərbaycanın Əməkdar Elm Xadimi, keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü, “Qızıl qələm” mükafatçısı, iqtisad elmləri doktoru, professor Tofiq Əvəz oğlu Quliyevin Rusiya prezidenti Vladimir Putinə yazdığı məktublar ictimaiyyət tərəfindən geniş maraqla qarşılanıb. Xüsusən onun Dağlıq Qarabağ probleminə yanaşmanın düzgün olmadığına dair fikirləri, münaqişənin həlli ilə bağlı irəli sürdüyü bir sıra yeni təkliflər diqqəti cəlb edir. Professorun bu fikirləri ilə ölkə ictimaiyyətini də tanış etmək üçün, onunla görüşüb müsahibə götürdük. Beləliklə, müsahibimiz iqtisad elmləri doktoru, professor Tofiq Quliyevdir.

- Hörmətli professor, Siz Rusiya prezidenti Putinə Qarabağ problemi ilə bağlı 4 dəfə müraciət etmisiniz. Müraciətlərinizin mətni saytımız vasitəsilə də yayılıb. Bu müraciətləri etməkdə məqsədiniz nədən ibarətdir? Sizi burada narahat edən nədir və hansı məsələlərə reaksiya verilməsini istəyirsiz?

– Bəli, düzdür, mən Putinə dörd dəfə müraciət etmişəm. Ancaq yalnız Putinə yox, eyni zamanda Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, “Rossiya 1” kanalının aparıcısı Vladimir Solovyova və digər nüfuzlu şəxslərə (Jirinovski və sair) müraciətlərim olub. Bir müraciət də hazırlayıb, ingilis dilinə tərcümə etdirmişəm, yaxın günlərdə ABŞ və Fransa prezidentlərinə də göndərmək fikrindəyəm. Müraciətlərimin əsas məqsədi, əlbəttə, ilk öncə diqqəti Qarabağ probleminə cəlb etməkdir. İndiyə qədər Qarabağ probleminə yanaşma həm ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm də böyük ölçüdə dünya ictimaiyyəti tərəfindən qeyri-konseptual səciyyə daşıyıb. Buna görə də, mən müraciətlərimdə Qarabağ probleminə konseptual yanaşmanın vacibliyini vurğulamışam, bu istiqamətdə fikirlərimi açıqlamışam.

- Siz qeyri-konseptuallıq dedikdə nəyi nəzərdə tutursunuz?

– Birinci növbədə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, həmçinin Ermənistan tərəfinin bu problemə qeyri-məntiqi, aldadıcı ritorika qaydasında yanaşmasını… Məsələn, əvvəla, bizə deyirlər ki, bu məsələ sülh yolu ilə həll edilsin. Biz də bunu istəyirik, razılaşırıq. Lakin hansı yolla həll etməliyik dedikdə, qeyri-səmimilik, qeyri-reallıq özünü göstərir. Azərbaycan torpaqlarının işğal olunması faktı bir tərəfdə qalır, “tərəflər güzəştə getməlidir” kimi mücərrəd fikirlər səsləndirilir. Hətta bəzən deyirlər ki, bunun üçün tərəfləri sülhə məcbur etmək lazımdır. Məgər Azərbaycan Ermənistanın ərazisini işğal edibdir ki, bizi sülhə məcbur etsinlər? Ermənistan tərəfi də bir tərəfdən deyir ki, bu problemi sülh yoluyla həll etmək istəyir. Ancaq eyni zamanda Qarabağın Ermənistan torpağı olduğuna dair bədnam fikirlərindən əl çəkmirlər. Bununla da həmsədrlər və Ermənistan tərəfi özlərini də, bizi də, necə deyirlər, dilemma qarşısında qoyurlar. Yəni, onların həqiqətən problemin həllinə çalışmasına ciddi şübhə yaranır. Belə görünür ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktına hansısa şəkildə hüquqi don geyindirməyə çalışırlar. Bu məqsədlə də ermənilərin, guya, öz müqəddəratını təyin etmək hüququnun olduğu fikrini irəli sürürlər. Halbuki, bu problemin meydana çıxmasına səbəb ermənilərin öz müqəddəratını təyin etmək istəməsi deyil, Azərbaycan torpaqlarının hesabına Ermənistan ərazisini genişləndirməyə çalışmalarıdır. Çünki ermənilər qədim Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan dövlətini yaratmaqla öz müqəddəratını təyin etmək hüququndan artıq istifadə etmişdilər. Azərbaycan torpaqlarında ikinci Ermənistan dövləti yaratmaq və ya Ermənistan ərazisini genişləndirmək cəhdi isə yolverilməzdir, beynəlxalq hüquqa ziddir.

Eyni zamanda Azərbaycan bir unitar dövlət kimi Dağlıq Qarabağın müqəddəratını çoxdan pozitiv qaydada həll etmişdir. Bunu ermənilərin də bir çoxu etiraf edir. Məsələn, bu yaxınlarda Ermənistanda baş verən hadisələrdən sonra Xankəndində keçirilən mitinqlərdə sadə ermənilər öz çıxışlarında əvvəllər – Azərbaycanın tabeliyində olarkən daha yaxşı yaşadıqlarını bildirirdilər. Ermənistan qadınları isə dəfələrlə övladlarının “özgə torpaqlarında” həlak olmalarına etiraz edib, bu cür halları pisləyiblər. Bu isə Azərbaycan torpaqlarının işğalının sadə ermənilərin də marağında olmadığını söyləməyə əsas verir.

Yeri gəlmişkən, qeyd etmək istərdim ki, millətlərin öz müqəddəratını təyin etməsi, əsasən, Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi zamanı, yəni müstəmləkə ölkələrinin imperiyalara qarşı mübarizəsi şəraitində daha aktual olmuşdu. İmperiyalar dağıldıqdan, milli dövlətlər yaradıldıqdan sonra dövlətlərin ərazi bütövlüyü prinsipi daha üstün prinsip kimi təsbit edildi. ATƏT-in Lissabon Sammitində Ümumilli lider Heydər Əliyevin tutduğu prinsipial mövqe sayəsində Dağlıq Qarabağ məsələsinin də məhz bu prinsip çərçivəsində həll olunmasının mümkünlüyü beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunub. Bu da təbiidir. Çünki əgər indi məsələlərə müqəddərat baxımından yanaşılırsa, məsələn, Rusiya, İspaniya və başqaları parçalanmalı, çoxmillətli ölkələrin ərazisində xeyli sayda yeni xırda dövlətlərin yaranmasına rəvac verilməliydi. Buna hansısa dövlət razılaşarmı? Əlbəttə razılaşmaz, bu mümkünsüzdür.

- Professor, Qarabağ probleminin genezisi haqqında nə deyə bilərsiniz?

– Çox maraqlı sual verdiniz. Bu haqda düşünərkən, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illlərin əvvəllərində baş verən Qarabağ hərəkatını, Meydan hərəkatını, həmin vaxtlar baş verən bəzi xoşagəlməz hadisələri xatırladım. Təəssüflə qeyd etməliyəm ki, həmin vaxt baş verən hadisələri soyuq başla təhlil etdikdə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsində həm də özümüzün buraxdığı səhvlərin ciddi rol oynadığını görürük. Mən nəyi nəzərdə tuturam? Birincisi, Qarabağ problemini biz yaratmadıq. Bunu bizim üçün Ermənistandakı separatçılardan istifadə edən xarici mənfur qüvvələr yaratdı. Hansı ki, həmin qüvvələrin əsl məqsədi regionda münaqişə ocaqları yaradaraq, qonşu millətləri bir-birilə düşmən etmək, “parçala, hökm sür” siyasətini həyata keçirməkdi.

İkincisi, Qarabağ hərəkatı ilk illərdə paradoksal olsa da, ölkə daxilində ideoloji qarşıdurmalarla müşahidə olunurdu. Yəni, sosializmdən kapitalizmə, azad iqtisadiyyata keçid, sosial-iqtisadi sistemlərin dəyişilməsi və bununla əlaqədar olaraq bəzilərinin demokratik, bəzilərinin mili-azadlıq adlandırdığı hərəkatın güclənməsi, Qorbaçov “yenidənqurması” Respublikada ayrı-ayrı sosial təbəqələr, siyasi partiyalar arasında “soyuq müharibənin” baş verməsinə səbəb olmuşdu. Bir sıra siyasi partiya rəhbərləri hətta cəbhə zonasına gedərək, orada o vaxtkı hakimiyyətin əleyhinə əks təbliğat işləri aparırdı. Halbuki, dünyanın heç bir yerində müharibə gedən ölkədə siyasi partiyalar ya fəaliyyət göstərmir, ya da cəbhə zonasında olmur. Düşmən qalmışdı bir tərəfdə, daxildə siyasi mübarizə gedirdi. Beləliklə də, ölkəmizdə mövcud olan, necə deyərlər, nisbi faydalılıq nöqtəsi biflukasiya nöqtəsiylə əvəz edildi. Nəticədə “nə qədər pisdirsə bir o qədər yaxşıdır” müddəası bəzi qüvvələrin sanki seçim yolu, şüarı oldu. Elmi konsepsiyalar arxa plana keçdi, üstünlük emosionallığa verildi. Emosionallıq isə radikallıqla, bəzi delivativ davranışlarla nəticələnirdi. Belə bir şəraitdə, hətta necə deyərlər, inkarın inkarı qanununun prinsipləri də pozulurdu. Yəni, nəyi inkar etmək, nəyi qəbul etmək kimi məsələlərdə məntiqlə, ağılla deyil, emosional hisslərlə qərar verilirdi. Buna görə də bəzən biz özümüz üçün, Qarabağ üçün lazım olan addımları atmaqdan, qərarları qəbul etməkdən imtina edib, əksinə, bizə lazım olmayanları qəbul edirdik.

Məsələn, həmin dövrdə bəzi şəxslər Azərbaycan xalqına simpatiyası olan Şatalin, Popov və digər Rusiya generallarına, hərbçilərinə həddən artıq emosional münasibət göstərir, onlara hətta təhqiramiz şəkildə yanaşırdılar. Halbuki, onlardan istifadə edərək Dağlıq Qarabağdakı erməni separatçılarını təmizləmək olardı. Çaykəndin (keçmiş Şaumyan rayonunun) erməni separatçlarından təmizlənməsində olduğu kimi. Ancaq bizdən fərqli olaraq ermənilər həmin dövrdə rus hərbçilərindən məharətlə istifadə edirdilər. Xankəndində yerləşən 366-cı alaydan istifadə edərək Azərbaycanın bir sıra rayonlarını işğal etdilər, Xocalıda soyqırım törətdilər.

Mən həmin vaxt Azərbaycanın prezidenti olan Əbülfəz Elçibəyə məktub da yazaraq bildirmişdim ki, SSRİ-nin Azərbaycandakı hərbi hissələrinin komandanlığı ilə xoş münasibət yaratmaq lazımdır. Elə etmək lazımdır ki, onlar buradakı hərbi texnikanı, silahları yararlı halda Azərbaycana qoyub getsinlər. Bunu sonralar təsadüfən görüşdüyüm Nasosnuda hərbi xidmətdə olan keçmiş tələbəm də təsdiqlədi. O mənə dedi ki, rus hərbçilər onlara olan münasibətə görə yararlı hərbi texnikanı, döyüş başlıqlarını Rusiyaya göndərirdilər, yararsızları burda saxlayırdılar. Ancaq çox təəssüf ki, mənim məktubum işlədiyim Xalq Təsərrüfatı İnstitutunun rəhbərliyinə göndərilmişdi. Sanki, mən şəxsi nə isə istəyirdim… Ancaq mən eşitdiyimə görə, həmin vaxt Naxçıvan MR-ə rəhbərlik edən Ümummilli lider Heydər Əliyev yerli hökumətin üzvlərinə rus hərbçilərilə yaxşı münasibətlər qurmağı tapşırmışdı. Buna görə də, Naxçıvandakı hərbi hissələrdəki bütün silahları, hərbi texnikanı Azərbaycanda saxlamışdılar. Bu da Naxçıvanın müdafiəsində böyük rol oynadı.

Üçüncüsü, respublikaya ziyan verən bəzi addımlar vətənpərvərlik, kommunistlərə, sosialistlərə qarşı mübarizə pərdəsi altında atılırdı. Bu isə cəmiyyətdə bütün pozitiv qüvvələrin birliyini zəiflədirdi. Yəni, bütün qüvvələrin birləşərək, diqqəti Qarabağ probleminin Azərbaycanın xeyrinə həll olunmasına yönəltməsinə mane olurdu. Halbuki, elə bir şəraitdə problemə bu cür yanaşmaq düzgün deyildi. Ermənistanda isə hamısı Dağlıq Qarabağı ələ keçirmək istiqamətində birləşmişdilər, kommunist-antikommunist, sosialist-kapitalist qarşıdurması yox idi. Yəni, ermənilər Dağlıq Qarabağ məsələsində vahid mövqedən çıxış etdiyi halda, Azərbaycan daxilindəki hərc-mərclik, siyasi qarşıdurmalar rayonlarımızın işğalına bir növ şərait yaratdı.

- Tofiq müəllim, necə deyərlər, olan oldu, keçən keçdi. Bəs Qarabağ probleminin həlli üçün bundan sonra neyləmək lazımdır. Siz nə təklif edirsiniz?

– Əlbəttə, olan olub, lakin hələ keçən keçməyib. Hörmətli prezidentimiz İlham Əliyevin də dediyi kimi, Qarabağ müharibəsi hələ bitməyib. Doğrudan da, bu belədir, bizim bu sahədə işlərimiz hələ qabaqdadır. İndi əvvala, başlıca məsələ ölkədəki stabilliyi qorumaq, yerli-yersiz, impulsiv hərəkətlərə yol verməməkdən, tarixi genezisdən düzgün nəticə çıxartmaqdan ibarətdir.

İkincisi, əvvələr dediyim kimi, Qarabağ probleminin konseptuallığını, onun nəzəri-metodoloji aspektlərini işləyib hazırlamaq və dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Burada mənim nöqteyi-nəzərimcə əsas diqqət Dağlıq Qarabağ məsələsinin yalnız və yalnız Azərbaycanın daxili problemi olduğunu dünya ictimaiyyətinə, o cümlədən həmsədr dövlətlərin rəhbərlərinə çatdırmağa yönəldilməlidir. Demək lazımdır ki, bu bizim daxili işimizdir, buna heç kimin qarışmasına ehtiyac yoxdur. Onsuz da, həmsədrlər 25 ildir ki, bu məsələnin həllinə heç bir köməklik göstərmir. Həm də onların deyil, Azərbaycanın ərazisi işğal olunub. Azərbaycan başqalarının müdaxiləsi olmadan, bu məsələni qısa müddətdə həll edə bilər. Necə ki, İspaniya heç bir silah işlədilmədən Kataloniya problemini qısa müddətdə yoluna qoydu. Çunki İspaniya dövləti bu barədə imperativ səlahiyyətindən uğurla istifadə etdi. Həm də heç bir xarici qüvvə bu işdə İspaniyaya mane olmadı. İspaniya da ərazi bütövlüyünü təmin etdi. Hətta Kataloniyada 700 adama cinayət işi qaldırıldı. Nəyə görə Azərbaycan belə etməsin?

Əlbəttə, uzun illər boyu ermənilər, o cümlədən Dağlıq Qarabağda yaşayan sadə ermənilər azərbaycanlılarla dostluq şəraitində yaşayıblar. Ona görə də xarici müdaxilə olmazsa, Azərbaycan dövləti bu problemi Kataloniya qaydasında qısa müddətdə həll edə bilər. Bu erməni tərəfinin, erməni xalqının da xeyrinə olardı. Bunu nə qədər tez anlarlarsa, bir o qədər yaxşıdır. Başa düşmək lazımdır ki, qonşu xalqlar arasında əbədi olaraq düşmənçilik toxumu səpmək heç bir tərəfə xeyir gətirməz. Bu, siyasi ideoloqlara, o cümlədən ziyalılara yaraşan iş deyildir. Lakin təəssüf ki, bəzi erməni ziyalıları barışığa cəhd etmək əvəzinə, bütün güclərini millətlər arasında nifaq yaratmağa sərf edirlər. Bu ən azı günahdır, cinayətdir. Bunun qarşısı alınmalıdır.

Üçüncüsü və ən başlıcası, qondarma öz müqəddəratını təyin etmək, öz təhlükəsizliyini təmin etmək konsepsiyasını irəli sürərkən, heç də dövlət suverenlyi anlayışını, konsepsiyasını yaddan çıxarmaq olmaz. Çünki bu, dövlətçiliyin fundamental əsasını təşkil edir. Həm də yuxarıda qeyd etdiyim kimi, beynəlxalq hüquqda da dövlətin suverenliyi, ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyin etmək hüququndan daha üstün hesab olunur. Bundan başqa erməni tərəfi və onlara havadarlıq edən dairələr bəzən Dağlıq Qarabağın təhlükəsizliyi məsələsini irəli sürürərək, 7 rayonun işğal olunmasına bufer zona yaradılması adı ilə haqq qazandırmağa cəhd edirlər. Onda sual olunur: bəs Azərbaycanın ərazi bütövlüyü, bəs Azərbaycanın təhlükəsizliyi? Ona görə də bunun yalnız bir adı var – aqressiya, təcavüz! Hansı ki, bu təcavüz Azərbaycanın suverenliyinin, sərhədlərinin pozulmasıyla nəticələnib. Sual olunur, bu halla üzləşsəydilər Rusiya, ABŞ, Fransa və ya başqa bir dövlət buna dözə bilərdimi? Bu sual dünya ictimaiyyətinin də qarşısında qoyulmalıdır.

Dördüncüsü, aydındır ki, Rusuya bizim qonşumuzdur. Rusiyayla bizim əlaqələrimizi qoruyub saxlamaq, həm iqtisadi, həm siyasi, həm də elmi baxımdan daha da genişləndirmək lazımdır. Lakin bizim tam mənəvi ixtiyarımız var ki, Rusiya rəhbərindən soruşaq: necə olur iqtisadi, hərbi- texniki cəhətdən çox zəif bir dövlət olan Ermənistan (bunu Ermənistan rəhbərliyi də etiraf edir), ondan dəfələrlə güclü olan Azərbaycanın ərazilərini zəbt edir, 25 ildir işğal altında saxlayır? Hər kəsə aydındır ki, Rusiyanın dəstəyi olmazsa, Ermənistanın buna gücü yetməz. Bu gün də Ermənistan Rusiyaya arxalanır. Zaman-zaman da Rusiyanın Ermənistana tam qarşılıqsız silahlandırdığına dair xəbərləri də yayılır. Bu cür münasibət Rusiya rəhbərliyinin Azərbaycan qarşı ikili standartlarla yanaşdığından xəbər verir. Bu isə strateji müttəfiqliyə sığmır. Ona görə Azərbaycan ziyalıları, ictimaiyyəti tərəfindən bu məsələ Rusiya rəhbərliyi, ictimaiyyəti qarşısında açıq qoyulmalıdır.

Beşincisi, müşahidələr göstərir ki, Ermənistan rəhbərləri Rusiyaya gedib qayıdan kimi daha da aqressivləşir, hətta mən deyərdim azgınlaşırlar. Ermənistanın həm əvvəlki, həm də indiki rəhbərliyi Moskva və Soçi görüşlərindən geri qayıdan kimi, daha aqressiv, daha cəsarətli bəyanət vermələrinin şahidi olmuşuq. Bu həyasızlıq, abırsızlıq, başqalarını borclu çıxarmaq cəhdi olmaqla yanaşı, həm də Rusiyanın özünün bu sahədəki fəaliyyətini şübhə altına almağa əsas yaradır. Məsələn, yadımdadır, Ermənistanın keçmiş prezidenti Sarkisyan Rusiya rəhbəriylə görüşüb İrəvana qayıdan kimi, Azərbaycanı, hətta Bakını bombalaya biləcəklərinə dair sərsəm bəyanatla çıxış etdi. Ermənistanın indiki baş naziri Paşinyan isə sentyabrın 1-də Moskvada Rusiya rəhbəriylə görüşdükdən dərhal sonra Moskvada belə bir bəyanət verdi ki, Dağlıq Qarabağ Ermənistanın torpağıdır və Ermənistana birləşməlidir. Sonra isə əlavə etdi ki, əlavə işğal olunmuş 7 rayon da Dağlıq Qarabağın “konstitusiyasına” görə Ermənistanındır. Bu çox sərsəm, çox savadsız bir bəyənatdır. Çünki Dağlıq Qarabağın “konstitusiyasında” hətta yazıla bilər ki, Fransanın, ABŞ-ın və ya hər hansı bir başqa dövlətin ərazisi Ermənistanındır. Bu o demək deyil ki, Fransanın, ABŞ-ın ərazisi ermənilərə, Ermənistana məxsusdur. Yaxşı olardı ki, Paşinyan tarixə hərdən diqqətlə nəzər salardı. Qarabağ deyil, indiki Ermənistan ərazisinin böyük hissəsi, o cümlədən paytaxtları, İrəvan da vaxtilə Azərbaycan torpağı olub, İrəvan xanlığı olub. Tarixi faktdır ki, İrəvanın II Yekaterinanın vaxtında (18-ci əsrdə) ermənilərə verilməsi nəzərdə tutulub. O vaxtı bəzi ermənilərin xahişi ilə qraf Potyomkin bu barədə II Yekaterinadan bunu xahiş edib. Sonra Azərbaycan Xalq Cumhuriyyəti müəyyən səbəblərdən, 1918-ci ildə İrəvanın, daha doğrusu İrəvan Quberniyasının ermənilərə verilməsi, İrəvanın erməni dövlətinin paytaxtına çevrilməsi haqda razılıq vermişdir. Bu faktlar Ermənistan ərazisinin, hətta paytaxtının belə ötən əsrin əvvvəlinə qədər ermənilərə məxsus olmadığını göstərir. Onda Dağlıq Qarabağ hardan Ermənistanın oldu? Bu tarixi faktlar da beynəlxalq ictimaiyyətə çatdırılmalıdır.

Altıncısı, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə, bir sıra şəhərlərimizi yerlə yeksan etdi. İlk növbədə orda yaşayan azərbaycanlı ailələrinin illər boyu vəsait yığıb tikdikləri evləri dağıtdı, viran qoydu, özlərini də çöllərə saldı. Bu hal “öz müqəddəratı təyin etmək” adı altında Ermənistanın insan hüquqlarını vəhşicəsinə tapdamasından xəbər verir. Bu problem də ciddi şəkildə qaldırılmalı, erməni cinayətkarlarla bağlı beynəlxalq məhkəmələrə müraciətlər olunmalıdır.

Yeddincisi, həmsədrlər Ermənistanın tərəfini saxlamaqla, Azərbaycana qarşı biganə, bəzi hallarda ədalətsiz münasibət göstərməklə yanaşı, sanki bizi hipnoz ediblər. Dağlıq Qarabağ probleminin həll olunmamasında bizi günahkar göstərmək istəyirlər. Ermənistanı necə arxayın ediblərsə, hətta bu günlərdə parlamentləri Azərbaycana müharibə elan edi. Bu sadəcə həyasızlıqdır. Digər tərəfdən də bizi yazıqlaşdırmağa, bizə gücsüz bir dövlət olduğumuzu təlqin etməyə çalışırlar. Halbuki, bunun belə olmadığını bilirlər. Sual olunur, əgər Azərbaycan gücsüzdürsə, xarici dövlətlər nə üçün aprel döyüşlərini və ondan qabaqkı hücumları davam etdirməyə imkan vermədilər? Deməli Azərbaycan ordusunun gücünü bilirlər. Ancaq problemin həll olunmasını istəmirlər. Fikrimcə, əgər xarici müdaxilələr olmazsa, bu problem daha tez həll olunar. Azərbaycan dövləti Dağlıq Qarabağda yaşayan erməni vətəndaşları ilə özü dil tapa bilər. Buna görə də, problemin qalmasında maraqlı olan tərəfləri aradan çıxarmaq, sadə erməni xalqına Dağlıq Qarabağın heç bir zaman Azərbaycandan ayrılmasına imkan verilməyəcəyini, münaqişənin hər iki xalqa çox böyük ziyan verdiyini başa salmaq lazımdır. Bu məsələdə ziyalılar fəal rol oynamalıdırlar. Ziyalılarımız bütün vasitələrlə, Azərbaycanını haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmalı, gur səslə Qarabağ probleminin ədalət həllini tələb etməlidir.

Səkkizincisi, ən prinsipial və bir o qədər təəccüblü məsələ MDB-nin bir təşkilat kimi rəsmi olaraq Ermənistanı təcavüzkar adlandırmaması, erməni qoşunlarının Azərbaycan ərazilərini tərk etməsini tələb edən hər hansı sənəd qəbul etməməsidir. BMT-nin bu bərədə qətnamələri olduğu halda, niyə MDB belə bir sənədlə çıxış etmir? Fikrimcə, bu çox ciddi əhəmiyyət daşıyan bir məsələdir. Sanki MDB-yə üzv ölkələrin rəhbərləri, o cümlədən müsəlman-türk dövlətlərin başçıları hansısa dövlətdən ehtiyat edirlər. Şübhə etmirəm ki, Azərbaycan Ermənistanın 5 faiz torpağını əlində saxlasa idi, MDB bir təşkilat kimi dəfələrlə bununla bağlı qərar çıxarardı. Ona görə, bu məsələnin üzərində ciddi dayanılmalı və MDB-nin bir təşkilat kimi Ermənistanın təcavüzünü pisləyən, Azərbaycan ərailərini qeyd-şərtsiz tərk etməsini tələb edən qətnamə çıxarılmasına çalışılmalıdır. Yalnız Azərbaycan dövləti deyil, eyni zaman Azərbaycan ictimaiyyəti, ziyalıları, diasporu bütün diqqətini, gücünü Qarabağ probleminin ədalətli həllinə yönəltməlidir. Artıq bizim itiriləcək zamanımız qalmayıb.

İ. İsmayılbəyli
AzPolitika.info