Həmsədrlərin Qarabağ bəyanatı İrəvanda çaxnaşma yaratdı - “PAŞİNYAN ƏLİYEVLƏ GÖRÜŞƏ GETMƏMƏLİDİR...”

Baxış sayı:
5221

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın qarşıdakı görüşü ilə bağlı ötən həftə yaydıqları rəsmi bəyanat İrəvanda ciddi çaxnaşma yaradıb. Buna səbəb ABŞ, Fransa və Rusiyanın danışıqların formatını dəyişdirməyə yönəlmiş birtərəfli cəhdlərə qarşı olduğunu açıq bildirməsi, eyni zamanda münaqişənin həllinin əsas prinsiplərindən birinin Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların Azərbaycanın nəzarətinə qaytarılması olduğunu vurğulamasıdır.

Habelə bəyanatda göstərilir ki, münaqişənin nizamlanması Helsinki yekun Aktının prinsipləri, o cümlədən ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və gücdən istifadə etməmə prinsipləri əsasında mümkündür. Və bu prinsiplərdən hər hansı birinin digəri üzərində üstünlüyü mümkün deyil.

Hansı ki, bu bəyanat Ermənistanın indiki hakimiyyətinin və ümumən erməni siyasi dairələrinin “bir qarış da torpaq qaytarılmayacaq” tezisi üzərində qurulmuş mövqeyini alt-üst edir. Habelə İrəvanın nəzərinə çatdırır ki, Dağlıq Qarabağın danışıqlarda iştirakı mümkün deyil. Çünki formatın dəyişdirilməsi hər iki tərəfin razılığı ilə baş verə bilər.

Bəyanata Nikol Paşinyanın özünün mövqeyi hələ məlum deyil. Amma ekspertlər və bir çox siyasətçilər qeyd edirlər ki, bu bəyanat Paşinyana dəyən şapalaqdır və indiki hakimiyyətin Qarabağ məsələsində populist, qeyri-peşəkar yanaşmasının nəticəsidir.

Hakim “Mənim addımım” fraksiyası isə hesab edir ki, həmsədrlərin bəyanatı Ermənistan hakimiyyətinin mövqeyini ifadə etmir. “Həmin bəyanat ancaq həmsədrlərin özlərinin mövqeyini ifadə edir, Ermənistanın deyil. Ermənistanın mövqeyini baş nazir Nikol Paşinyan açıqlayıb”-fraksiyadan deputat Vladimir Vardanyan deyib.

Paşinyan bildirmişdi ki, Azərbaycan prezidenti ilə görüşdə o cümlədən danışıqlar formatının dəyişdirilməsni müzakirə edəcək. Çünki onun Dağlıq Qarabağın adından danışmaq mandatı yoxdur.

Ermənistanın baş nazirinin qeyd etdiyi kimi Qarabağ nizamlanmasına dair danışıqlar prosesinin əsasında elə həll yolunun tapılması dayanır ki, erməni tərəfini, Dağlıq Qarabağ əhalisini və Azərbaycanı qane etsin”-deputat bildirib.

“Çiçəklənən Ermənistan” fraksiyasından deputat İveta Tonoyan isə həmsədrlərin bəyanatının erməni tərəfi üçün narahatedici olduğunu düşünür.  Onun sözlərinə görə, bəyanatda bir sıra bəndlər narahatlıq doğurur. “Məsələn, 2016-cı ilin Sankt-Peterburq və Vyana razılaşmaları arxa plana keçir. Azərbaycanda bu bəyanatı ruh yüksəkliyi ilə qəbul ediblər, elə bu özü çox şeyi deyir”-Tonoyan bildirib.

Erməni əsilli amerikalı şərhçi, “Forbes”, “The National İnterest”, “Rusiya qlobal siyasətdə” kimi jurnalların yazarı olan Areq Qalstyan isə həmsədrlərin bəyanatında Dağlıq Qarabağın müvəqqəti statusunun və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılmasının münaqişənin nizamlanması üçün zəruri şərtlər kimi vurğulanmasını erməni tərəfi üçün “biabırçılıq” sayır.

“Bizə ayıb olmalıdır və bundan utanmalıyıq ki, Minsk qrupu artıq açıq şəkildə müvəqqəti statusdan danışır, bildirir ki, uduzan tərəf Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizə razılıq verməlidir. Siz təkcə bu haqda düşünün”-o Facebook-da yazıb.

Qalstyana görə Ermənistan təkcə bir rayonu belə qaytarmış olsa özünə ölüm hökmü çıxaracaq. O, Paşinyanı Azərbaycan prezidenti ilə danışıqlardan imtina etməyə çağırıb. Qalstyan bildirib ki, ötən həftə Paşinyan Azərbaycan tərəfinin “qeyri-konstruktivliyindən” şikayətlənib. Belə olan halda isə o elan edə bilər ki, erməni tərəfi daha “qeyri-konstruktiv, real dialoqa hazır olmayan” ölkə ilə danışıqlar aparmayacaq.

“İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan da həmsədrlərin bəyanatını erməni tərəfi üçün narahatedici adlandırıb.

“Bəyanatda ən çox narahatlıq doğuran bu formuladır: “Dağlıq Qarabağın gələcək yekun hüquqi statusu iradənin mütləq və hüquqi ifadə olunması yolu ilə müəyyən olunur”. Bu da erməni tərəfinin mövqeyinə ziddir. Çünki keçmişdə erməni tərəfi bildirirdi ki, Dağlıq Qarabağ 1991-ci il dekabrın 10-da referendumla öz müqəddəratını təyin edib. İndi isə belə çıxır ki, biz həmin referendumu tanımırıq”-Marukyan deyib.

Deputat hesab edir ki, Paşinyan danışqlar formatının dəyişdirilməsində israr etməlidir. “Hesab edirəm hamıya aydındır ki, Ermənistanda heç kim torpaq qaytarmaq fikrində deyil. Azərbaycan isə Dağlıq Qarabağı tanımağa hazırlaşmır. Bu kontekstdə danışıqları davam etdirmək lazımdır, çünki istənilən danışıqlar bir-birinə atəş açmaqdan yaxşıdır”-Marukyan bildirib.

Xatırladaq ki, Azərbaycan XİN həmsədrlərin bəyanatını alqışlayıb və sənədi erməni tərəfinə edilmiş xəbərdarlıq, mesaj kimi dəyərləndirib. İlham Əliyevlə Nikol Paşinyanın həmsədrlərin iştirakı ilə ilk rəsmi danışıqlarının günü və yeri hələlik açıqlanmayıb./Virtualaz