"Həmişə deyirdi ki, məni buraxmayacaqlar" - SİYASİ MƏHBUS AİLƏLƏRİ ƏFV SƏRƏNCAMINI NECƏ QARŞILADI...

Baxış sayı:
2866

"Ümidimiz vardı ki, İlkin də əfv olunacaq".

İllərdi hər əfv sərəncamından sonra ümidinin "suya düşdüyünü" deyən, "siyasi məhbus" kimi tanınan İlkin Rüstəmzadənin atası sevinclidir.

Prezidentin şənbə günü verdiyi əfv sərəncamında oğlunun adını görən Bakir Rüstəmzadə hisslərini BBC News Azərbaycanca ilə bölüşüb:

"İlkinin həbs müddətinin bitməsinə iki il iki ayı qalmışdı. Özü bizə deyirdi ki, gözləməyin, məni buraxmayacaqlar. Axırıncı dəfə dünən səhər danışdım, mənə dedi ki, ümidli olmayın. Həmişə deyirdi ki, məni buraxmayacaqlar",- Bakir Rüstəmzadə deyib.

Amma ailəsi "bəlkə İlkin də buraxıldı" deyə hər əfv qabağı ümidli olublar, əhv sərəncamı veriləndə siyahıda onun adını gəziblər", müsahibimiz əlavə edib.

İlkin Rüstəmzadə 2013-cü ilin mayında həbs olunub. O, xuliqanlıq və polisə müqavimət ittihamları ilə üzləşib.

8 il həbs cəzası almış İlkin Rüstəmzadə bu ittihamları rədd edir və həbsini "Əsgər ölümlərinə son" aksiyasında təşkilatçılardan biri olması ilə əlaqələndirir.

Qiyas İbrahimovun anası Şura Əmiraslanova2016-cı ildə Qiyas İbrahimovun anası Şura Əmiraslanova oğlunun məhkəməsindən çıxarkən

"Həbsxanaya getmək üçün alış-veriş edirdim"

"Heykəl məhbusu" kimi tanınan Qiyas İbrahimovun anası Şura Əmiraslanovanın oğlu üçün hazırladığı boxca isə həbsxanaya gedəsi olmadı. Oğlunun vaxtından əvvəl həbsdən azad olunacağına ümidini itirən ana bazar günü Qiyası ziyarət etməyə hazırlaşırmış:

"Dünən özü ilə danışmışdım, mənə alacaqlarımın siyahısını vermişdi. Bu gün alış-veriş edirdim", Şura Əmiraslanova deyib.

Sevincini gizlətməyən ana indi Qiyasın evə gələcəyi saatları gozləyir.

NİDA hərəkatının üzvü Qiyas İbrahimov və bu əfv sərəncamıyla azadlığa çıxan Bayram Məmmədov 2016-cı il mayın 10-u gecə saatlarında mərhum prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar.

İctimai fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunublar.

Qiyas İbrahimov və Bayram Məmmədova 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Onlar bu ittihamları rədd edirlər və həbslərini mərhum prezident Heydər Əliyevin heykəlinə şüar yazmaları ilə izah ediblər.

Nigar Həzi, Seymur Həzi
Nigar Həzi 2016-cı ilin avqustun 1-də Seymur Həzi ilə nikah bağlamaq istəsə də bu alınmamışdı. Onların nikahı daha sonra baş tutub

"Onsuz da gözləmirdik"

Əfv siyahısında "siyasi məhbus" kimi tanınan jurnalist Seymur Həzinin adını tapmayan xanımı Nigar Həzinin sözlərinə görə, əslində bu gözləntiləri olmayıb.

"Hər dəfə deyirdilər ki, bayramda əfv olacaq, yanvarın 19-da olan mitinqdən, Avropa Parlamentinin bəyanatından sonra siyasi məhbusların çoxu azadlığa buraxılacaq. Son vaxtlar əmin oldum ki, Seymur Həzini buraxmayacaqlar. Ən azı ona görə ki, mən siyasi aksiyalarda fəal iştirak edirəm, Tofiq Yaqublu (Müsavat Partiyasının üzvü, Nigar Həzinin atası-red.) siyasi bəyanatlar verir", Nigar Həzi deyib.

Onun sözlərinə görə, bu gün səhər Seymur Həzi ilə telefonla danışıblar, amma bu mövzuya toxunmayıblar. "Onsuz da onun çıxmağına az qalıb, avqust ayında həbs müddəti bitəcək",- Nigar Həzi əlavə edib.

Amma Seymur Həzinin adı əfv siyahısına düşməsə də Nigar Həzi bildirib ki, onun gözləmədiyi "bəzi siyasi məhbuslar bu sərəncamla azadlığa çıxır və buna görə çox sevinir".

2014-cü ilin avqustunda saxlanan Seymur Həzi "xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə" maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

AXCP üzvü olan Seymur Həzi Azərbaycan hökümətini tənqid edən"Azərbaycan saatı" TV proqramının aparıcısı və "Azadlıq" qəzetinin redaktoru işləyib.

Prezident İlham Əliyevin şənbə günü imzaladığı əfv sərəncamında keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, "heykəl məhbusları" kimi tanınan Qiyas İbrahimov və Bayram Məmmədov, 2014-cü ildə keçirilmiş "Əsgər ölümlərinə son" aksiyasının təşkilatçılarından biri olmuş İlkin Rüstəmzadənin adı var.

Bəzi yerli və beynəlxalq hüquq müdafiəçilərinin "siyasi və vicdan məhbus" kimi tanıdığı şəxslər də əfv olunub. Keçmiş prokurorluq işçisi Rüfət Səfərov, AXCP üzvü Murad Ədilov, ictimai fəal Elgiz Qəhrəman da əfv siyahısına düşüb.

Ömürlük həbs cəzası almış 3 məhbusun cəzası dəyişdirilərək onların həbs müddəti 20-25 ilə kimi endirilib.

Əfv sərəncamı 400-dən çox məhbusa şamil edilib.