"HEÇ KİM" OLMAQ MÜSİBƏTİ – Eldəniz Quliyev yazır

Baxış sayı:
3720

İki nəfər yaşlı kişi yol yoldaşı olur...
Bir müddətdən sonra kişilərdən biri deyir ki, ay qardaş, uzun yol gedirik, gəl tanış olaq... Mənim adım Əhməddi. Bə sənin adın nədi?..
Digər qoca dillənmir.
Əhməd yol yoldaşının ağır eşitdiyini zənn edib dübarə soruşur:
- Ay qağa, soruşuram, sənin ismin nədi?
Nəhayət ikinci qoca dərindən bir "ah" çəkib yanıqlı-yanlqlı:
- Mənim adım Heç kimdi,- deyir.
Əhməd təəccüblə:
- Boy... ay qağa, Heç kim də ad olar? Dədən-nənən sənə bir ad tapıb qoymuyublar ki?..
Qoca yenə də köks ötürüb cavab verir:
- Niyə qoymuyublar, əlbəttə qoyublar... Əvvəllər adım Ağakişi idi... Sovet gələndə ağaları yığışdırıb tutdu, sürgün elədi, pətən-pərən saldı... Beləcə, ismimin "ağa" tərəfi getdi işinə-gücünə, qaldı təkcə "kişi"...
- Ihıı...
- Nə ıhı? İndi də kişi zəmanəsi deyil... Yəni adımın ikinci tərəfini də belə salıb itirmişəm, olmuşam  - HEÇKİM!..
Hörmətli oxucu, hardasa bu zavallı kişininin dərdini anlamaq,  başa düşmək olar. Amma elələri var ki, özü bilə-bilə, özü istəyərək (bəzənsə, qəsdən), adını, adı ilə birgə elə ləyaqət hissini də sağa-sola xərcləyir, batırır, puç edir...
Fikir verin: adamların əksəriyyəti, əslində, sıfır kimidirlər...
Onlar ancaq qarşısına rəqəm yazılanda İNSAN olurlar. Görünən budur ki, bir çoxlarının qarşısına heç vaxt, heç bir "rəqəm" yazılmır... Yazılmırsa, deməli, həmən o biçarələr dönüb insan da ola bilmir - yəni elə öz sıfırlığındaca qalır. Sıfırlığında qalan "adamlara" isə HEÇKİM və ya HEÇNƏ deyilir.
Son zamanlar busayaq "heç kim" və "heç nə" olan məxluqların sayı, az qala dedi-qodu sürətilə artır...
Və nəticədə bu, məmləkətin başı üzərində asılmış "Demokl qılıncı"-na çevrilir!..
Eldəniz QULİYEV
P.S. Allahım, sən özün bizi nəfərdən dənəyə çevrilib HEÇ KİM olmaq müsibətindən hifz elə!