Əhəd Abıyevin qardaşı haqda ŞOK İDDİA

Baxış sayı:
3477

Polis polkovniki Zəfər Abıyev bir qardaşı həbs etdirib, digərini isə ölümlə hədələyib

Gülbəniz Cəfərova: "Şəmkir Rayon Polis Şöbəsinin ozamankı rəisi oğlum Elnara deyib ki, qardaşın Anar əlimizdədir, biynuna külli miqdarda narkotik qoyulacaq və valideynlərini dizin-dizin, sürünə-sürünə yanıma gətizdirəcəm"

"Zəfər Abıyevin əlində heç bir sübut olmayıb, lakin buna baxmayaraq, o, oğluma xoşagəlməz, nalayiq söyüşlər söyərək, onu ölümlə hədələyib"

"Oğlumun azadlığı üçün Zəfər Abıyevə verdiyim 20 min manatı tələb etdikdə o, məni digər oğlum Anarla hədələdi, əlimizdə bunu da təsdiq edən sübutlar, səs yazıları mövcuddur"

Bugünlərdə "Hürriyyət"ə müraciət edən Şəmkir rayonu, Kür qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 2, mənzil 3 ünvanında yaşayan Gülbəniz Fərman qızı Cəfərova uzun müddət Şəmkir Rayon Polis Şöbəsinin rəisi, daha sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin rəisi vəzifəsində çalışan, hazırda isə təqaüddə olan polis polkovniki, Daşkəsən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əhəd Abıyevin qardaşı Zəfər Abıyevdən şikayətlənib, iki oğlunun adıçəkilən sabiq polis rəisi tərəfindən şərlənərək həbs edildiyini iddia edib. 

"Xəstəxanada oğlumun vəziyyəti pis olduğundan Zəfər Abıyev özü və digər işçiləri üçün çıxış yolu tapıb və "İşçilərimlə yoldan keçəndə gördük ki, avtoqəza baş verib və biz yaralılara köməklik göstərmişik", deyə bildirib"

Belə ki, 2018-ci il mart ayının 31-də Şəmkir Rayon Polis Şöbəsinin ozamankı rəisi Zəfər Abıyevin tabeliyində çalışan polis əməkdaşları ilə birlikdə 4 avtomobillə - 2 "Niva", 1 "Vaz 2107" və 1 Post Patrul Xidmətinin maşını ilə yaşadıqları Şəmkir rayonu, Kür qəsəbəsinə gəldiklərini deyən şikayətçinin sözlərinə görə, nəticədə hər iki oğlu - Elnar Cəfərov və Anar Cəfərovu saxlayaraq, Gəncə şəhəri Regional Narkoloji İdarəsinə aparıblar: "Qeyd edim ki, Anarı başqa otağa, Elnarı isə digər otağa saldıqdan sonra Tural və Emin adlı iki nəfəri məcburən Elnarın üzünə şahid kimi tutublar. Zəfər Abıyevin əlində heç bir sübut olmayıb, lakin buna baxmayaraq, o, oğluma xoşagəlməz, nalayiq söyüşlər söyərək, onu ölümlə hədələyib. Elnara deyib ki, qardaşın Anar əlimizdədir, külli miqdarda narkotik boynuna qoyulacaq və valideynlərini dizin-dizin, sürünə-sürünə yanıma gətizdirəcəm, onlara sübur edəcəm ki, oğlanlarınını ikisi də narkobaron kimi sənədləşdiriləcək. Elnardan tələb edib ki, bu sözləri bizə, yəni valideynlırini desin. Bildirib ki, əgər deməsə, onda həm Elnarı, həm də qardaşı Anarın işini sənədləşdirəcək. Beləcə, oğlum Elnar onunla söhbət edəndən sonra məcbur olub maşınlarına oturub kəndə qayıdanda çıxış yolu taparaq, maşın hərəkətdə olarkən özünü yerə atıb və ciddi xəsarət alıb. Bundan sonra Zəfər Abıyev başda olmaqla 5-6 nəfər polis əməkdaşı oğlumu Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya aparıblar. Orada Elnarın başına 12 tikiş atıblar, ayağının topuq hissəsi və badanı qırılmış vəziyyətdə gipsə qoyublar. Bədəninin digər nahiyələri, dizləri, qolları, boynu dərin cırıq-cırıq vəziyyətdə olmaqla ilk tibbi yardım etdikdən sonra gecə saat 1-2 radələrində evə göndəriblər. Xəstəxanada oğlumun vəziyyəti pis olduğundan Zəfər Abıyev özü və digər işçiləri üçün çıxış yolu tapıb və "İşçilərimlə yoldan keçəndə gördük ki, avtoqəza baş verib və biz yaralılara köməklik göstərmişik", deyə bildirib".

"Şəmkir Rayon Polis Şöbəsinin ozamankı rəisi cinayət işini ört-basdır etmək üçün nəvəmin kirvəsi oldu və bundan sonra oğlum Elnarın etibarını qazanaraq onun başına oyun açdı"

Bu hadisədən sonra Zəfər Abıyevin digər oğlu Anar Cəfərovu da evə buraxdığını vurğulayan Gülbəniz Cəfərova bildirib ki, Elnar Cəfərov özünə gəldikdən sonra üzünə şahid kimi duran Emin adlı şəxsə zəng edib və ona başına gələnləri danışıb: "Emin isə öz növbəsində, məcbur qaldığını, döyüldüyünü və işgəncə verildiyini qeyd edib. Əlimizdə bunu təsdiq edən bütün faktlar, səs yazıları mövcuddur. Daha sonra oğlum Elnar Cəfərov Zəfər Abıyevə zəng vuraraq, üzünə şahid kimi duran Eminin səsisni və yazışmalarını göndərib. Zəfər Abıyev isə bundan sonra dərhal bizim kəndə gəlib, oğluma və bizə yalvarmağa, xahiş etməyə başlayıb. Hətta nəvəmin - Elnarın oğlunun kirvəsi olmaq istədiyini də deyib. Beləcə, o, cinayət işini ört-basdır etmək üçün nəvəmin kirvəsi oldu və bundan sonra oğlumun etibarını qazanaraq onun başına oyun açdı. Belə ki, Zəfər Abıyev Elnarın qayınanasını ələ alaraq onun arxasında durdu və onunla danışıqlar apardıqdan sonra gəlinimi də öyrətməklə oğlumun başına oyun açıb. Məhz bundan sonra ailə daxilində narazılıqlar yaranmağa başladı. Oğlum həyat yoldaşı və onun anasının iyrənc, nalayiq sözlərinə dözə bilmirdi. Onlar qıcıqlandırıcı sözlərlə oğlumu hirsləndirir, ləyaqətini alçaldırdılar. Oğlum da bu sözlərə tab gətirə bilməyib onları hədələyib, yüngül xəsarət yetirib. Bu zaman Zəfər Abıyev dərhal adamlarına göstəriş verib və oğlumu tutaraq rayon polis şöbəsinə, oradan da prokurorluğa aparıblar. Arada müstəntiqin yanına gedən Zəfər Abıyev ona "Biz kirvəyik, ona kömək edərsən" deyib otaqdan çıxırmış. Bunun ardınca iş materialı Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və oğluma 14 il cəza verərək, həbs etdilər".

"Oğlum Elnar Cəfərovun həyat yoldaşı və qayınanasının saxta yolla əldə etdiyi xəstəxana sənədləri, eləcə də digər arayışlar məhkəməyə təqdim edilsə də, buna əhəmiyyət verilməyib"

Şikayətçi qeyd edib ki, oğlunun həbsindən sonra polis polkovniki Zəfər Abıyev onlara tərəflər arasında barışığın olmasının vacib olduğunu və bu yolla Elnar Cəfərovu azadlığa çıxara biləcəyini deyib: "Bildirdi ki, tərəflər arasında barışıq olmalıdır ki, oğlumu Maştağaya göndərib oradan da azadlığa çıxara bilsin. Zəfər Abıyev barışıq üçün bizdən 25 min manat pul istəyirdi. Mən oğlumun azadlığı üçün 20 min manat düzəldib Zəfər Abıyevə vermişəm. Puluq aldıqdan sonra oğlumu 2 saylı Gəncə şəhər İstintaq Təcridxanasından Maştağaya göndərdi. Oğlum 16 gün Maştağada qalsa da, orada onu sifarişlə döydürüb və cəzaçəkmə müəssisəsinə göndəriblər. Bir qədər sonra öyrəndik ki, gəlimin və anası hələ də oğlumdan şikayətçidir, həmçinin Zəfər Abıyev barışıq üçün bizdən aldığı 20 min manatı onlara verməyib. Odur ki, Zəfər Abıyevdən verdiyimiz pulu tələb etməli oldum. O isə pulu qaytarmaq əvəzinə məni digər oğlum Anarla hədələdi. Əlimizdə bunu da təsdiq edən sübutlar, səs yazıları mövcuddur".

Şikayətçi iddia edir ki, oğlu Elnar Cəfərovun həyat yoldaşı və qayınanasının saxta yolla əldə etdiyi xəstəxana sənədləri, eləcə də digər arayışlar məhkəməyə təqdim edilsə də, buna əhəmiyyət verilməyib: "Çünki Zəfər Abıyev lazımı qədər pul və tapşırıq verib. Əgər hadisə eyni gündə olubsa, necə olur ki, oğlumun az ağır xəsarət alan həyat yoldaşı 8 gün, anası isə 11 gün yatdığı xəstəxanadan onlara arayış vermirlər. Zəfər Abıyev kirvə kimi ailəmizin içinə daxil oldu və beləcə bizi aldada-aldada oğluma 14 il iş verdirdi".

Şikayətçi sonda "Hürriyyət" vasitəsilə ölkə başçısına, baş prokuror Kamran Əliyevə müraciət edərək, uzun müddət Şəmkir Rayon Polis Şöbəsinin rəisi, daha sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin rəisi vəzifəsində çalışan, hazırda isə təqaüddə olan polis polkovniki Zəfər Abıyev barəsində cinayət-prosessual qanunvericiliyə uyğun olaraq tədbir görülməsini xahiş edib.

"Hürriyyət"