Həbsxanada 45 gün aclıq edən Zamin Salayev su içməkdən imtina edəcəyini bildirib

Baxış sayı:
8046

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayev 1 saylı Bakı İstintaq Təcridxanasında 45 gündür aclıq edir. Salayev şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir.

"Atamın səhhəti yaxşı deyil. Tez-tez huşunu itirərək yıxılır. 30 kiloqramadək arıqlayıb. Buna baxmayaraq, aclığı davam etdirməkdə israrlıdır. Dedi ki, nə qədər girovluqada olacaq aclığı davam etdirəcək" , Salayevin oğlu Oqtay Salayev atası ilə telefon danışığından sonra "Amerikanın Səsi"nə deyib.

Onun sözlərinə görə, Zamin Salayevİin səhhətinin ağır olmasına baxmayaraq həkim nəzarəti yoxdur.

"Hələ də həkimlər onu müayinə etməyib. O, hələ də təcridxananın tibb-sanitar hissəsinə köçürülməyib. Atam dedi ki, ona qarşı münasibət dəyişməsə quru aclığa keçəcək və su içməkdən imtima edəcək" , Oqtay Salayev qeyd edib.

Telefon danışığı zamanı Zamin Salayev bildirib ki, Ombudsmanın nümayəndələri iki dəfə onunla görüşüb və ona qarşı münasibətin dəyişəcəyini bildiriblər.

"Ancaq atamı nə həkim müayinə edir, nə də ailəsi ilə görüşə imkan vermirlər".

Xatıraldaq ki, Ombudsman Aparatı görüşün nəticəsi olaraq Zamin Salayevə qarşı münasibətlə bağlı Penitensiar Xidmətə və prokurorluğa müraciət edib.

Öz növbəsində, Penitensiar Xidmətdən fəalın səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

Ombudsman Aparatının Mətbuat xidmətindən Amerikanın Səsinə bildirilib ki, Zamin Salayev konfidensial şəraitdə ombudsmanın nümayəndələri tərəfindən qəbul olunub.

"Ombudsmanın mandatı çərçivəsində lazımi tədbirlər görüləcək. Ötən dəfə də qeyd etdiyimiz kimi, aidiyyatı qurumlara sorğu göndərilib. Aiddiyatı qurumlardan cavab alan kimi müvafiq məlumat yayılacaq", Mətbuat xidmətinin rəhbəri Emil Şahzadə martın 17-də ombudsmanın nümayəndələrinin Salayevlə ikincu görüşündən sonra "Amerikanın Səsi"nə bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bu gün bildirib ki, Zamin Salayev hər gün həyatını itirə bilər.

"Çox təəssüf ki, Zamin Salayevi artıq hər gün itirə bilərik. Ağır ürək xəstəsi olan Zamin bəy şərlənərək həbs edilməsinə etiraz olaraq ölüm aclığını davam etdirir. Bilirsiz ki, hələ günlər öncə mən də Zamin bəydən aclığı dayandırmasını xahiş etmişdim. Təəssüf ki, Zamin bəy aclığı davam etdirməkdə israrlıdır. Mən onun həyatı üçün çox narahatam. Zamin bəy iradəli və zahirən güclü olsa da, ağır ürək xəstəsidir. Və qəddar rejim təkcə Zamin bəyə qarşı yox, xalq olaraq bütövlükdə hamımıza o qədər saymazlıq edir ki, Zamin bəyi minimum tibbi xidmətdən də məhrum edib. Zamin bəy hər gün ölə bilər. Onun həyatına görə şəxsən İlham Əliyev məsuliyyət daşıyır. Qatil olmayın! Heç bir cinayət törətməmiş Zamin bəyi hikkə və qisasınıza görə bütöv bir millətin gözü qarşısında məhv etməyin. Xalq bunu sizə bağışlamaz", AXCP sədri Facebook səhifəsində yazıb.

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, fəalı 5 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Zamin Salayev məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.

"Mən heç kimə hücum etməmişəm, əksinə özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar", Salayev fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakimlərin diqqətinə çatdırıb.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.