​Hamımız düşmüşük Xoşqədəmin, Zaurun üstünə, amma... - Deputat

Baxış sayı:
2323

Son vaxtlar yeniyetmələr, orta məktəblərin 10-11-ci sinif şagirdləri arasında özləri ilə bıçaq gəzdirmək halları artıb. Yəqin ki, buna səbəb sosial şəbəkələrdə, teleseriallarda oğru aləmində baş verənlərin mütəmadi işıqlandırılması, təbliğ olunmasıdır.
Bu sözləri millət vəkili Fazil Mustafa ötən gün “Nizami” metrosununun qarşısında 22 yaşlı gəncin ürəyindən bıçaqlanaraq öldürülməsi ilə bağlı danışarkən deyib.
Deputat bildirib ki, valideynlər, məktəb müəllimləri və müvafiq qurumlar bununla bağlı tədbirləri gücləndirməlidir:
“Cərrah tanışlarımızdan biri deyir ki, son zamanlar gənclər arasında ürəkdən və cinsi orqandan biçaqlama dəb halını alıb. Ciddi narahatedici məsələdir, fikrimcə, valideynlər, məktəb müəllimləri, eləcə də Daxili İşlər Nazirliyinin müvafiq qurumları profilaktik tədbirləri gücləndirməlidir.
Hamımız nədənsə düşmüşük televiziyalarda Xoşqədəmlərin, Zaurların üstünə. Zövqünüzə uyğun gəlib-gəlməməni bir tərəfə buraxın, bu verilişlərdə heç olmazsa, mərhəmət təbliğ olunur. Ən təhlükəlisi də oğru və qatil dünyasının prinsiplərinin, davranışlarının Azərbaycan, Rusiya və Türkiyə telekanalları vasitəsilə müxtəlif proqramlarda müntəzəm təbliğ olunmasıdır.
Onların ədasını yeniyetmələr dərhal götürürlər və öz çevrələrində onların jarqonları ilə danışırlar”.
Deputat əlavə edib ki, hazırda kitabçıların verdiyi bilgiyə görə, ən çox satılan ədəbiyyat həbsxana və ya kriminal aləmlə bağlıdır:
“Azərbaycanın böyük mütəfəkkirlərinin abidəsinə rast gəlmək çox vaxt müşkül məsələ olur, kriminal avtoritetlərin əksəriyyətinə dəyəri ağlagəlməz səviyyədə olan qəbirüstü abidələr ucaldılır. Hamısı təsiredici amillərdir, ona görə də hər bir valideyin evdən cəmiyyət içinə göndərdiyi övladların davranışlarını xoş niyyətlə diqqətə almalıdır”.
Xatırladaq ki, dünən günorta radələrində metronun “Nizami” stansiyasının yaxınlığında 22 yaşlı gənci ürəyindən bıçaqlayaraq qətlə yetiriblər./Axar.az