​“Hakimiyyəti ölkəmizə qarşı etimadsızlıq yaradan bu addımdan ciddi nəticə çıxarmağa çağırırıq”- ADP-dən BƏYANAT

Baxış sayı:
157

Həftənin birinci günü ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan Muxalifet.az-a verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Norveç səfirliyinin Azərbaycandakı fəaliyyətinin dayandırılması və bundan sonra öz işini Gürcüstanda davam etdirməsi barədə qərarından təəssüfləndiyini bildirib. Səfirin Gürcüstanı Cənubi Qafqazın əsas əməkdaşı adlandırması və Avropaya inteqrasiya edən ölkə kimi dəyərləndirməsi barədə bəyanatına diqqət çəkən partiya yetkililəri bu faktın arxasında Azərbaycan hakimiyyətinin yürütdüyü anti-milli kursun və Avroatlantik məkana inteqrasiyada göstərdiyi tərəddüdlərin durduğunu qeyd edib və hakimiyyəti ölkəmizə qarşı etimadsızlıq yaradan bu addımdan ciddi nəticə çıxarmağa çağırıb.
İdarə Heyəti son vaxtlar ABŞ diplomatlarının, Qarabağla verdiyi bəyanatlara, münaqişənin sülh yolu ilə həllinin son mərhələsində, Qarabağ ərazisinə neytral ölkələrin sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı fikirlərə münasibət bildirib. Qeyd olunub ki, bu cür bəyanatlar Azərbaycanın suveren hüquqlarının pozulmasına yönəlmiş fikirlərdir və hər hansı bir ad altında DQ ərazisinə sülhməramlı qüvvələrin yerləşdiriləmsi yolverilməzdir. Qarabağ bütövlükdə Azərbaycanın tarixi, əzəli ərazisidir, işğal faktı aradan qalxmadan, BMT-nin məlum qətnamələrinin şərtlərinin təcavüzkar Ermənistan tərəfindən yerinə yetirilmədən, Azərbaycanın gələcək siyasi taleyinə kölgə salan hər hansı bir sülhməramlı qüvvələrin ərazimizdə yerləşdirilməsindən söhbət gedə bilməz.
İdarə Heyəti ABŞ-ın İran respublikasına qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan və bu sanksiyaların adı çəkilən dövlətlə iqtisadi əlaqələri davam etdirən başqa ölklər də şamil edilməsindən narahat olduğunu bildirib və hakimiyyəti yaxın qonşuluq əlaqələrinin, tarixi, dini, mədəni bağlılığımızın olduğu, ərazisində 40 milyona qədər soydaşlarımızın yaşadığı İrana qarşı tətbiq edilən iqtisadi embarqolara qoşulmamağa, ölkələrimiz arasında əməkdaşlığa, dostluğa söykənən iki tərəfli münasibətləri qorumağa çağırıb.
İdarə Heyəti 12 noyabr konstitusiya günü münasibəti ilə xalqımızı təbrik edib, xalqın mövcudluğunun əsas hüquqi normativ sənədi olan Ana Yasamızın hər bir vətəndaş tərəfindən qorunmasının vacibliyini diqqətə çatdırıb və hakimiyyəti vətəndaşların konstitusiya ilə onlara şamil edilən insan hüquq və azadlıqalrına, təhlükəsiz, rifah içində  yaşama haqlarına sayqı ilə yanaşmağa çağırıb.
İdarə heyəti son vaxtlar yüksək vəzifə tutan məmurların, eləcə də bir çox sabiq  məmurların korrupsiya və rüşvət yolu ilə əldə etdikləri vəsaitləri ölkədən çıxararaq xarici ölkələrdə şəxsi məqsədləri üçün istifadə etməsnin yol verilməz olduğunu qeyd edib və hüquq mühafizə orqanlarını həmin vəsaitlərin dövlət büdcəsinə qaytarılması, onların haqqında hüquqi tədbirlər görülməsinə yönəlik ciddi addımlar atmağa çağırıb.
İdarə Heyəti ölkə prezidentinin şəhid ailələrinə sığorta haqqının ödəniləmsi ilə bağlı məlum sərəncamının ləngidilməsindən narahat olduğunu bildirib və hakimiyyəti onlara ayrılan vəsaitin təxirə salınmadan çatdırılmasını nəzarətə götürməyə, bir dəfəlik yardımla yanaşı onların övladlarının pulsuz təhsil alması, mənzillə təmin edilməsi, tibbi xərclərinin dövlət tərəfindən ödənilməsi qayğısına qalmağa çağırıb.
İdarə Heyəti son vaxtlar ölkədə bir sıra malların, xüsusilə də zəruri qida və ərzaq mallarının qiymətinin kəskin şəkildə artmasından, bu halın əhalinin böyük əksəriyyətinin yaşayış tərzini pozmasından ciddi narahat olduğunu bildirib və hakimiyyəti sosial ədalətsizliyə, kəskin yoxsullaşmaya, işsizliyə gətirb çıxaran yanlış iqtisadi siasətdən geri durmağa, kiçik və orta biznesin məhvinə yönələn monopoliyaya son qoymağa çağırıb.
 
Muxalifet.az