HACIBALA ABUTALIBOV YENƏ BİRİNCİ OLDU – Bakı meri 16 saytda özündən bəhs etdirdi

Ötən həftə Arzu Rəhimov ikinci, Kərəm Həsənov üçüncü yeri tutub

Baxış sayı:
8424

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Ötən həftə - 18-24 dekabr 2017-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Bakı şəhərinin meri Hacıbala Abutalıbov  olmuşdur.  Onun barəsində “Behrudinin Abutalıbova qonaqlığı: xəstəxanada meşəlik axır ki…çəpərləndi”, “Abutalıbovun hasarlatdığı 2 hektarlıq meşəyə görə materiallar prokurorluğa göndərildi”, “Abutalıbovun qərarına görə materiallar prokurorluğa göndərildi”, “Hacıbala Abutalıbovun SONU - Bax bunu hamı çoxdan gözləyirdi”, “Abutalıbovun evlər yıxan “Qış parkı”na kimsə ayaq basmır-Fotolar” və “Bakı meri postunda dəyişiklik ola bilər... - Əgər belə davam edərsə...” adlı 6 müxtəlif başlıqlı, lakin əksəriyyəti eyni məzmunlu  olan yazı 16 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “ARZU RƏHİMOV ŞANTAJA BOYUN ƏYİB VƏZİFƏ PAYLAYIR?” – adlı məqalənin  12 elektron KİV-də yayılması ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov tutur. 

Nəhayət, ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri isə “Kərəm Həsənov və Eldar Mahmudovu birləşdirən özəlliklər- QANUN KOMİTƏ SƏDRİNİN YAXASINDAN YAPIŞACAQMI?”“Əmlak Komitəsindəki rüşvətxorluq və özbaşınalıq” adlı 2 məqalənin 8 elektron KİV-də yayılması ilə Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov tutur. 

İQBAL MƏMMƏDOV ÖTƏN HƏFTƏ ÖZÜNDƏN BƏHS ETDİRƏN YEGANƏ DEPUTAT OLDU

Həftə ərzində “"Sahil-D Kompani"nin direktorundan deputat İqbal Məmmədova sərt ittiham” adlı yazının 2 saytda işıqlanması ilə deputat  İqbal Məmmədov deputatlar arasında  həftənin birincisi və yeganə deputat nümayəndəsi olmuşdur.

Muxalifet.az