“Gürcüstanın Bakıdakı hərbi təlimlərdə iştirakı Gürcüstana və gürcü tarixinə böyük təhqirdir” - Təxribatçı bəyanat

Baxış sayı:
5425

Gürcüstan Leyboristlər partiyasının erməniəsilli başçısı Şalva Natelaşvilinin təxribatçı bəyanatı başadüşüləndir -Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev
Avqustun 30-da Gürcüstan Leyboristlər partiyasının lideri Şalva Natelaşvili Azərbaycan əleyhinə bəyanatla çıxış edib. 
Qonşu respublikadakı “24News.ge” saytının məlumatına görə, partiya sədri Keşikçidağ monastr kompleksində baş verən hadisələrə cavab olaraq belə bir addım atmağın vacibliyini söyləyib. O deyib: “Prezident Əliyev biraz bundan əvvəl Davit Qareciyi, Bartubaniyi, Ağdqoma Monastrını, ikinci Yerusəlim olan, qədim gürcü mədəni irsimizi, abidəmizi əlimizdən aldı və oraya silahlı qüvvələr daxil etdi, orada böyük avtoban yaratdı və indi, heçnə olmamış kimi, bizim silahlı qüvvələrimizin Bakıya gedib, hərbi təlimlərdə iştirak etməsi gürcü xalqına, Gürcüstan tarixinə və gürcü əsgərlərinə böyük təhqirdir”. Daha sonra Şalva Natelaşvili Gürcüstanın müdafiə nazirliyinə də müraciət göndərdiyini açıqlayıb. “İqtidara müraciət edirəm ki, heç bir əsgərimizi Azərbaycana göndərməsin və ərazilərimizi və dini abidələrimizi əlimizdən alan o ölkə ilə, ağılları başına gələnə qədər heç bir strateji partnyorluq etməsinlər”.
Məlumat üçün bildirək ki, sentyabrın 2-dən 6-dək Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimləri keçiriləcək.
“Azərbaycana qarşı daim əsassız və böhtan xarakterli bəyanatları ilə tanınan Ş. Natelaşvilinin canfəşanlığı başa düşüləndir”. 
Bu sözləri isə “Şimal xəbərləri”nə açıqlamasında Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev deyib. O bildirib ki, Şalva erməniəsillidir. Gürcüstanın siyasi dairələrində bunu hamı bilir. Onun məqsədi Azərbaycanla Gürcüstan arasında münasibətləri gərginləşdirməkdir. Şalva Natelaşvilidən fərqli olaraq bizim ağlımız yerindədir. Moskvadakı və İrəvandakı havadarları qarşısında quyruq bulayan Leyboristlər partiyasının lideri məqsədinə çata bilməyəcək. “Rus qoşunları hər gün Gürcüstan torpaqlarının içərisinə doğru addım-addım irəliləyirlər. Əgər Şalva belə cəsarət sahibirsə və Gürcüstanı sevirsə hərbçilərin qarşısına çıxsın, Moskvaya qarşı etirazını bildirsin. Narahat olmasın, Azərbaycan və Gürcüstan rəhbərləri danışıqalar yolu ilə problemi yoluna qoyacaqlar”. Şimali Qafqaz üzrə ekspert onu da vurğulayıb ki, son aylar daşnak ideoloqları Gürcüstan ərazisində at oynadırlar. Amma qonşu dövlətin rəhbərləri susqunluq nümayiş etdirirlər. Yaxşı araşdırsalar görərlər ki, Gürcüstan siyasətində yer alanların bəziləri gürcü soyadı ilə gizlənən ermənilərdir. “Məni bir məsələ də ciddi düşündürür. Nə vaxtadək Gürcüstanda yaşayan azərbaycanlılar susacaqlar? Vaxt çatıb ki, Şalva Natelaşvili kimi siyasi nökərlərə layiqli cavab verilsin. ”