Gürcüstanda BƏDBƏXT HADİSƏ - Azərbaycanlı uşaq öldü

Baxış sayı:
5917

Tbilisinin mərkəzindəki Barataşvili küçəsində yerləşən binaların birindən düşən pəncərə şüşəsi 6 məktəbliyə ciddi xəsarət yetirib.
Yeniyetmələr xəstəxanaya yerləşdirilib. Bədbəxt hadisə nəticəsində xəsarət almış uşaqlardan biri ölüb. Bu barədə yeniyetmənin yerləşdirildiyi İnqorovka adına xəstəxanadan bildirilib. Həkimləri deyiblər ki, uşağın travmaları çox ağır olub və əməliyyat zamanı onun ürəyi dayanıb. Ölən uşağın azərbaycanlı, 14 yaşlı Aslan Məmmədov olduğu açıqlanıb. Uşağın şəxsiyyəti Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin başsağlığı mesajında qeyd olunub.
“14 yaşlı Aslan Məmmədovun ölümü ilə nəticələnmiş faciə ilə bağlı uşağın valideynləri, ailəsi, sinif yoldaşları və müəllimlərinə dərin hüznlə başsağlığı verirəm”, - deyə baş nazirin başsağlığı müraciətində bildirilir.
A. Məmmədovun faciəvi ölümü ilə bağlı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də başsağlığı verib.
Qeyd edək ki, adı çəkilən küçədə yerləşən binaların birindən düşən pəncərə şüşəsi 6 uşağa xəsarət yetirib. Yerdə qalan 5 uşağın vəziyyəti stabildir.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açıb.