Gürcüstanda 10 nəfərdən çox insan bir yerdə toplaşa bilməz - KORONAVİRUSA YOLUXANLARIN SAYI ARTDI / Yenilənib

Baxış sayı:
1949

Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 48-ə çatıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.

Karantində 1 966, stasionar nəzarətdə isə 259 nəfər saxlanılır.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə bir şəxs koronavirusdan tam sağalıb.

***

“Gürcüstanda kilsələr də daxil olmaqla, 10-dan çox insanın bir yerdə toplaşması qadağan olunur”.

Bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

Hökumət başçısının sözlərinə görə, ölkədə fövqəladə vəziyyətin elan olunmasında əsas məqsəd vətəndaşların sağlamlığının qayğısına qalmaqdır.

G.Qaxaria deyib ki, bütün fiziki və hüquqi şəxslər fövqəladə vəziyyətin tələblərinə riayət etməyə məcburdurlar.

Baş nazir qeyd edib ki, bu tələbləri pozan fiziki şəxslər 3 min lari, hüquqi şəxslər isə 15 min lari məbləğində cərimə olunacaqlar, bu hallara təkrar yol verənlər isə üç ilədək müddətə həbs olunacaqlar.

Qeyd edək ki, koronavirusla bağlı olaraq bu gün Gürcüstanda aprelin 21-dək fövqəladə vəziyyət elan olunub./Report