"Gürcülərə deyirik ki, imkan verin, öz dəyərlərimizi özümüz müəyyən edək" - MAHİR DƏRZİYEV

Baxış sayı:
1774

“Müəyyən qüvvələr gürcülər və azərbaycanlılar arasında etnik qarşıdurma yaratmağa çalışır”

Son vaxtlar Gürcüstanın dövlət təhlükəsizlik orqanları tərəfindən Azərbaycan əsilli ziyalılar, ictimai-siyasi xadimlər bir-bir idarəyə çağırılaraq dindirilir. Maraqlıdır ki, soydaşlarımızdan fərqli olaraq, təxribatçı gürcülər haqqında heç bir hüquqi ölçü götürülmədiyi halda, azərbaycanlılara qarşı bu basqıların arxasında nə dayanır? “Hurriyyət”in bu və digər suallarına cavab almaq üçün Gürcüstan parlamentinin deputatı Mahir Dərziyevlə söhbətləşdik.
– Yəqin ki, DTX-nın bəyanatını oxumusunuz. Bilirsiniz ki, təhlükəsizlik xidmətləri bütün ölkələrdə çox ciddi və qapalı bir qurumdur. Təbii ki, bu, onun xüsüsiyyətlərindən irəli gəlir. Onlar hər hansı bir məsələni ciddi araşdırmamış, əllərində kifayət qədər dəlillər olmamış bu qəbildən olan bəyantlar verməzlər. Yəqin onlarda yetərincə faktlar var, həm sosial şəbəkələrdəki, həm mediadakı çıxışların təhlilləri aparılıb ki, ölkədə müəyyən qüvvələr Grücüstan vətəndaşı olan gürcülər və azərbaycanlılar arasında etnik qarşıdurma yaratmaq istəyirlər. Bu, dövlət təhlükəsizliyinə, ölkənin birbaşa milli maraqlarına aid olan məsələdir. Bu kimi halların qarşısını almaq da dövlət təhlükəsizlik orqanlarının mühüm vəzifələrindən biridir və onlar da lazım olan addımları atırlar.
– Əgər elədirsə, son vaxtlar gürcü millətçiləri sosial şəbəkələrdə azərbaycanlılar təhqir edən, aşağılayan statuslar yazırlar, niyə Gürcüstanın  təhlükəsizlik orqanları onları dindirmir, hüquq-mühafizə orqanları onların barəsində heç bir cəza tədbiri görmür?
– Bu ölkə bizim isti bir yuvamızdır, babalarımızın qəbri buradadır, bizim övladlarımızın məskəni olacaq, inşallah. Bizim bu isti yuvamızı dağıtmaq istəyənlər çoxdur. Bəllidir ki, Gürcüstanda ən azından bir neçə ölkənin xüsusi xidmət orqanları işləyir. Bilirsiniz ki, Gürcüstan çoxetnoslu ölkədir və Gürcüstana qarşı yazılan ssenarilərin də başında ölkədə milli, dini zəmində iğtişaşlar yaratmaq  istəyənlər durur. Allah etsin, onların bu arzuları gözlərində qalsın. Bəli, zaman-zaman həm mediada, həm sosial şəbəkələrdə azərbaycanlılara, gürcülərə, müsəlmanlara, ermənilərə, ruslara qarşı təhqiramiz ifadələr işlədilir. Bu da, heç kimə sirr deyil ki, Gürcüstanda həmişə olub, var və olacaq. Bu, gerçəklikdir. Amma onlar gürcü xalqının siması deyil və bunlara qarşı da bunların apardıqları metodlarla mübarizə aparmaq düzgün deyil. Mən elə fürsətdən istifadə edərək həm burada, həm də Azərbaycanda olan soydaşlarıma müraciət etmək istəyirəm, bu  “provakasiya”lara getmək lazım deyil. Bəzən heç onlar gürcü də deyil. Son araşdırmalar da göstərdi ki, gürcü ad-soyadı ilə azərbaycanlıların, müsəlmanların ünvanına cızma-qara edənlər tamam başqa yerlərdəndir. Bu, böyük ehtimalla Rusiyadan, Ermənistandan, İrandan da ola bilər. Amma gürcülər deyil.
– Əgər bu fakt ortaya çıxarılıbsa, nə üçün dövlət səviyyəsində hər hansı tədbir görülmür?
- Bu, dərinlikdədir. Bizimkilər də ucundan tutub ucuzluğa getməyə başlayırlar. Yəni o, birini deyirsə, bu, ikisini deyir. Bununla da söz-söhbət böyüməyə başlayır. Təbii ki, DTX-nın bəyanatında göstərilməyib ki, azərbaycanlılardır. Mən əminəm ki, burada adlar, ünvanlar xüsusi xidmət orqanlarına bəllidir. Yəqin ki, onlar tək Azərbaycan millətindən olanları yox, başqalarını da dindirəcəklər. Özü də təhlükəsizlik xidmətinə dindirilmək üçün çağırılmaq o demək deyil ki, ona hər hansı bir ittiham irəli sürülür. Orada müəyyən məqamlar da araşdırılır. Bilirsiniz ki, Nərimanovun heykəli ilə bağlı müəyyən söz-söhbətlər var. Amma burada mən bildiyim qədər araşdırılmalıdır ki, doğrudanmı, Nərimanovun heykəli ilə bağlı vaxtilə Marneuli şəhər rəhbərliyinin qərarı ilə hüquqi addım atılmışdı? Yəni müəyyən məqamları araşdırırlar. Burada heç nə yoxdur. Təbii şeydir. Gürcüstan hüquqi dövlətdir və hüquq müstəvisində də bu işlər araşdırılır. Mən əminəm ki,  soydaşlarımız da daxil olmaqla, bizim vətəndaşlarımızın böyük əksəriyyətinin arzusu idi ki, dövlət bu məsələdən kənar qalmasın. Açığı, hamı gözləyirdi ki, dövlət bir reaksiya versin, dövlətin orqanları hərəkətə keçsinlər. Çağırışlar olunurdu. Bizim fəallar da sosial şəbəkələrdə çağırış edirdi ki, dövlətin müvafiq qurumları hərəkətə keçsin. Gəlin,  bunu gölzəyək ki, müvafiq orqanlar öz araşdırmalarını aparsınlar. Yəqin ki, kiminsə bu işlərdə günahı var, onların hamısı araşdırılıb, yekunda bir qərar qəbul olunacaq.
– Mahir müəllim, yeri gəlmişkən, Sizin də fikirləriniz maraqlıdır, Marneulinin yepiskopu Giorgi  Camdelianinin Nərimanovun heykəlinin götürülməsi tələbi həqiqətən kommunistlərə olan nifrətdən irəli gəlir, yoxsa Nərimanov məhz azərbaycanlı olduğu üçündür?
– “24news.ge” də mənim mövqeyim yazılıb. Gürcüstan azad, demokratik ölkədir. Hər bir vətəndaşın istənilən məsələyə münasibət bildirmək hüququ var. Açığı deyim, bəzən də biz bu hüququmuzdan sui-istifadə edirik, eninə-uzununa, gücü, ağlı çatan, çatmayan hamı istənilən məsələ haqqında fikir yürüdür. Giorgi  Camdeliani Marneuli və Hujabi yepiskopudur, amma həm də vətəndaşdır, Marneuli sakinidir. Mən sosial şəbəkələrdə yoxam, amma məlumatlar qulağıma çatır, bizimkilər deyir ki, “keşiş getsin din işlərinə qarışsın, siyasətə qarışmasın”. Ona qalsa, bizim hacılar, məşədilərin böyük əksəriyyəti indi siyasətdədir. Keşiş də bir vətəndaş, Marneuli sakini kimi istənilən məsələdə öz fikrini irəli sürə, münasibətini bildirə bilər. Bu, onun haqqıdır. Heç kim onun bu haqqını əlindən ala bilməz. Əgər biz buna cəhd ediriksə ki, “keşişdi” deməsin, bu, bizim tərəfimizdən həm reputasiya, həm də başqa çalarlara münasibət baxımından düzgün olmaz. Keşiş təbii ki, din xadimidir. Din xadimlərindən həmişə məsuliyyətli addımlar gözləmişik və görmüşük. Bu halda belə görünür ki, Giorgi Camdeliani daha çox vətəndaş mövqeyindən çıxış edib. Bilirsiniz ki, Gürcüstanda provaslav kilsəsi çox böyük nüfuza malikdir. Bir çox araşıdırmlar göstərir ki, Gürcüstan Cənubi Qafqazın ən dindar ölkəsdir və burada provaslav kilsəsinin nüfuzu danılmazdır. Amma bu gün Giorgi Camdeliani  provaslav kilsəsinin adından dövlət idarəçilyinə, yerli özünüidarəetməyə, o cümlədən konkret Marneuliyə müdaxilə etmək istəyirsə, bu, artıq yolverilməzdir. Buna onun heç bir haqqı yoxdur. Ancaq hər hansı bir vətəndaş kimi öz fikrini ortaya qoya bilər. Bu, onun fikridir ki, Nərimanovun heykəli sökülsün. Amma Marneulinin yüzlərlə, minlərlə azərbaycanlı icması da başqa bir şey deyir. Yepiskopun fikirləri nəyə əsaslanır? Gürcüstanda “Azadlıq Xartiyası” adında qanun var. Bu qanun Sovet simovoluna, kommunist ideologiyasına qarşı yönəlib. Yəni ölkədə bunun yayılmasına yol verməmək, o cümlədən Sovet hakimiyyəti dövründən qalan abidələri, ideoloji qalıqları aradan qaldırmaq. Buna söykənib deyir ki, Nərimanov bolşevik olub, Sovet hakimiyyəti illərində yüksək vəzifə tutub. Orconikidze, Maxaradze, digər gürcü bolşevikləri kimi heykəli Gürcüstandan götürülməlidir. Bu, onun məntiqidir. Amma bizim məntiqimiz, konkret olaraq mənim məntiqim nədən ibarətdir? Nəriman Nərimanov Azəbaycan xalqının çöx böyük dahi şəxsiyyətidir, mütərrəqi ictimai xadimdir, ədibdir, dramaturqdur, cəhalətə qarşı mübarizə aparan maarifçidir, publisistdir. Siyahını çox uzatmaq olar. Yəni onun bolşevik fəaliyyəti lap axırda durur. Bilirsiniz ki, Nərimanovun qısa müddət bolşevik fəaliyyəti olub. Ondan əvvəl, “Hümmət” sosial demokart təşkilatının yaradıcılarından biri olub. Yeri gəlmişkən, o təşkilatın Gürcüstandakı qolu da Gürcüstan Demokratik Respublikasının yaradılmasında Gürcüstan sosial demokratlarına çox önəmli yardımlar göstəriblər. Onların Gürcüstanın müstəqilliyinə çox böyük töhfəsi olub. Amma Nərimanov qısa bir müddət kommunist oldu və kommunistlər də onun “başını yedilər”. Hamı bilir ki, Nərimanovun ölümü də təsadüfi olmadı. Məhz həmin o orconikidzelər, mikoyanlar, stalinlər Nərimanovu məhv etdilər. Dediyim kimi, onun bolşevik kimiyi ən axırdadır. Və heç bir təqiblərdə, repressiyalarda Nərimanovun adı çəkilmir, əksinə o dövrü bir balaca araşdıran hər kəs bilir ki, Nərimanov çoxlarını o dövrün repressiyasından, bolşeviklərin təqibindən xilas etdi. Qısası, biz azərbaycanlıyıq, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstan vətəndaşıdırlar, amma bütöv Azərbaycan millətinin tərkib hissəsidir. Biz deyirik ki, lütfən, ay gürcü qardaşlar(müəyyən qismə deyirik), imkan verin, millət olaraq öz  dəyərlərimizi özümüz müəyyən edək. Bu gün Azərbaycanda – bizim mili dövlətimizdə Nərimanova münasibət necədirsə, bizim də münasibətimiz bundan fərqlənmir.
– Gürcüstanda Nəriman Nərimanova abidə qoyulması kimin və yaxud hansı qüvvələrin səyi ilə olub?
(Ardı var)
Şamo EMİN, Hurriyyet.org