“Gündən-günə inkişafın” birdən-birə sonu - ANALİTİKA

Baxış sayı:
6089

Arif Əiyev, "Yeni Nəsil" Jurnalistlər Birliyi”nin rəhbəri, ASTNA.biz

Cəmi 10 il əvvəl “Bizim yol” qəzeti nəşrini dayandırmağa məcbur olsaydı, bu, ölkədə etiraz dalğası doğurardı. Amma indi 2019-cu ildir və KİV-ə Dövlət Dəstəyi Fondunun “Bizim yol” da daxil 22 qəzetin nəşrinin dayanmasına səbəb ola biləcək qərarı heç kimi yerindən oynatmır. Nə baş verdi KİVDF-nin “araya” girdiyi bu son on ildə? Millətmi dəyişdi, qəzetlərmi?

Ölkədə idarəçilik sistemində dəyişikliklər həyata keçirilməyə başlayıb. Hələlik onları islahat adlandırmaq tezdir, amma çarx hərəkətə gəlib. Bəzi yararsız qurumlar, fondlar artıq onun altında qalıb. KİVDF "çarxın" qabağından qaçmağa çalışır. Ona görə tələsik məntiqsiz qərarlar qəbul edir. Diqqət yetirin: dekabrın 14-də Fondun Müşahidə Şurasında elan edilir ki, "yeni dövrün tələblərindən irəli gələrək" KİV-lərə maliyyə yardımı 6 ay deyil, 3 ay müddətinə ayrılacaq. ("Dövrün tələbinə" bax!!!) Yanvarın əvvəlində Fond 32 qəzetə hələlik bu "qışı keçirməyə" 612 min 500 manat pul ayırır. Üçcə həftədən sonra isə məsələnin ilk baxışda göründüyündən daha qəliz olduğunu anlayan Şura təzədən toplaşır. Bəyan edir ki, sən demə, "dövrün tələb"lərinə tam uyğunlaşmaq üçün müddəti qısaltmaq kifayət deyilmiş, pul paylanan qəzetlərin sayını da ixtisara salmaq lazımmış! Arada yarım milyondan çox vəsait gedir öz işinə!

Amma hər məntiqsizlikdə də bir məntiq var. "Oksigen yastığı"na birləşdirilmiş "xəstə"lərin sayının kəskin azaldılması qalanların sağalıb ayağa durmasına kömək edə bilər. Yəni, 32 balaca qəzetə yalandan nəfəs vermək əvəzinə 5-10 qəzeti bəsləyib onları cəmiyyətdə, bəlkə, daha geniş dairədə söz sahibi olan KİV-lərə çevirmək mümkündür. Amma buna da ümid bəsləmək əbəsdir. Cünki Fondun bütün fəaliyyəti yanlış meyar üzərində qurulub. Nədir bu başlıca meyar? İndiyədək tirajı 2500, yayımı 1000 nüsxə olan qəzetlərə yardım paylanırdı, indi tirajı 5000, satış və abunəsi 2000-dən az olmayanlara pul düşəcək! Azərbaycanda qəzet satışı şəbəkəsi darmadağın edilib, abunə sistemi isə tam saxtakarlıq üzərində qurulub: abunə planı məmür kabinetində tutulur, sonra idarələrə hansı qəzetə nə qədər yazılmaq barədə göstəriş verilir. Rəqəmlərdən başqa heç nə dəyişmir, prinsiplər həmin prinsiplər olaraq qalır. Sadəcə, indi ictimai qazanın ətrafında əlində çömçə 32 nəfər yox, 10 nəfər əyləşdiriləcək. Nə o 22 qəzetin acından ölməsini, nə bu 10 nəşrin indi daha yaxşı qidalanmasını Azərbaycan jurnalistikası bütövlükdə hiss etməyəcək. Oxucuların da bu prosesə maaşlarından məcburi pul tutulmasından başqa aidiyyatı olmayacaq.

"Bəlkə bu, yeni tendensiyanın başlanğıcıdır?" - deyə sual edənlərin gözlərində ümid qığılcımı görürəm. Əminliklə deyirəm ki, bu qərarı verənlərin beynəlxalq mətbuatda ciddi tendensiyalardan xəbərləri yoxdur. KİVDF indiyədək olan uğursuzluqları və "dəyişiklik" qərarını "Hazırda bütün dünyada... çap mediasının obyektiv səbəblərdən problemlə üzləşməsi ilə", tiraj və gəlirlərin hər yerdə azalması ilə əsaslandırır. Deyəsən, "qəzet böhranı" barədə xəbər bizim Müşahidə Şurasına çox gec çatıb. Artiq 10 ilə yaxındır ki (elə təxminın KİVDF yaranandan), dünyada əks proses gedir. Ümumdünya Qəzetlər Assosiasiyasının hesabatına görə, təkcə 2010-2015-ci illərdə çap tirajları 21,6% artıb, hətta Böyük Britaniya, Fransa, Almaniya kimi yeni medianın güclü inkişaf etdiyi ölkələrdə də 2016-cı ildən qəzet tirajlarının ildə azı 2-3% artımı qeydə alınıb. Yox, dünya KİVDF gedən istiqamətdə getmir, orda artıq köç geri qayıdır.

Peşəkarlar dəfələrlə xəbərdarlıq ediblər ki, ölkə qəzetlərini "əldən yeməyə" öyrəşdirməklə, onları qəsdən ya bilməməzlikdən uçuruma doğru itələyirlər. Ekspertlər haray çəkiblər ki, "Kütləvi informasiya vasitələrinə dəstək" kimi mühüm ictimai məqsədə ayrılan büdcə vəsaitini pay-püş etməyin, ayrı-ayrı redaktorlara "loyallığa görə haqq" kimi ödəməyin axırı iflasla nəticələnək. Hər dəfə bunu söyləyənlərə qarşı həmin qəzetlərin redaktorlarını, "növbətçi" deputatları hücuma qaldırıblar. Nə oldu? 10 ildə hər birinə 1-1,5 milyon manat xərclənmiş qəzetlər bir günün içində necə çökdülər? Pul da getdi, şanlı tarixə malik neçə nəşr də. Bu idimi mediaya dövlət qayğısının məqsədi? Budurmu günü-gündən çıçəklənən mətbuatımızın inkişafının, gücünün göstəricisi?

Təəssüf ki, yenə təkrarlamalı oluruq: bu gedişatla qalan qəzetləri eyni tale gözləyir. KİVDF-nin fəaliyyətində nəyinsə dəyişəcəyinə azacıq işarə yoxdur. Sübut? Elə Fondun Müşahidə Şurasının son iclasının qərarları. 22 qəzeti "süddən kəsəndən" sonra Fond, heç nə olmamış kimi, iclası davam etdirib. Qalan 10 qəzet üçün növbəti kvartala eyni prinsiplər üzrə müsabiqə elanını təsdiqləyib və Fondun yaradılmasının 10-cu ildönümü, habelə Novruz bayramı münasibəti ilə eyni qaydada fərdi jurnalist yazıları müsabiqəsinə start verib. Bir adam bunları çağırıb soruşmur ki, yubileyini qeyd etməyə hazırlaşdığınız təşkilata bu 10 ildə xalqın malından aşağı-yuxarı 50 milyon vəsait ayrılıb. Nə yaratmışınız, nə qoymuşunuz ortalığa? Onu deyəcəklər ki, dövlətin vəsaitindən şəxsi və partiya qəzetlərinə pul paylamışıq, fərdi müsabiqələr keçirmişik, icra hakimiyyətləri ilə görüşlərə getmişik, xaricə kollektiv səfərlər etmişik, bayram şənlikləri qurmuşuq. Və indi də növbəti bayramlara hazırlaşırıq!

Niyə KİVDF fəaliyyət prinsiplərini dəyişə bilmir, bir dəfə batdığı palçığa inadla bir də girir? Çünki ölkədə həyata keçirilən media siyasəti onu bu yola itələyir. Nəzərə alın: söhbət rəsmən elan olunan yox, gerçəklikdə həyata keçirilən siyasətdən gedir. KİVDF-nin 10 illik fəaliyyətinin onun yaradılma məqsədlərinə uyğun olmadığını nümayiş etdirən bir sənəd var. Bu, mənim hazırladığım hesabat deyil, prezidentin 2008-ci ildə imzaladığı, KİVDF-nin də tez-tez istinad etdiyi "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" adlanan rəsmi sənəddir. Orada yazılıb: "Maliyyə dəstəyi KİV-nin maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturunun modernləşdirilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş proqramların, layihə və tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət tərəfindən yardımlar ayrılmasını nəzərdə tutur". Müsabiqəsiz maliyyə dəstəyinə: bölgə KİV-nə, sosial, mədəni və uşaqlar üçün xüsusi nəşrlərə ünvanlı yardımlar; subvensiyalar (rəsmi sənədlərin nəşrinə görə ayırmalar); subsidiyalar (müəyyən məqsədlər üçün büdcədən verilən vəsait); sosial reklamların mediada yerləşdirilməsi daxildir. Müsabiqəli maliyyə dəstəyi isə KİV-nin iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün uzunmüddətli və güzəştli kreditlər verilməsi; məqsədli proqram və layihələrin həyata keçirilməsi ilə əlaqədar maliyyə yardımı ayrılmasından ibarətdir.

KİVDF bu qədər vəzifənin içərisindən özünə birini - həm də ən sonuncusunu seçib və yardım paylamaqla, mükafat verməklə məşğuldur. İnfrastruktur, modernləşmə, iqtisadi müstəqillik, subvensiya, kredit, sosial reklamlar kimi daha öncül məsələlər onun heç yadına da düşmür. Bu da nəticəsi.

Bəzi ixtisaslaşmış, məsələn, uşaq nəşrlərindən başqa, heç kimin qəzetinə büdcə vəsaitindən siyahı üzrə pay ayrılmamalıdır! Bir, yaxud üç-beş nəfərin tutduğu siyahı əsasında xalq malını bölüşdürmək kimi biabırçı və ədalətsiz media təcrübəsinə son qoyulmalıdır. Axı 60 yaşında xəstə müəllimin maaşından tutulan vergi ilə onun ömründə üzünü görmədiyi və görmək istəmədiyi bir şəxsi qəzetin cavan, qırmızıyanaq, iki maşında gəzən redaktoruna niyə "pensiya" verilməlidir? Büdcə vəsaiti dövlət və ictimai maraqlara xidmət edən inkişafa, media sahəsində infrastruktur dəyişikliklərinə, yeni resursların yaradılmasına sərf olunmalıdır.

Deyəsən, "bəs konkret nə etmək lazımdır" sualına çatmışıq. Amma bu yerdə dayanmaq məcburiyyətindəyəm. Dəfələrlə təkliflər səsləndirmişik. Onun formasını götürüb mahiyyətini dəyişiblər və bütünlükdə ideyanı başqa məqsədlərə yönəldiblər. Bir vaxtlar mətbuatın ən təkmil özünüidarə forması kimi Mətbuat Şurasını təklif etdik. İdeyanı götürüb, inzibati resurslarla bizi kənarlaşdırıb, Şura sədrliyini "əbədiləşdirib" onu ləğv olunmuş Mətbuat Nazirliyindən də pis quruma çevirdilər. Elçin Şıxlı ilə Mehman Əliyev qabağa düşüb KİVDF yaratmaq fikri ortaya atdılar, əsasnamə hazırladılar. Əsasnaməni alıb, özlərini prosesdən kənarlaşdırıb, görün, nə yaratdılar. İndi də bəzilərinin eyni həvəsə düşdüyünü duyuram. Yaxşısı budur, qoy hər şey öz axarı ilə məntiqi yekununa yaxınlaşsın.