"Gətirib armatur paylamışdılar ki, tankın qabağına onunla çıxaq"

Baxış sayı:
1074

“Elə məmurlarımız var ki, 20 Yanvar gününün qeyd olunmasını ləğv etmək istəyirlər” 

20 Yanvar faciəsi ilə bağlı çox şey hələ də qaranlıqdır”

20 yanvar hər il ölkəmizdə hüzn günü kimi qeyd olunsa da, əslində, həm də xalqımızın qəhrəmanlıq tarixidir. Həmin gün millətimizin adına qurur duyulacaq bir hadisə yaşanılıb ki, bunu heç zaman yaddan çıxartmaq olmaz. Xalqımızın, dövlətimizin şərəfini uca tutan şəhidləri anmaq və o qəhrəmanlıq səlnaməsini yad etmək üçün hadisənin iştirakçısı olmuş 20 Yanvar əlili, Əlillər Cəmiyyətinin Sabunçu Rayon Şobəsinin müdiri Rövşən Abbasovla söhbətləşdik. Hadisənin canlı şahidi və həmin olaylar zamanı ağır yaralanan R.Abbasovla söhbətə xalqımızın qəhrəmanlıq tarixinin yalnız ilin bir günü – 20 yanvarda yada salınmasının nə dərəcədə doğru olmasından başladıq:
-Ümumiyyətlə, bu faciə günü ildə bir dəfə olur. Ayın 10-dan 20-nə kimi tədbilər, görüşlər keçirilir. Təbii ki, başqa vaxtlarda da tədbirlər olur. Hökumət tədbilərinə çağırırlar. Amma ən əsası 20 Yanvar faciəsi ilə əlaqədar təşkilatlar, müəssisələr, məktəblər bu günlərdə tədbirlər təşkil edirlər.
- Başqa vaxtlarda bu hadisənin xatırlanmaması nə dərəcə doğrudur?
-Yox, doğru deyil. Bizim şəhidlərin hamısı qəhrəmandır. Onların hamısı həmişə xatırlanmalıdır. Ümumiyyətlə, tarix boyu bizim nə qədər faciəmiz, qəhrəmanlıq günlərimiz olub, onların hamısı xatırlanmalıdır, tək  20 Yanvar günü yox. Ona görə ki, can candır, torpaq torpaqdır, vətən vətəndir. Vətənin o başı, bu başı olmaz. Tək 20 Yanvarla hər şey bağlansın, o da doğru deyil. 20 Yanvar Azərbaycan üçün həm faciə, həm də qələbə günüdür. 20 Yanvar şəhidləri azadlığın ilk müjdəçiləridir. Bizim yeni qələbələrimiz, Aprel döyüşləri oldu, bunun özü də tarixdir. Bu, bizim qələbəmizdir, itki vermişik, torpaq almışıq. Bu da Azərbaycanın, türk dünyasının qələbəsidir. Ancaq qaldı ki, kimlərsə nəyisə kənara qoyur, o düz deyil, mən səhv sayıram. Məsələn, Qarabağ şəhidlərimizi, keçmiş tarixdə olan qəhrəmanlarımızı nəzərdə tuturam…
- Rövşən müəllim, bu faciə haqqında 29 il sonra nə fikirdəsiniz, 20 Yanvar hadisəsi mütləq baş verməliydimi?
-Bəli, hadisə mütləq baş verməliydi. Nəyə görə? Bilirsiniz ki, o vaxtı Qarabağda Topxana meşələri dağıdılırdı, rus hökuməti tərəfindən azərbaycanlılarımızın əlindən silahlar alınıb, ermənilərə verilirdi. Açıq deyirəm, Rusiyanın, İranın, Fransanın, yəni bizi sevməyən dövlətlərin əli ilə bu işlər görülürdü. Onda camaat meydanda and içdi… Artıq şəhid verirdik. Ermənilər azərbaycanlıları incidirdilər, maşınları, gedən qatarları daşlayırdılar. Bunlar var idi. Azərbaycanlıların əlindən silahı alıb, erməniyə verib, ermənini silahlandırırdılar, bizim əliyalın camaat da əziyyət çəkirdi. Tələb ondan ibarət idi və meydanda and içildi ki, Qarabağa yürüş edilsin. Həmin o yürüşün qabağını almaq üçün 20 Yanvar hadisəsini törətdilər. Əvvəla, meydanda camaatın üstünə tank sürdülər. Şəxsən mən özüm orada olmuşam. Tankları sürdülər ki, camaatı meydandan qovsunlar, hamı aşağı oturdu. Tanklar gəldilər camaatın başının üstündə dayandılar. Ancaq cammatdan heç kim tərpənmədi. Orada ana da, bacı da, körpə uşaqlar da var idi. Bütün millət tökülmüşdü. Ondan sonra 20 Yanvar faciəsini törətdilər. Yəni Azərbaycan xalqının gözünü qırmaq üçün 20 Yanvar mütləq olmalıydı.
Həmin vaxtı Yazovun özü şəxsən Prezident Aparatında oturmuşdu. Elə Qorabaçovun özü də müsahibəsində deyir ki, “mənəd edilər ki, belə getmək olmaz, əmr verməyi qərarlaşdıraq. Mən də dedim ki, problem yoxdur, qərar verdim” . Bunu Qorbaçov özü təsdiqləyir.
Rəhmətlik Bəxtiyar Vahabzadə 20 Yanvara yaxın bir qrup ziyalı ilə Prezident Aparatına getmişdi. Onlara demişdilər ki, heç bir şey olmayacaq, sakitçilik olacaq. Eyni zamanda “nayomnik”ləri gətirmişdilər. O muzdlu əsgərlərin özünü mən gördüm, ikisi ilə söhbət də etdim. Bilirsiniz ki, rus milləti içkiyə meyllidir. O vaxtı içki çətin tapılırdı, camaat dava-dalaş etməsin deyə, içkini satışa az buraxırdılar. Ruslar “Salyan kazarması”ndan çıxanda mən bunları qarşıladım. Mənimlə belə söhbət etdilər ki, bizə içki lazımdır. O vaxt əlaltından içkilər satırdılar. Dedim, düzələr. Siz nəyə görə gəlibsiniz? Dedi ki, biz burada asayişi qorumağa gəlmişik. Yəni bizi bura gətiriblər. Biri Stavrapol vilayətindən, biri sə Krasnadardan idi.  Onlar ayın 18-i, 19-u günü iki dəfə mənim yanıma gəldilər. Axşam da həmin hadisəni törətdilər. Yəni Mixail Qorbaçov birbaşa ermənilərə satılıb, bu hadisəni törədib.
İndi biz də cəmiyyət olaraq şəhid ailələrinin, əlillərin imzası ilə 2010-cu ildən Qorabaçovu beynəlxalq məhkəməyə vermişik. Çünki həm bizim milləti qırıb, həm də Nobel mükafatı alıb. Hansı ki, Nobel mükafatı Azərbaycan neftinin qazancı ilədir. Nobel qardaşları bu pulları Azərbaycanda qazanıb. Bizim milləti qırdıran Qorboçova da o mükafatı veriblər.

- 2010-cu ildən bəri məhkəmə ilə bağlı hər hansı bir məlumat varmı?
- Xeyr. Bilirsiniz ki, dünyada ikili standartlar var. Bizə qarşı olan hadisələri siz də, biz də, hamımız izləyirik. Orada nələr baş verir, deyə bilmərəm. Ancaq hələ bir cavab yoxdur.
- 20 yanvar hadisəsinin baş verməsində bizim o dönəmki siyasi liderlərin, dövlət rəhbərliyinin nə dərəcədə məsuliyyəti var?
- Ümumiyyətlə, o vaxtı siyasətdən uzaq dövlət başçıları var idi. Bunu səmimi deyirəm, həmişə demişəm, bu gün də deyirəm. Dövlət başçıları bilirdilər ki, bu hadisə ola bilər. Ancaq gərək, camaata deyəydilər, camaat hazırlıqlı olardı. Ona görə, onlar elə bir vəhişilik törətdilər ki... Əgər təcili yardım maşınlarına, xəstəxanaya, körpə uşaqlara güllə atılırsa, bunun adı vəhşilikdir.
Qaldı ki, bizim keçmiş siyasətçilərimizə, başçılarımıza hamısını nəzərdə tutmaq olmaz, Vəzirovun özünü götürək, o, məhz 20 Yanvar hadisələrindən sonra qaçıb getdi. Vəzirov ümumiyyətlə siyasətçi deyildi, rusun əl oyuncağı idi, gəlib Azərbaycana çıxmışdı. Mütəllibov da onun kimi, Xalq Cəbhəsi də ondan pis. Camaata gətirib armatur paylamışdılar ki, tankın qabağına onunla çıxaq. Tankın qabağına armaturla çıxmaq olmaz ki. Bax, onların belə səhlankarlıqları var idi. Ona görə ki, iradələri zəif olub. Ancaq Heydər Əliyev haqq səsini Moskvada ucaldanda doğurdan da onu bütün dünya eşitdi. Eyni zamanda gəlib ölkəyə rəhbərlik edəndə də ölkədə hər şeyi qaydaya qoydu. Mən tərifləmirəm, haqqı deyirəm…
- Məlum hadisədən 29 il keçməsinə baxmayaraq, bu gün də 20 Yanvar hadisəsinə belə demək olarsa, hüquqi-siyasi qiymət verilməyib. Bunu nə qədər gözləməliyik?
 - O vaxtı  Xalq Cəbhəsinin vaxtında bir qərar var idi. Rəhmətlik Heydər Əliyevin özü də deyirdi ki, bu cılız qərardır. Heydər Əliyev bir sanballı qərar çıxartdı. Ancaq o daxili qərardır. Yəni belə desək, hüquqi-siyasi qiyməti özümüz özümüzə vermişik, dünya müqyasında əksini tapmayıb. Təbii ki, biz də gözləyirik ki, dünya miqyasında əksini tapsın. Ancaq o bizim hökumətimizin əlində olan məsələdir. Biz öz müraciətlərimizi etmişik, lazım gələndə canımızdan keçmişik, şəhid vermişik, qan tökmüşük. Ancaq bu, bizim dövlətimizin əlindədir.
- Deyirsiniz ki, 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət vermək dövlətimizin əlindədir. Bəs, bunu niyə yubadırlar? Bu, nə ilə əlaqədardır?
-Həmişə bununla bağlı deyirlər ki, ikili standartlar var. Bu, Rusiya hökuməti ilə əlaqədardır. Hegemon dövlətdir. Amma hadisə ilə bağlı sənədlərdə hər bir şey var.
- Belə çıxır ki, bizim hakimiyyət Rusiyadan çəkinib, hüquqi qiymət vermir...
-Bəli, təəssüf ki, belədir. Ona görə ki, bütün sənədlər, video çəkilişlər var. Keçmiş Sovet əsgərləri şəhərdə talançılıqla məşğul olub, mağazaları dağıdıb, xəstəxanalara, təcili yardımlara, evlərə güllə atıblar. Yəni sübutlar, faktlar var. Burada 20 mindən çox güllə xərcləyiblər, tək bir gəmimizə 3 minə qədər güllə atıblar. O da hərbi gəmiyə yox, mülki gəmiyə. Baxın, neçə yerdən, aeroport, Bayıl, “Qurd Qapısı”, 20 Yanvar, Xırdalan, dəniz istiqamətindən və “Salyan kazarması”nın içindən hucum olub. Bu, Sovet dövlətinin Azərbaycanı əzməsi, məhv etməsi demək idi.
- 20 Yanvar hadisəsinin məhz faciə günü kimi tarixə salınması nə dərəcədə doğrudur. Bu, xalqın qəhramanlıq salnaməsi deyilmi?
-Bəli, qəhrəmanlıq salnaməsidir. Bilirsiniz, biz hələ millət kimi təkmilləşməmişik. Biz həmişə ağlamağa üstünlük vermişik. Ağlamaqla heç nə olmaz. Qardaş Türkiyəni götürək. Bir dəfə “vətən, bayraq sağ olsun”, deyirlər. Bizdə bir nəfər ölən kimi özümüzü öldürürük ki, torpaq uğrunda filankəs öldü. Təbii ki, bunun faciə tərəfi də var. Ancaq mənim fikrimcə, bu, qəhramanlıq tarixi kimi qeyd olunsaydı, daha yaxşı olardı. Azadlığın ilk müjdəçiləri 20 Yanvar  şəhidləridir. Təbii ki, bizim 1905/18-ci illərdə də, başqa vaxtlarda da şəhidlərimiz olub. 20 Yanvardan da böyük faciəmiz olub. Qubada, Şamaxıda camaatı məscidə doldurub, yandırıblar. Amma yenidən müstəqilliyin qazanılması üçün 20 Yanvar hadisəsi olub. Ona görə, bu tarix qəhrəmanlıq günü kimi qeyd olunmalıdır.
- Bununla bağlı hansısa tədbirdə təklif irəli sürmüsünüz?
-İndi hər adam bir fikirdə deyil. Məsələn, mən deyirəm ki, atam həmin vaxtı rəhmətə gedib, bu bizim faciəmizdir. Amma o biri deyir ki, mənim atam azadlıq uğrunda qəhrəman olub. Şəhid ailələrinin, qohumlarının arasında belə fərqli yanaşmalar var.

- Dərsliklərdə 20 Yanvarla bağlı kifayət qədər məlumat verilmir. Hətta Digah qəsəbəsində şəhid Səxavət Məmmədovun adını daşıyan məktəbdə olarkən şagirdlərdən biri “20 Yanvar Xocalı günüdür”, demişdi. Qəhrəmanlarımız və həmin gün haqqında geniş təbliğata ehtiyac varmı? Siz  hadisə iştirakçısı kimi bu günün yetərli səviyyədə təbliğ olunduğunu düşünürsünüzmü?
-Xeyr. İldə bir dəfə tədbirlər keçirilir. Ümumiyyətlə, indi şəhərə çıxaq, cavanlardan soruşaq, 20 Yanvar nə günüdür, bilmirlər. Məktəblərdə hansısa dərsliklərdə bu barədə qısa məlumat verilir, geniş verilmir. Biz bir cəmiyyət olaraq bu haqda demişik də, qulaq asmayıblar. Necə var, o formada da qalıb. Ümumiyyətlə, 20 Yanvar haqqında təbliğat çox zəifdir.
-Bu, nə ilə əlaqdardır? Niyə 20 Yanvar kimi qəhrəmanlıq günü ilə bağlı təbliğat bu qədər zəifdir? Buna niyə soyuq yanaşırlar, kökündə nə durur?
-Elə məmurlarımız var ki, nəinki 20 Yanvar gününü təbliğ etmək, ümumiyyətlə, ləğv etmək istəyirlər. Kimlərin ki, bu işdə əli var, bu hadisələri törədənlərin içindədir, təəssüflər olsun, onlar məmurdurlar. Bax, elə insanlar çalışırlar ki, ümumiyyətlə, 20 yanvar hadisəsi keçirilməsin, söndürülsün. Ancaq xalqın iradəsi onlara imkan vermir. Xalq həmin insanlara qarşı gedir, göstərirlər ki, bunlar bizim qəhrəmanlarımızdır, şəhidlərimizdir. Bax, belə şeylər var.
-Bu, onu deməyə əsas verirmi ki, həmin şəxslər Rusiyaya bağlı adamlardır, ona görə, 20 Yanvar hadisələrinin yaddan çıxarılmasını istəyirlər…
-Bəli, tamamilə doğrudur. Onlar Rusiyameylli adamlardır.
-Rövşən müəllim, 20 yanvar hadisəsi ilə bağlı Sizin üçün daha hansı qaranlıq məqamlar var ki, onun bu gün ictimaiyyətə çatdırılmasına ehtiyac var?
-Məndən ötrü 20 Yanvarla bağlı çox şey qaranlıqdır. Nəyə görə? 29 ildə istər xarici, istərsə də daxili düşmənlərimizin heç biri cəzalandırılmayıb. Səbəbi mənə də, bizim cəmiyyətə də, şəhid ailələrinə də, əllillərə də məlum deyil. 20 Yanvar hadisəsini törədən insanlardan daxildə kimlər olduğu bilinir. Prezident Aparatı, Dövlət Təhlükəsizlik Xidməti, polis var, hamısı da bilir ki, kimlərin bu işdə əli olub. Hələ heç birinə güldən ağır söz deyilməyib. Hələ biz Rusiyanı qırağa qoyaq. Hələ bir daxildə nəsə desinlər ki, sən bu işi niyə etmisən? Hamı bir-birinin üstünə atır. 29 ildir heç bir kəsin burnu da qanamayıb.
- Deyirsiniz ki, 20 Yanvar hadisələrində əli olanlar hazırda vəzifə başındadır…
- Bəli, hazırda vəzifədə olanlar da var. Amma konkret ad çəkmək istəmirəm.
- Maraqlıdır, bu cəzasılıq mühiti nədən doğur?
-Yəqin ki, o adamların arxasında Rusiya durur, ya da kimlərinsə qohumlarıdır.
- 20 Yanvar qəhramanlıq günü ilə bağlı sizi narahat edən başqa nə demək istəyərdiniz?
- Əvvəla, bütün şəhidlərimizə Allah rəhmət eləsin. İkincisi də, bütün millətimizə, o cümlədən əlillərimizə cansağlığı arzulayıram. Sizin kimi insanlar da sağ olsunlar ki,  bizi gəlib, yad edirsiniz, hadisəni soruşursunuz. Sağ olun, bizi az da olsa yaşadanlar sizlərsiniz. İnşallah, yaşayarıq görərik, o vəhşilikləri törədənlərin sonu necə olacaq. Sizin də köməyiniz vacibdir. Ona görə, siz də bir media orqanı olaraq tək 20 yanvarda yox, başqa vaxtlarda bu hadisəni işıqlandırmalısınız.
-Yəni  hadisəyə hüquqi-siyasi qiymət verilməsini gözləyiriniz?
-Bəli, ya millət kimi qabağa gedəcəyik, ya da millət kimi qırılacağıq, ikisindən biri olacaq. Mən istəyərdim ki, bizim dövlətimiz Türkiyə kimi olsun, vətəndaşlarımız torpağını o qədər sevsin, o qədər torpağına, bayrağına hörmət etsin. Və bütün bunlar dilldə yox, ürəkdə olsun. Bir vətəndaş, bir də vətəni sevən var. Hamı, hətta eməni, gürcü də gəlib, vətəndaş ola bilər. Amma vətənini sevən adam azdır. Amma gərək, vətəni sevəsən. Vətəndaş olmaqla deyil. Bax, mən onu istərdim ki, Türkiyə kimi bizim birliyimiz olsun, torpağa bağlı olaq. Yenə də deyirəm, hadisəyə hüquqi  siyasi-qiymət verilməməsi Rusiyanın təzyiqi ilə bağlıdır.
Muxalifet.az