Gizli savaş "su üstünə" çıxdımı? - TƏHLİL

Baxış sayı:
1920

İdlib məsələsinin əsərin əvvəlində divardan asılan bir tüfəng olduğunu dəfələrlə yazdıq: dram əsərləri üçün Anton Çexovun  müəyyənləşdirdiyi prinsip həyatın daha  bir örnəyində  gerçək olurmu? Əslində prezident Erdoğanın sözləri tüfəngin açılmasına çox da uzun vaxt qalmadığını göstərir:”İdlibdəki bu bombardmanları dayandırın,dayandırmasanız,artıq bizim səbrimiz daşır.Bundan sonra nə lazımdırsa,biz də onu edəcəyik”

Cənab Erdoğan bu xəbərdarlığı Rusiya dəstəkli Suriya dövlət ordusunun ölkənin qıfıl bölgəsi halına gəlmiş İdlibdəki  radikal qruplara qarşı həyata keçirdiyi hava və quru əməliyyatının dayandırılması üçün edir.2018-ci ilin sentyabrında bölgədə həlledici əməliyyatların başlamasıyla Erdoğan Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinlə Soçidə görüşərək   atəşkəsə nail olsa da radikal qrupların Türkiyənin nəzarəti altında bölgəni tərk etmələri üçün  verilən 1 aylıq möhlət içində o qruplar bölgəni tərk etməmişdi.Bir neçə dəfə pozulan atəşkəs prezident Erdoğanın Vladimir Putindən xahişiylə yenidən qüvvəyə minmiş,nəticədə radikal qruplar bölgədəki mövqelərini daha da möhkəmləndirmişdilər.Yanvarın 12-də qüvvəyə minən atəşkəsin bir neçə gündən  Suriya dövlət ordusunun əməliyyatıyla yenidən pozulmasına isə cənab Erdoğanın reaksiyasını yuxarıda oxudunuz- sanki Türkiyə ilə Rusiya bölgədə savaşın  1 addımlığındadır.Bəs 24 avqust 2016-cı ildən bəri sürüb gələn dostluq və əməkdaşlıq,bəs onun qarşılıqlı faydaları?

Kremlin reaksiyası gecikmədi,mətbuat katibi  Peskov, Türkiyə prezidentinin “ittihamlarını qəbul etmədiklərini və İdlib bölgəsindəki gərginliyi azaltmaq üçün Soçi  sazişindən irəli gələn öhdəliklərin hamısına yerinə yetirdiklərini”  bildirdi.

Rusiyanın dövlət qurumları eyni pərdədə və eyni simlərdə çalır.Çünki bunu daha əvvəl XİN mətbuat katibi Mariya Zaxarova da dəfələrlər təkrarlayıb.İşin qəribə tərəfi Ankara da İdlib məsələsində özünü haqlı  çıxarmaq üçün Astana və Soçi razılaşmalarına işarə edir.Ancaq deyəsən, unutduğu nüans- 2018-ci ilin sentyabrında bölgənin başda çeçen mənşəlilər  olmaq ürə,radikla ünsürlərdən təmizlənməsi üçün verilən 1 aylıq möhlətin üstündən 16 ay keçməsinə baxmayaraq,vəziyyətdə heç bir dəyişiklik olmamasındadır.İdlibdəki qruplar nəinki bölgəni tərk etməyi qəbul etdilər,orada qalıb nüfuz sahələrini daha da genişləndirdilər.

Yaxşı,Türkiyə prezidentinin  Rusiya dəstəkli Suriya ordusunun İdlibi bombardmana tutmasına qarşı  göstərdiyi bu qədər sərt reaksiyanın ünvanı kimdir,bombardman dayanıdırılmasa,Türkiyə kimə cavab verəcək:Dəməşqə yoxsa Moskvaya? Cavabın Rusiya  olduğu ondan şübhə doğurmur ki,Erdoğanın açıqlamasından qısa müddət sonra bu topa məhz Vladimir Putinin mətbuat katibi Dmitri Peskov girdi.Elə isə,prezident Erdoğanın dediyi şəkildə Türkiyə lazım olanı  etsə,bu,Suriya torpaqlarında Türk-Rus savaşı olmayacaqmı? Tərəflər bu addımı atarlarmı? Atsalar,indiyə qədər  iki ölkə (Türkiyə və Rusiya)  arasında əslində su altında  davam edən savaş suyun üstünə çıxmayacaqmı? Prezident Erdoğanın İdlibdəki bombardmanla bağlı son açıqlamasından  geriyə dönülməsə,yəni,Rusiya və Türkiyə dövlət başçıları növbəti dəfə tələm-tələsik görüşüb dostluq görüntüləri nümayiş etdirməsə,nə ola bilər?  Türkiyə bombardmana nə ilə cavab verər? Erdoğanın açıqlamasını onun sərt üslub nümayiş etdirib sonra geri addım atdığı növbəti ritorika örnəyi kimi dəyərləndirməli yoxsa Moskva ilə münasibətlərdə, Türk ədəbi dilinin bu kontekstə çox uyğun kəlamı ilə desək, “ya  herro ya merro”mu?

Türkiyə NATO-nun üzvüdür,İdlib (ondan sonra təbii ki,Afrin,əl-Bab bölgələrində) Rusiya ilə qarşı-qarşıya gəlsə,buna alyans necə  reaksiya verər?

Bütün hallarda iki dövlət başçısının razılığa gəlmə ehtimalını da bir tərəfə qeyd edək.

Astna.biz