Generalın oğurluqda suçladığı qaynına cəza istəniləcək

Baxış sayı:
8383

Külli miqdarda oğurluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Bu işdə onun bacısı, generalın keçmiş həyat yoldaşı da ittiham edilir və hazırda axtarışdadır.
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Fərid Yusub Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynıdır.
Bu iş üzrə zərərçəkmiş Emin Şəkinskidir.
Məlumata görə, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunub. İttihama görə, Gülnarə Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.
Bu oğurluq işində Gülnarə Şəkinskayanın qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin də adı keçib.
Onlar barəsində axtarış elan olunub. “İnterpol” xətti ilə axtarışda olan Fərid Yusub saxlanılaraq Azərbaycana təhvil verilib.
Əlövsət Əliyev və Gülnarə Şəkinskaya isə axtarışdadır.
Bu gün hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxış üçün vaxt istəyib.
Emin Şəkinskinin vəkili çıxış edərək deyib ki, general məhkəmənin ədalətli qərar çıxaracağına inanır.
Fərid Yusub Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur./Musavat