Fuceyra terminalında neft tankerlərinə hücum edildi - BU, KİMİN İŞİ OLA BİLƏRDİ...

Baxış sayı:
8986

Ötən gün mayın 12-də Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra limanı rayonunda neft tankerlərinə diversiya hücumları həyata keçirilib.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Əmirliklərin Xarici İşlər Nazirliyi dörd tankerin “ziyanvericilik aktına” məruz qaldığını açıqlayıb. Qeyd olunur ki, insident nəticəsində ölən və yaralananlar yoxdur, amma tankerlərin konstruksiyasına ciddi ziyan dəyib. Habelə gəmilərdən dənizə neft axması baş verməyib.

Livanın “əl-Mayadin” telekanalı isə yerli mənbələrə istinadən xəbər verir ki, bazar günü səhər saatlarında Fuceyra terminalında bir neçə partlayış baş verib, nəticədə yanğın başlayıb və azı yeddi tankeri bürüyüb. Lakin Fuceyra əmirliyinin hakimiyyəti bu məlumatı təsdiq etmir.

 

Səudiyyə Ərəbistanı hakimiyyəti isə bu gün  mayın 3-də Fuceyra terminalında hücuma məruz qalan tankerlərdən ikisinin onlara məxsus olduğunu açıqlayıb. Məlumata görə “diversiya hücumu” nəticəsində “Amjad” və “Al Marzoqah” adlı tankerlər ziyan çəkib.

Ər-Riyadın bəyanatına əsasən ümumən hücum nəticəsində dörd kommersiya gəmisi zərər çəkib. Hücum nəticəsində neft sızması və tələfat baş verməyib, amma iki gəminin konstruksiyasına ciddi zərər dəyib.

Fuceyra terminalı Hörmüz körfəzinin bilavasitə yaxınlığında yerləşən mühüm neft doldurma məntəqəsidir və dünyanın ən iri dəniz nəqliyyat şəbəkələrindən birində-eyni adlı limanda yerləşir.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib ki, hücuma məruz qalan tankerlərdən biri Ras Tanura limanından Səudiyyə neftini yükləyib ABŞ-a çatdırmaq üçün gedirdi. Falih hücumu “bütün dünyada neft istehlakçılarına neft təchizatının təhlükəsizliyini təhdid edən” hadisə və dənizdə hərəkət azadlığına zərbə adlandırıb. Və beynəlxalq ictimaiyyəti hücumu araşdırmağa çağırıb.

Hazırda Fuceyra limanının adi rejimdə işlədiyi, yerli və xarici strukturlar tərəfindən partlayışların səbəbini araşdırmaq üçün kompleks təhqiqat getdiyi bildirilir.

Hücumu İrana bağlı elementlərin həyata keçirə biləcəyi haqda şübhələr var. Lakin rəsmi Tehran baş verənlərdən yaxasını kənara çəkib və Fuceyra limanında baş verənləri “vandalizm aktı” adlandırıb. İran XİN tankerlərə hücumu araşdırmağa çağırıb.

“Oman körfəzində bir neçə gəmi ilə bağlı baş verənlər təəsüf və narahatlıq yaradır, eyni zamanda bizim üçün əlverişsiz vəziyyətə səbəb olur. Biz həmin insidentlərin araşdırılmasına çağırırıq”-İran XİN-in bəyanatında bildirilir.

Xatırladaq ki, bu insident ABŞ-la İran arasında münasibətlərin daha da kəskinləşdiyi br vaxtda baş verir. ABŞ İranın Yaxın Şərq regionuna Amerika və ya müttəfiqlərinin maraqlarına qarşı nəsə təxribat hazırladığını bildirərək regiona hərbi qüvvə cəmləşdirir. On minlərlə Amerika hərbçisinin, təyyarədaşıyan və bombardmançıların regiona istiqamət aldığı məlumdur.