​Fləşmob keçirmək istəyən gənclər basqına məruz qalıb

Baxış sayı:
2685

Bir qrup müxalifətçi gənc fəalın Bakı şəhərinin mərkəzində təşkil etmək istədikləri fləşmobun qarşısı alınıb. Belə ki, ADP-çi gənclər Cavad İsmayılov, Coşğun Qurbanov, Füzuli Babaşov və Mirzəka Osmanlı fləşmob keçirmək üçün hazırlıq işləri görərkən onların olduğu mənzilə mülki geyimli şəxslər tərəfindən basqın olub.
Onlardan C.Qurbanov və M.Osmanlı qaçıb canlarını qurtarsalar da, digər gəncləri mülki geyimli şəxslər həbs edərək naməlum istiqamətə aparıb. Saxlanılan gənclərin hal-hazırda harada olmaları ilə bağlı heç bir informasiya verilmir. C.Qurbanov və M.Osmanlı isə həbs olunma riski ilə üzləşdiklərindən və həyatlarının təhlükə altında olduğundan yaşayış yerini dəyişərək gizlənmək zorunda qalıblar. Xatırladaq ki, ADP-çi gənclər bundan əvvəl də şəhərin mərkəzində bir neçə dəfə hakimiyyətin siyasətini tənqid edən filəşmoblar keçiriblər. Bu dəfəki fləşmobun keçirilməsində gənclərin məqsədi hakimiyyəti ölkədə gərginliyi aradan qaldıracaq islahat xarakterli addımlar atmağa, o cümlədən günahsız yerə illərdir, aylardır həbsdə saxladığı siyasi məhbusları azad etməyə çağırmaq olub.