Ermənistanda yeni kabus dolaşır: Qarabağda müharibə ANONSU səslənəcək?

Baxış sayı:
514

ABŞ prezidenti Donald Trampın müşaviri, Nyu-Yorkun sabiq meri Rudolf Culiani Ermənistana rəsmi səfərə hazırlaşır. Birləşmiş Ştatlardakı prezident seçkiləri zamanı Culianı Trampın seçki qərargahının rəhbərlərindən biri idi.

Tramp administrasiyasının ən "ağır çəkili" mənsublarından biri, məşhur və nüfuzlu amerikalı siyasətçi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun da Ermənistana və Azərbaycana səfər edəcəyini nəzərə alsaq, rəsmi İrəvanı ciddi sınaq gözləyir.

Ən azı ona görə ki, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişi və baş nazir postuna yiyələnməsi ilə nəticələnən "kütləvi xalq etirazları" adlı tragikomik, amma məharətlə hazırlanaraq reallaşdırılmış ssenarinin müəllifi bilavasitə Vaşinqtondur.

Vaşinqtonlu sahiblər irəvanlı kölələri yoxlayır

Bu səbəbdən də Vaşinqtondan İrəvana gələn hər siyasətçi Paşinyanla və onun komandasındakı insanlarla yetərincə konkret məsələləri müzakirə edirlər.

Məsələn, ötən həftə Ermənistanda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısının müavini Corc Kentə "hesabat" verilib. Birləşmiş Ştatların xarici siyasətində isə Avropa və Avrasiya istiqaməti çox mühüm yer tutduğundan bu istiqamətlə məşğul olan amerikalı məmurlar Ağ Evdə yetərincə önəmli rol oynayan diplomatlardır.

Bütün bunlarla yanaşı ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin "vida" bəyanatı İrəvanda çox böyük təşvişlə və qıcıqla qarşılandı. Xatırladaq ki, Millss Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının yeganə labüd yol olduğunu bir daha vurğulasa da, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməsinin qaçılmaz olduğunu dedi.

Vəzifəsini tərk etməkdə olan və bu səbəbdən diplomatik yasaqlarla özünü məhdudlaşdırmayan R.Millsin belə bəyanatla ABŞ-dan İrəvana yüksək çinli diplomatların səfəri əsnasında çıxış etməyini də təsadüf saymaq sadəlövhlük olardı.

Vaşinqton İrəvana aşkar şəkildə messic verərək deyib: "Dağlıq Qarabağ münaqişəsi həll olunmalı və Ermənistan danışıqlarda tutduğu aqressiv, militar mövqeyindən əl çəkməlidir. Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması şərtdir".

Ermənistanın baş naziri Nikol Paşinyan isə anlayır ki, Qarabağ münaqişəsi ermənilər müstəqil dövlət əldə edəndən bəri İrəvandakı iqtidarlar üçün kütləni idarə etmək üçün ən əlverişli vasitə olmaqla yanaşı, elə həmin iqtidarlar üçün edam kötüyünə çevrilə bilər.

Paşinyan, yoxsa Köçəryan?

Levon Ter-Petrosyan və Robert Köçəryan məhz Dağlıq Qarabağ ritorikası ilə hakimiyyətə gəlmiş, o ritorikanın qurbanına çevrilib postlarını tərk etmişdilər.

Serj Sarqsyan bəhs etdiyimiz problemlə uzun müddət "oynamağa" çalışsa da, alınmadı: ABŞ-ın səbri tükəndi və qalmaqallı redaktor, Levon Ter-Petrosyanın sabiq "sağ əli", erməni siyasətçilərlə oliqarxların "küçə uşağı" adlandırdıqları Nikol Paşinyan baş nazir postuna yiyələndi.

"Küçə uşağı" elə küçə etirazları sayəsində S.Sarqsyanı devirdi.

İndisə Paşinyan üçün çox gərgin dönəm başlanıb.

Bu gün N.Paşinyanın təşəbbüsü ilə çağırılmış parlament iclasında yeni baş nazir seçkisi məsələsi müzakirə olunacaq.

Ermənistan Konstitusiyasına görə, ölkənin ali qanunverici orqanı olan Ermənistan Milli Məclisinin özünü buraxması və parlament seçkilərinin keçirilməsi üçün hazırda radikal müxalifətdə olan qüvvələrlə yanaşı, Paşinyanın siyasətini qəbul etməyən düşərgə öz namizədlərini irəli sürməməli, yaxud da həmin namizədlər heç bir halda baş nazir seçilməməlidir.

Parlamentdə ilk səsvermə oktyabrın 24-də keçiriləcək, bir həftə sonra isə təkrar seçki reallaşmamalı və sonucda ən tezi 30, ən geci 45 gün ərzində Ermənistanda yeni, növbədənkənar parlament seçkiləri keçirilməlidir.

Bu isə dekabrın 9-na təsadüf edir. Nikol Paşiyan da həmin dövrədək səlahiyyətlərinin icrasını davam etdirmək, sonra yenidən baş nazir seçilmək niyyətindədir.

O, oktyabrın 16-da məhz sözügedən ssenarini gerçəkləşdirmək üçün istefa vermişdi.

N.Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası və bu partiyanın daxil olduğu "Yelk" Alyansı seçkilərin favoritidir. Fəqət, parlamentdə yerdə qalan üç ciddi qüvvə - Daşnaksutyun, Ermənistan Respublika Partiyası (ERP) və "Çiçəklənən Ermənistan" Partiyası (ÇEP) mövqelərinin itirilməsi ilə asanlıqla barışan deyillər.

ERP-in lideri, sabiq prezident Serj Sarqsyan və ÇEP sədri, oliqrax Qaqgik Sarukyan sonadək mübarizə aparacaqlarını deyiblər. Onların qətiyyəti anlaşılandır: məğlubiyyət bu insanlar üçün tək siyasi fiasko yox, həm də milyardlarla dollarlıq varidatın əldən çıxması və hətta həbs təhlükəsidir.

Növbədənkənar parlament seçkiləri yeni Seçki Məcəlləsinə uyuğn keçirilməlidir.

Həmin Məcəllənin layihəsinin ilk oxunuşu bu gün, ikinci oxunuşsa sabah olacaq.

Qanun layihəsinin qəbul edilməməsi ehtimalı həddən ziyadə azdır: Məcəllənin layihəsi parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyada təsdiqlənib.

Bu isə o deməkdir ki, hadisələrin adi cərəyan məcrasında parlamentdə ən azı 4 siyasi qüvvə ("Vətəndaş Müqaviləsi", ERP, Daşnaksutyun və ÇEP) təmsil oluna bilər.

Beşinci qüvvə olacaqmı?

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın hazırda Ermənistan Respublikaçılar Partiyası, "Luys" və "Sasna Srer"dən ibarət koalisiya qurmağa çalışdığını nəzərə alsaq, seçkilərdə Nikol Paşinyanın ən sərt rəqibi sabiq prezident Sarqsyan və ya oliqarx Sarukyan yox, məhz baş naziri "təlxək" adlandıran, Paşinyanın həbs etdirməyə çalışdığı Köçəryan olacaq.

Nikol Paşinyan əlindən gələni edəcək ki, daşnaklarla hazırda iqtidar partiyası sayılaraq parlamentdəki yerlərin əksəriyyətinə nəzarət edən ERP, habelə Serj Sarqsyanı həmişə və hər yerdə dəstəkləmiş Daşnaksutyun uğur əldə etməsinlər.

Təbii, Paşinyan onlara müəyyən sayda səs də hədiyyə edə bilər və ya seçki saxtakarlığına adət etmiş ERP ilə Daşnaksutyunun yeni fırıldaqlarına göz yumar. Di gəl, bu versiyalar hətta hipotetik ehtimallar üçün ağlabatan deyil. Çünki daşnaklarla Sarqsyanın dəstəsinin parlamentdə yenidən nüfuzlu fraksiya yarada bilmələri Paşinyan üçün siyasi ölüm, sonra da devrilmə deməkdir.

Yəni yeni hakimiyyət köhnə iqtidarı darmadağın etmək əvəzinə daşnaklar, Sarukyan və Sarqsyan məharətlə Paşinyanı qarmağa salacaqlar. "Köhnələr" kuluar anlaşmalar və intriqalar sahəsində usta olduqlarından onlar Nikol Paşinyanın hakimiyyətini, sadəcə, məhv edəcəklər.

Paşiyan bunu dərk etdiyindən əsla tələyə düşmək niyyətində deyil. O bilir ki, məhz kütlənin dəstəyi sayəsində xarici siyasətdəki sarsaq bəyanatlar verməyə cürət edirsə, daxili siyasətdə də aqressiv davranaraq düşmənlərinə ultimatumlar yollayır.

Serj Sarqsyanın başçılıq etdiyi siyasi qüvvə - ERP yeni parlamentdə çətin ki, təmsil olunsun.

Məsələ Köçəryanın formalaşdırdığı "Luys" və "Sasna Srer" birliyidir. Məhz bu birlik Sarqsyanın elektoratını onun əlindən almaqla yanaşı, daşnakları zəiflədəcək və ən başlıcası, hətta Nikol Paşinyanın tərəfdarlarını da özünə cəlb edəcək.

Robert Köçəryanın uğuruna, daha doğrusu "siyasi xortlama"sına imkan verməmək üçün Nikol Paşinyan amerikalı diplomatlara güvənməklə yanaşı, onları "xalqın iradəsi" idioması ilə şantaj edir.

Eynən Rusiya qarşısında şərtləri səsləndirərkən söylədiyi kimi.

"Mən Dağlıq Qarabağ məsələsində güzəştlərə hazıram, lakin xalqın iradəsi..." ifadəsini tez-tez işlədən Nikol Paşinyan amerikalı diplomatların səfəri ərəfəsində məhz "xalq" aksiomatikasını ön plana çıxarır, "xalq etiraz edir" deyir.

Nikol Paşinyanın parlament seçkilərində rəqiblərini üstələmək üçün son onilliklərdə Ermənistandakı iqtidarların kart-blanş saydığı, hakimiyyəti qorumaq üçün daim istifadə etdiyi Dağlıq Qarabağ münaqişəsi ritorikasına əl atacağı, hətta "xalqın etirazı eşidilməzsə, insanlarımız müharibəyə hazır olacaq" şantajını səsləndirəcəyi də istisna deyil.

Nikol Paşinyan üçün belə absurd, radikal bəyanatlar yenilik deyil ki...