“Ermənistanda əsirlikdə olan soydaşlarımızın gününə şükür edirik” – ŞƏHİD QARDAŞINDAN PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
1393

Elşən İsmayılov: “Evimi satıb banka olan kredit borcumu tam ödədim, icra məmuru məndən 1500 dollar tələb edir”

Şəki şəhəri Salman Mümtaz küçəsi ev 3/3 də yaşayan şəhid qardaşı İsmayılov Elşən Etibar oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. O, Şəki Məhkəməsinin İcra Şöbəsinin əməkdaşı Məmmədov Məmməd Əhməd oğlunun qanunazidd hərəkətlərdən narazıdır. Saytımız vasitəsilə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi təqdim edirik:
“Mən, İsmayılov Etibar “Bank of Baku”nun Şəki filialından 25 000 dollar kredit götürmüşdüm. Pulu vaxtı-vaxtında ödəyirdim. Son devalvasiyadan sonra ödəmələrdə problem yaranmışdır. Amma bankın 11 000 dollarını ödəmişdim. 2017-ci ildə iqtisadi vəziyyətimə görə ödəniş etmədim və bank məni məhkəməyə cəlb etdi.
Hazırda qətnamə icra edilməsi üçün Şəki şəhər Məhkəməsinin İcra Şöbəsində icra məmuru Məmmədov Məmməd Əhməd oğlunun icraatındadır. O, bank borcunun tam ödənilməsi barədə operativ olaraq mənə xəbərdarlıq etdi. Mən bank rəhbərliyilə bu məsləni bağlamaq üçün danışıqlar apardım. Mənim şəhid ailəsi olduğumu, öhdəmdə iki azyaşlının və şəhid anası olan anamın olmasını nəzərə alaraq razılaşdılar ki, “25 000 manat da pul nağd formada ödəsən, krediti tam bağlayarıq”. Əldə olunan razılaşma əsasında mən məcbur olub 40 000 manatlıq dəyəri olan evimi 25 000 manata təcili satdım ki, bankın borcunu ödəyim. Beləliklə, mən bankla olan borc məsləsinin həll olunmasını icra məmuru Məmmədə bildirsəm də, neçə gündür üstümə düşüb ki, bizi qəti maraqlandırmır ki, sən banka olan borcunu bağladın, bağlamadın. İstənilən halda bu iş bizim icraatda olduğu üçün bizə çatası 7%-i, yəni 1750 dollar pulu gətirməlisən ki, işi bağlayaq, yoxsa səni ciddi cəzalandıracam.
Aprelin 23-də çox əsəbiləşmişdim ki, mən bank borcunu şəxsi evimi satıb ödəyirəm. Yenə hədə-qorxu gəlir. Az qalmışdı ki, avtomobildən bıçağı götürüb özümü bıçaqlayıb öldürəm. Yaxşı ki, yaxın dostum Natiq yanımda idi. Birtəhər dilə tutub bıçağı əlimdən aldı. Üzümə bir-iki şillə vurandan sonra özümə gəldim. Başa saldı ki, “bir rüşvətxor gədədən ötrü niyə canına qıyırsan, get şikayət et ki, “motal məndən əl çəkmir””. Ağlıma batdı.
Hələ bu harasıdır. Şəki İcra şöbəsinin əzazilliyindən adam dəhşətə gəlir. İki həftə əvvəl Baş Göynük kəndindən olan tanıdığım iki qardaş Aqil və Azər Məmmədovlar yanıma gəlmişdilər ki, Azərin aliment işinə görə İcra Şöbəsinə çağırıblar və bizi səhərdən həbs edib axşamacan saxıladılar ki, alimenti təcili ödə. Başa saldıq ki, Azər Maştağada 2-3 ay ruhi xəstə kimi yatıb, müalicə alıb. Bu adam xəstə kimi qeydiyyatdadır. Biz bu sənədlərin surətini ikinci dəfə təqdim etdik. İndi xəstə Azərin şəxsiyyət vəsiqəsini qaytarıb vermirlər. O da indi Bakıda özünə lazım olan dərmanları ala bilmir. İnsan əziyyət çəkir. Aqil məndən xahiş edirdi ki, bəlkə kömək edəsən icradan qardaşımın vəsiqəsini almağa. Dedim vallah mənim özümün icra şöbəsində problemim var, getsəm mənə də problem olacaq.
Yəni Şəki İcra Şöbəsində mənim və digərlərinin başına gətirilən müsibətləri görəndə adam Ermənistanda əsirlikdə olan soydaşlarımızın gününə şükür edir. Şəki İcra Şöbəsi niyə məhz “yağlı-pul çıxan” işlərin üstünə düşür. Seyflərində illərlə yığılıb qalan 1500 ədəd icra olunmamış məhkəmə qətnamələri var. Getsinlər icra etsinlər. Hazırda Şəki İcra şöbəsində 10 nəfər kişi işçi və 30 nəfər cavan qızdan ibarət “ işçi”lər var. Bu 30 incəbel xanımların vəzifələri isə ancaq əsas işçi olan kişi işçilərə çay, kofe, su, blinçik, dönər gətirib bu məmurlara qulluq etməkdir. Xanımların kağız-küğuzla məşğul olmaması adamda nəsə şübhə oyadır. Məlumata görə, bu xanımlar 150-200 manat qarşılığında işləyirlər.
Çoxhörmətli cənab Prezidentimizdən, hörmətli nazirimiz Fikrət müəllimdən xahiş edirəm ki, Şəki İcra şöbəsində sadə vətəndaşlara qarşı tətbiq edilən aqressiv yanaşmalara son qoyulmasını və məndən Bankla razılaşıb kreditimi tam həcmdə ödədiyimi, şəhid ailəsi olduğumu nəzərə alaraq əsassız olaraq 7% pul (1750 dollar ) tutulmasını tələb edən və hədə-qorxu gələn icra məmuru Məmməd Məmmədovun qanunazidd hərəkətlərinə hüquqi qiymətin verilməsi barədə göstəriş verəsiniz”.

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.