Ermənistanda rus əsgərlərini ölkədən qovmaq kampaniyası başladı

Baxış sayı:
3484

Sosial şəbəkələrin erməni seqmentində ötən gündən etibarən Rusiyanın 102-ci hərbi bazasını Ermənistandan çıxarmaq çağırışının yer aldığı Facebook səhifəsi sürətlə tirajlanır. Virtualaz.org Rusiyada mənzillənmiş “EADaily” portalına istinadla xəbər verir ki, çağırışda hərbi bazanın Ermənistanın maraqlarına cavab vermədiyi və ölkə ərazisindən çıxarılmalı olduğu göstərilir.

Həmin səhifədə bir il əvvəl 102-ci hərbi bazanın sifarişi ilə Azərbaycan və Türkiyədəki vəziyyətlə bağlı araşdırmalar aparmış ekspertlərin fəaliyyəti “dövlətə qarşı yönəlmiş pis hərəkət” adlandırılır.

Səhifənin və orada yazılanların tirajlanması ilə “Soros” fondunun çoxdankı əməkdaşı, bu günlərdə Ermənistan hökumətində işə keçən və seçki məcəlləsində islahatları koordinasiya edən Daniel İnonisyan məşğuldur. Habelə baş nazirin birinci müavini Ararat Mirzoyanın keçmiş sözçüsü, bu yaxınlarda 2016-cı ilin aprel döyüşlərində ölən erməni əsgərləri barədə “yersiz ifadələr” işlətdiyi üçün işdən azad edilən Karpis Paşoyan 102-ci bazaya qarşı kampaniyanın fəallarındandır. Həmin Ararat Mirzoyanın özünü də Rusiyada “Amerikanın adamı” kimi tanıyırlar.

Sayt xatırladır ki, bu günlərdə müdafiə naziri David Tonoyan Ermənistan sərhədlərinin Rusiya hərbçiləri tərəfindən qorunması məsələsinə yenidən baxıla biləcəyini deyib. Habelə 102-ci bazaya dair müqavilənin şərtlərinə yenidən baxılmasının mümkünlüyü haqda danışıb.

“Ermənistanın yeni hökuməti Rusiya ilə müttəfiqlik münasibətlərinə sadiq olduğunu və 102-ci bazanın ölkə ərazisində dislokasiyasının vacibliyini desə də daxili informasiya məkanında rəhbər şəxslər tərəfindən ciddi antirusiya kampaniyası başladılıb və tədricən geniş miqyas alır”-sayt yazır.