Ermənistan üçün fəlakət SSENARİSİ: Azərbaycan bu ərazidə ən müasir silahlar...

Baxış sayı:
27301

Vyana görüşü vaxtı ABŞ-da erməni diasporu ilə toplantısında Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni müharibə yeni ərazilərdir” açıqlamasından sonra erməni hərbi birəşmələrinin Azərbaycana qarşı təxribat hücumlarının ola biləcəyi ehtimalı güclənib. Tonoyanın bu açıqlaması ritorik xarakter daşısa da, işğalçı ölkənin yeni ərazilər işğal etmək niyyətləri də istisna deyil. Xüsusilə, Azərbaycan torpaqlarını işğal edən Ermənistanda həmişə “Şimali Qarabağ” iddiaları olub. Bura Kür çayının cənubunda yerləşən Gürcüstan-Azərbaycan sərhədindəki bütün ərazilər daxildir.
Bu iddialar və “yeni ərazilərin işğalı” açıqlaması fonunda David Tonoyanın apreli 13-də Azərbaycanın Gədəbəy rayonunun Başkənd qəsəbəsinin əks tərəfinə gəlişi və müşahidələr aparması diqqət çəkir. Ermənilər Başkəndi “Arşaven” olaraq adlandırırlar. Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmişdi və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərində “erməni anklavı” olaraq qalırdı. 1992-ci ilin 6-8 avqust tarixlərində milli ordumuzun keçirdiyi əməliyyat nəticəsində Başkənd ermənilərdən təmizləndi və Qərb regionunda təhlükəsizlik təmin olundu. Ermənilər “Arşaven” adlandırdıqları Başkənd qəsəbəsini “Azərbaycanın işğalı altında” olaraq təqdim etməyə çalışırlar və bildirirlər ki, “Arşaven” (Başkənd) “Şimali Artsax”ın (Şimali Qarabağ) açarıdır”.
Bunun fonunda ABŞ-da erməni diasporu önündə “yeni müharibə yeni ərazilərdir” bəyanatı verən David Tonoyanın ölkəsinə qayıdandan sonra ilk olaraq Gədəbəy sərhədinə gəlişi və iddia etdikləri Başkənd qəsəbəsini müşahidə etməsi nə dərəcədə təsadüfdür?! Proseslərin analizi Ermənistanın Azərbaycana qarşı mümkün təxribatının məhz Başkənd qəsəbəsi istiqamətində ola biləcəyini deməyə əsas verir.
Sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli Publika.az-a açıqlamasında qeyd edir ki, Ermənistanın Başkənd qəsəbəsinə doğru təxribatı açıq təcavüz ola bilər:
“İnanmıram ki, ermənilər buna cəsarət etsinlər. Çünki bu ölkənin təcüvazkar siyasəti barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mövcuddur. Əgər belə bir hücum təşkil olunsa, ilk növbədə, Azərbaycan ordusu tərəfindən güclü cavab zərbəsi alacaqlar. Bizim ordumuzun Ermənistan ərazisinə daxil olmaması şərtilə. İkincisi isə Ermənistanın təcavüzkar dövlət olması barədə fikirlər indiyə qədər birtəhər malalanırdısa, bundan sonra bu reallıq açıq-aşkar ortaya qoyulacaq. Ermənistan bölgədə sülhün təminatı prosesinə ciddi əngəllər törədir. Azərbaycan BMT başda olmaqla, bütün beynəlxalq təşkilatların tribunasından Ermənistanı rüsvay edər. Bu fikri xüsusilə vurğulamaq istəyirəm ki, erməni nazir mülki şəxs olduğundan, hərbi prosesləri yaxşı bilmədiyindən daha çox psixoloji təzyiq vasitələrindən istifadə edir və Azərbaycanda psixoloji gərginlik yaratmağa çalışır. Belə hadisə baş verə bilməz. Azərbaycan ordusu Ermənistan ordusunun başını əzər”.
Hərbi ekspert Üzeyir Cəfərli isə qeyd edir ki, sözügedən bölgədə Azərbaycan Silahlı Qüvvələrinin xüsusi şəraitə uyğunlaşmış xüsusi təlimli hərbçiləri xidmət göstərir:
“Orada qulluq edən cəngavərlər yüksək döyüş hazırlığına malikdirlər. Cəbhə bölgəsində bir neçə nöqtə var ki, orada Müdafiə Nazirliyi hər şeyi yüz ölçüb, bir biçib. Elə yerlər var ki, orada şəhər mühitində doğulub böyüyən əsgərlər xidmət etmir. Sırf dağlıq ərazilərdə böyüyən, hər çətin vəziyyətə dözə bilən şəxsi heyət xidmət keçir. Mən Tonoyana arzulayıram ki, o, səhvə yol versin və onu hansı nəticələri gözlədiyini görsün. Əgər müdafiə naziri tez-tez ön xətdə gedirsə, deməli, nəsə ciddi narahatlığı var. Təxribata gəldikdə isə ifadəmə görə üzr istəyirəm, hansı qələti edəcəklər ki? Onsuz da Azərbaycan əsgərinin əli qaşınır ki, onları cəzalandırsın. Yeri gəlmişkən, cəzalandırır da. İndi hər məlumat ictimailəşdirilmir deyə, o demək deyil ki, əsgərlərimiz müşahidə mövqeyində gözləyirlər. Onlar düşmənin layiq olduğu zərbəni vurublar, vururlar və vuracaqlar. Təxribat erməni tərəfindən həmişə olub, indi də var. Lakin Azərbaycan ordusu hər zaman tam hazırlıqlı vəziyyətdə olub və buna görə də ən ciddi təxribatlara cavab verirlər”.
Hərbi ekspert bildirir ki, sözügedən ərazi strateji nöqtə olduğu üçün orada ən müasir xaricdə istehsal olunmuş silahlar yerləşdirilib: “Həm gecəgörmə cihazları, həm də atış silahları orada elə bir səviyyədədir ki, düşməni həm susdurmaq, həm də cəzalandırmaq imkanlarımız var”.