“Ermənistan təmsilçisini yalan məlumatlarla Azərbaycanı ittiham etməkdənsə, reallıqlardan danışmağa çağırıram" - ​ATƏT-də ERMƏNİ DİPLOMATA CAVAB

ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun Polşanın paytaxtı Varşava şəhərində təşkil etdiyi illik Zirvə Toplantısında Ermənistanın ATƏT-dəki nümayəndəliyinin sədr müavini David Knyazyan Azərbaycanı ittiham edib. Diplomat iddia etməyə çalışıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi zonasında heç bir tarixi abidəni məhv etməyib. Əksinə, guya Ermənistan onların bərpası ilə məşğuldur. Ermənistan təmsilçisindən sonra söz alan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov onun sözlərinə sərt reaksiya verərək, erməni diplomatın yalan məlumatlar verərək, beynəlxalq ictimaiyyəti aldatmağa çalışdığını bildirib:
“Şuşada, Ağdamda, Kəlbəcərdə məscidlər dağıdılaraq, yerində erməni kilsələri inşa edilib. Azərbaycanın 20 faiz torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin ərazilərdə mövcud olmuş məscidlər, habelə tarixi-mədəni abidələr məhv edilib. Dağlıq Qarabağ və işğal olunmuş digər rayonlarda 1000-ə yaxın tarixi abidənin məhv edildiyi məlumdur. Bunlar faktdır. Mən Ermənistan təmsilçisini yalan məlumatlarla Azərbaycanı ittiham etməkdənsə, reallıqlardan danışmağa çağırıram. Onu da deyim ki, Bakının mərkəzində erməni kilsəsi indiyədək mühafizə olunur. Bu, Azərbaycanın bütün dinlərə və inanclara hörmətinin göstəricisidir”.