“Ermənistan Rusiyaya bir müttəfiq kimi lazım deyil” – SABİQ NAZİR

Baxış sayı:
223

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun müsahibəsini təqdim edirik:
 
- Ermənistanın baş naziri Serj Sərkisyan ona qarşı uzun sürən etirazlardan sonra istefaya getdi. Necə düşünürsünüz, Ermənistan bundan sonra Rusiyanın təsir dairəsindən uzaqlaşacaq?
 
- İlk növbədə onu qeyd etmək istəyirəm ki, Qarabağ klanı artıq Ermənistan hakimiyyətindən uzaqlaşıb. Levon Ter-Petrosyandan sonra Robert Köçəryan və Serj Sərkisyan Qarabağ klanını təmsil edirdi. Çox qəribə bir situasiya var idi ki, Ermənistanı idarə edənlər Qarabağdan çıxan Azərbaycan vətəndaşları idi. Təbii ki, ermənilər bunu heç vaxt qəbul etmirdilər. Ermənistan erməniləri bu və ya digər siyasi bəhanələr göstərərkən hakimiyyətdə qaldılar. Bu dəyişikliyin nə şəkildə olacağına gəlincə, istisna etmirəm ki, Ermənistanda daha qərbpərəst bir siyasətin elementlərini görəcəyik. Hesab edirəm ki, biz hər hansı illüziyadan uzaq olmalıyıq. Çünki Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən əsas işğallar Petrosyanın zamanında gerçəkləşib. Eyni zamanda, indi hakimiyyətə qayıdan erməni ziyalıları da yaxşı başa düşürlər ki, həm Türkiyə, həm də Azərbaycanla rəqabət apara bilməzlər. Onlar ciddi şəkildə öz siyasətlərini dəyişməlidilər və bu artıq onlara bəllidir.
 
- Sərkisyanın istefaya getməsi Dağlıq Qarabağla bağlı sülh danışıqlarını sürətləndirə bilərmi?
 

- Uzun müddətdir ki, Rusiyada Ermənistanı qulpu olmayan bir çamadan adlandırırlar. Bu onu göstərir ki, Ermənistan Rusiya üçün mənasız bir yükdür. Burada mənasız dedikdə, təbii ki, iqtisadiyyatdan söhbət gedir. Əslində, Ermənistanı maliyələşdirmək, bir dövlət kimi saxlamaq və müdafiə etmək üçün Rusiya tam şəkildə bütün xərcləri ödəyirdi. Ancaq Rusiya artıq maliyyə baxımından Ermənistanı mənasız bir yer hesab edir və Ermənistandan çıxmaq istəyir. Belə olan halda Ermənistan təbii olaraq hansısa ayrı bir güc mərkəzinə yaxınlaşmağa çalışacaq. Artıq o da bəllidir ki, Avropa İttifaqı ən azı Ermənistanın iqtisadi tələbatlarını ödəyəcək. Rusiyanın bu halda Qərblə bərabər Ermənistanın təhlükəsizliyini təmin edib-etməyəcəyini isə yaxın gələcək göstərəcək. Hesab edirəm ki, Rusiya öz mövqelərini saxlamaq üçün bir müddət Ermənistanın təhlükəsizlik tələbatlarını ödəyəcək. Baxaq görək, bu müddət nə qədər çəkəcək.
 
- Tofiq müəllim, Sərkisyanın getməsinin Dağlıq Qarabağ məsələsinin həllinə təsiri ilə bağlı yanaşmalar birmənalı deyil. Bu barədə nə düşünürsüz?
 

- Birincisi, Sərkisyanın qalmağı Azərbaycana ona görə sərf edirdi ki, o, Ermənistanı daxilən qatsın. Ancaq heç də güman etmək lazım deyil ki, Ermənistan bundan sonra öz siyasətini davam etdirəcək və İrəvanın parlaq gələcəyi var. Ümumiyyətlə, ölkəni istər Qarabağ klanı, istərsə də ermənilər özləri idarə etsin, Ermənistanın strategiyası kökündən səhvdir. Regionda kiçik Ermənistan güclü ölkələrin qarşısına çıxa bilməz. Yəni reallıqda onlara imkan versələr, təbii ki, Azərbaycanla sülhə razı olarlar. Çünki onlar ciddi başa düşürlər ki, Azərbaycan torpaq məsələsində güzəştə getməyəcək. İkincisi isə Azərbaycan siyasətinin əsas istiqaməti işğal olunmuş torpaqlarını azad etməkdir. Reallıq belədir və bunu başa düşməlidirlər. Üçüncü bir amil isə odur ki, Türkiyə bu məsələdə Azərbaycanın yanındadır. Nəhayət, ən əsası Ermənistan Rusiyaya bir müttəfiq kimi lazım deyil(axar.az).